EN

Millimizin qədərini yaşayanlar

UEFA Millətlər Liqasında komandaların fərqli divizionda çıxış etməsi onların qüvvələr nisbətinə əsaslanır. Nəticədə eyni divizionda olan komandaların səviyyə fərqi də dünya və Avropa çempionatları seçmələrindəki qədər olmur. Bu amil də böyük hesabların, birqapıya çoxsaylı qolların çox olmamasını şərtləndirir. 6:0 Millətlər Liqası üçün ən böyük hesabdır. Ancaq bu acını ilk yaşayan Azərbaycan millisi deyil.

İdman.biz yığmamızın bu turnirdə qədər yoldaşlarını üzə çıxarmaq üçün araşdırma aparıb.

Cari mövsüm Millətlər Liqasında millimiz ən böyük hesaba üzülən komanda olub. Əvvəlki turnirlərdə isə bu hesab 4 dəfə qeydə alınıb. Onunla təsəlli tapaq ki, qədər yoldaşlarımız sırasında Almaniya kimi nəhəng komanda da var.

B və D liqalarında belə böyük hesab olmayıb. İlk belə hal ilk turnirdə A Liqasında qeydə alınıb. 2018-ci ilin 8 sentyabrında 1-ci turda İsveçrənin qonağı olan islandiyalılar qapılarında 6 qol görüblər. 3 gün sonra eyni liqada xorvatlar İspaniya səfərində eyni aqibəti yaşayıblar.

Növbəti turnirdə - 2020-ci ilin 17 sentyabrında ispanlar daha bir rəqibini bu cür məyus ediblər. Bu dəfə acını Almaniya yaşayıb. 6-cı turda yaşanan bu hadisə almanların yarımfinal yolunun qrup qalibliyini ələ keçirən ispanlar tərəfindən kəsilməsinə səbəb olub.

Daha bir belə hesab 2 il öncə 3-cü turnirdə - C Liqasında qeydə alınıb. İyunun 7-də 2-ci turda Litvanın qonağı olan Türkiyə səfərdən 6 qollu qələbə ilə dönüb.

Azərbaycan Millətlər Liqasında ən böyük hesablı məğlubiyyətə üzülən 5-ci komandadır.

Bir turnirdə 17 qolun buraxılması da tez-tez rast gəlinən hal deyil. Bunu millimizdən öncə 2022/2023-cü illər mövsümündə B Liqasında Ermənistan yaşayıb. Bu il isə A Liqasında Bosniya və Herseqovinanın da aqibəti eyni olub. Ancaq bundan da çox qol buraxan olub. 2022/2023-cü illər mövsümündə C Liqasında Cəbəllütariq 6 oyuna 18 qol buraxaraq millimizin indiki taleyini yaşayıb – D Liqasına yuvarlanıb.

Vüqar Məmmədov
İdman.biz

Chosen
27
idman.biz

1Sources