EN

"D Liqasını nəticə baxımından haqq edirik" - Aslan Kərimov 0:6-nı incələdi

UEFA Millətlər Liqasının qrup mərhələsinin son turunda səfərdə İsveçə 0:6 hesabı ilə uduzan Azərbaycan yığması D Liqasına yuvarlandı. Millinin sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb İsveçdə qeydə alınan nəticə barədə fikirlərini bölüşməsini istədik. 

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"İsveç millisinin gücünü Bakıdakı oyunda görmüşdük. Rəqibin hücum xətti həqiqətən çox xoş təsir bağışlayır. Müdafiə planında müəyyən boşluqları var. Bundan faydalanaraq qol vura bilərdik, amma reallıq belədir ki, gücümüz çatmadı. 0:6 hesabı təbii ki, gözlənilən nəticə deyildi. Milli sanki bütün gücünü noyabrın 16-da Qəbələdə Estoniyaya qarşı keçirdiyi oyunda qoymuşdu. Futbolçularımız ikili mübarizələrdə çox zəif təsir bağışlayırdılar. Əlbəttə, meydan sahiblərinin oyunçuları fiziki cəhətdən hazırlıqlı futbolçulardır. Onlara qarşı sığortalı şəkildə mübarizə aparmaq daha effektli alınardı. Bizim oyunçuların bir-birini sığortalamağa gücü çatmırdı. Qollara baxsaq, həddindən artıq ciddi xətalara yol verdik. Demək olar ki, bütün qollarda uşaq səhvləri izlədik. Digər tərəfdən, sistem və strategiya da doğru deyildi. Beş müdafiəçi ilə oynayırdıq və bu üzdən meydanın mərkəzində sıxlıq yarada bilmirdik. Aleksey İsayevlə Coşqun Diniyev meydanın mərkəzində köməksiz qalmışdılar. İki nəfər rəqibin üç-dörd futbolçusu ilə mübarizə aparırdı. Halbuki İsveç 4-4-2 düzümü ilə oynayırdı. Onların hücumdakı futbolçuları mərkəzə kömək edir, bəzən də müdafiəçiləri həmin zonada say çoxluğu yaratmağa yardımçı olurdular. Düzü, məğlub olacağımızı öncədən təxmin edirdik, amma belə hesabla yox... Əvvəlki müsahibələrimdə də bildirmişdim ki, İsveçdən xalla dönmək çətin missiyadır. Müdafiədə diqqətli və aqressiv futbol sərgiləyə bilsəydik, nəsə edə bilərdik. Bunun da öhdəsindən gəlmədik. Məncə, Estoniyadan güclü komandayıq. Onlara qarşı hər iki oyunda üstün futbol oynadıq. 180 dəqiqəyə bu rəibə bir qol vurmağı bacarmasaq da... Yəni D Liqasına düşməyi potensial olaraq haqq etmirdik. Bununla belə, qrupda estonlardan zəif nəticə göstərdiyimiz də faktdır. Deməli, D Liqasını nticə baxımından haqq edirik".

Nihat

Chosen
20
fanat.az

1Sources