EN

Reuters: COP29-da iqlim dəyişikliyi ilə mübarizəni maliyyələşdirmək üçün yeni vergi və yığımların tətbiqi müzakirə olunur

Azərbaycanda keçirilən COP29 iqlim danışıqlarında iqlim dəyişikliyi ilə mübarizə üçün lazımi maliyyələşməni təmin edə biləcək mümkün yeni vergilər müzakirə olunur. Təkliflər arasında gəmiçilik, aviasiya, qalıq yanacaqlar və maliyyə əməliyyatları üzrə vergilər, həmçinin varlı ölkələr və korporasiyalar üçün əlavə yığımların tətbiqi var. Məqsəd inkişaf etməkdə olan ölkələrə qlobal istiləşməyə uyğunlaşmaqda kömək etmək üçün illik 1 trilyon dollar və daha çox maliyyə hədəfinə çatmaqdır. Vəsait axtarışının istiqamətlərindən biri müxtəlif sektorlara vergilərin tətbiqidir.

“Report” xəbər verir ki, bu barədə “Reuters” yazıb.

Ən çox müzakirə olunan variantlardan biri dünya emissiyalarının 3 %-ni təşkil edən gəmiçiliyə yığımdır. Yığım modelləri karbon dioksid üçün ton başına 150 dollar sabit dərəcə nəzərdə tutur ki, bu da 2027-2030-cu illər ərzində illik 127 milyard dollar gətirə bilər. Avropa İttifaqı və Yaponiya ton başına 100 dollar yığımın tərəfdarıdır, Baham adaları və Liberiya isə təxminən 18,75 dollar kimi daha aşağı dərəcə təklif edir.

Digər əsas sektor dünya emissiyalarının 2%-ni təşkil edən aviasiya sektorudur. Təyyarə yanacağına, özəl təyyarələrə və lüks sinif biletlərinə yığımlar müzakirə olunur. Bu cür yığımların tətbiqi illik 19-164 milyard dollar gətirə bilər. Artıq 29 ölkədə aviasiya yanacağına və biletlərə yığımlar mövcuddur.

Həmçinin qalıq yanacaq növlərinə əlavə yığımlar da nəzərdən keçirilir. Məsələn, neft və qaz hasilatına yığım və ya enerji şirkətlərinin ifrat mənfəətinə vergi 216 milyard dollar toplamağa kömək edə bilər. 2023-cü ildə ən böyük neft-qaz şirkətlərinin ifrat mənfəətinə təklif olunan vergi təxminən 173 milyard dollar gətirə bilərdi.

Danışıqlarda maliyyə əməliyyatlarına yığım məsələsi də müzakirə olunur. Səhm və istiqrazların ticarətinə 0,1 % dərəcənin tətbiqi illik 419 milyard dollar gətirə bilər.

Karbon vergiləri də iqlim dəyişikliyi ilə mübarizədə vacib element kimi nəzərdən keçirilir. Hazırda 83 yurisdiksiyada dünya emissiyalarının 24 %-ni əhatə edən 75 karbon qiymətləndirmə mexanizmi mövcuddur. Lakin onların əksəriyyəti emissiyaların azaldılması məqsədlərinə nail olmaq üçün tələb olunan səviyyədən aşağıdır.

Sərvət vergisinin müzakirəsi də az əhəmiyyətli deyil. G20 çərçivəsində dünyanın təxminən 3 000 milyarderi üçün 2 % qlobal minimum sərvət vergisinin tətbiqi təklif olunub ki, bu da ildə təxminən 250 milyard dollar gətirə bilər.

Bundan əlavə, kriptovalyutalara və plastik çirklənməyə vergilər də qiymətləndirilir. 2022-ci ildə Qazaxıstan kriptovalyuta maynerlərinə vergi tətbiq etməyə başlayıb və bu əməliyyatlar üçün enerji istehlakına dünya vergisi 5,2 milyard dollar gətirə bilər. Cənubi Koreyada gələn həftə plastik tullantılarla mübarizəyə dair görüş keçiriləcək ki, burada ilkin plastik polimerlərin istehsalçılarına verginin tətbiqi də müzakirə olunur.

“Reuters” qeyd edib ki, bu təkliflər iqlim dəyişikliyi ilə mübarizə səylərinin maliyyə dəstəyinə yönəlmiş geniş tədbirlər spektrinin yalnız bir hissəsini təşkil edir.

Chosen
40
6
report.az

10Sources