Azərbaycan şahmatçısı, 36 yaşlı qrossmeyster Rauf Məmmədov Avropa çempionatında uğurlu çıxış edərək Dünya Kubokuna vəsiqə qazanıb.
Arena.az xəbər verir ki, təcrübəli qrossmeyster bu hüquqa Monteneqronun Petrovaç şəhərində keçirilən Avropa çempionatında yiyələnib.
Rauf Məmmədov yarışın son turunda Momçil Petkovla (Bolqarıstan) qarşılaşıb və qələbə qazanıb. Bununla da aktivindəki xalını 7,5-ə yüksəldən şahmatçımız çempionatı 14-cü yerdə bitirib. Bu mövqe ona Dünya Kubokuna vəsiqə verib. Yarışda iştirak etmiş digər təmsilçilərimiz ilk “20-liy”ə düşə bilməyiblər.
Qeyd edək ki, Məhəmməd Muradlı da çempionatı 7,5 xalla bitirib. Lakin o, əlavə göstəricilərə görə 22-ci pilləni tutub və Dünya Kubokuna vəsiqə əldə edə bilməyib.
Avropa çempionatında Azərbaycanı bütövlükdə 22 şahmatçı təmsil edib. Yarışın qalibi 9 xal toplayan serbiyalı Aleksandar İnciç olub. Avropa çempionatında ümumilikdə 395 şahmatçı iştirak edib. 100 min avro mükafat fondu olan yarışın qalibi 20 min avro qazanıb.