EN

Böyük sabahlara inam

21 noyabr 1992-ci il tarixində Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilmiş və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçilmişdir. Yeni Azərbaycan Partiyası tariximizin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır.

O zamankı hakimiyyət dairələrinin Yeni Azərbaycan Partiyasının yaranmasına göstərdikləri maneələr, ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanları özlərinin ali məqsədlərindən döndərə bilmədi. Partiya qısa müddətdə mütəşəkkil siyasi qüvvə kimi formalaşmış və yüz minlərlə insanı ətrafında birləşdirmişdir. Xalqın Ümummilli lider Heydər Əliyevə olan inamı isə tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Ümummilli liderimizin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi yüksək etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Yeni Azərbaycan Partiyasının yaradılmasından 32 il ötür. Partiyanın keçdiyi keşməkeşli yola nəzər saldıqda ötən illər ərzində onun ümumxalq partiyası kimi Azərbaycan dövlətinin və xalqının həyatında mühüm əhəmiyyətli rol oynadığının şahidi olarıq.

2022-ci ilin noyabr ayının 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın yaranmasını tarixi hadisə kimi dəyərləndirib. Həmin dövrü təhlil edərkən xatırladıb ki, xalqımız o vaxt böyük faciələrlə üz-üzə qalmışdı, cəmi bir yaşı olan müstəqilliyimiz təhlükə altında idi: "Belə bir vəziyyətdə Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Bu müraciəti ünvanlayan məşhur “91-lər” öz tarixi missiyasını şərəflə yerinə yetirdilər. Çünki məhz bu müraciət əsasında, bu müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirilmişdir. Təsis konfransında ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayəndə iştirak edirdi və onların tarixi qərarları ölkəmizin yeni səhifəsinin açılmasına gətirib çıxardı."
Azərbaycan Respublikasının siyasi-ideoloji həyatında xüsusi əhəmiyyətə malik olan Yeni Azərbaycan Partiyasının keçdiyi çətin və məsuliyyətli yol ölkəmizdə tənəzzüldən böyük tərəqqiyə, böhrandan hərtərəfli müasir inkişafa və müasirləşməyə doğru gedişatın real mənzərəsini bütün gerçəklikləri ilə dolğun şəkildə əks etdirir. Əslində, Yeni Azərbaycan Partiyasının keçdiyi 32 illik çətin və şərəfli yol müstəqil Azərbaycan dövlətinin və xalqımızın müstəqil dövlətçilik ideallarına, Prezident İlham Əliyevin məqsədyönlü rəhbərliyi ilə ölkəmizin daha böyük sabahlarına dərin inam yoludur. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin "dəmir yumruğ"u ilə II Qarabağ-Vətən müharibəsində qazanılmış tarixi Zəfər qüdrətli lider faktorunun xalqın və dövlətin həyatında misilsiz rol oynadığını əyani surətdə sübut etmişdir.

Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri

Chosen
25
sesqazeti.az

1Sources