EN

Parlamentari: Şər-böhtan kampaniyası iflasa uğradı

Siyasi dəllallar Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirə bilmədilər


  Noyabrın 11-dən Bakıda start götürmüş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı - COP29 işini uğurla davam etdirir. Artıq mötəbər tədbiri baş tutmuş saymaq olar. Azərbaycanın toplantıya yüksək ev sahibliyi gerçəkləşdirdiyini də söyləmək üçün ciddi əsaslar var. Qətiyyətlə demək olar ki, COP29 müasir Azərbaycanın növbəti uğur hekayəsidir. COP29-a uğurlu ev sahibliyi ölkəmizi beynəlxalq ictimaiyyətə tamamilə yeni qiyafədə tanıtdı. Dünya ictimaiyyəti bir daha planetimizi qorumaq məsələsində öz mövqeyini ortaya qoydu. Aparılan müzakirələr təkcə liderlərin iştirakı ilə deyil, eyni zamanda ekofəalların, məsələyə münasibəti olan dairələrin iştirakı ilə baş tutdu. Sadə vətəndaşların yaşıl zonaya daxil olaraq müzakirələri kənardan izləmək, pavilyonları seyr etmək imkanının yaradılması yaşıl dünya fikrinin cəmiyyətdə formalaşmasında mühüm rol oynadı. Azərbaycan COP29-a gələn qonaqlara yaşıl dünyanı qorumaq üçün atdığı praktik addımları da göstərdi. Azərbaycan indiyədək bir çox dünyamiqyaslı tədbirlərə ev sahibliyi edib. COP29 uğuru, bir növ, bu təcrübənin təntənəsidir. Bu uğur gələcək mötəbər toplantılar üçün də bazadır. Ancaq onu da nəzərə alaq ki, nüfuzlu toplantılara ev sahibliyimiz heç də asan başa gəlməyib. Həmişə anti-Azərbaycan qüvvələr və dünya ermənipərəstləri ölkəmizi nüfuzdan salmaq, tədbirin reallaşmaması üçün əllərindən gələni ediblər. Lakin heç vaxt niyyətlərinə çata bilməyiblər və bu dəfə də eyni hal yaşandı. Bu dəfə də anti-Azərbaycan qüvvələr və ermənipərəst dairələr növbəti dəfə məğlubiyyətə uğradılar. 

  Millət vəkili, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə "Sherg.az"a açıqlamasında deyib ki, COP29 kifayət qədər ciddi, böyük və qlobal əhəmiyyətli tədbirdir. Deputat vurğulayıb ki, COP 1997-ci ildən bu yana hər il nüfuzlu ölkələrdən birində keçirilir: 

"COP-un 29-cu tədbirinin Azərbaycanda keçirilməsinə yekdilliklə qərar verildi. Bu qərarın özü Azərbaycanın diplomatik və siyasi uğuru kimi qiymətləndirilməlidir. Azərbaycan COP29-a kimi bir çox beynəlxalq tədbirlərə, idman yarışlarına ev sahibliyi edib və böyük təcrübələr qazanıb. Hər ötən tədbirdən sonra Azərbaycanla bağlı yüksəksəviyyəli fikirlərə şahidlik etmişik. COP29 da çox böyük və peşəkar təşkilatçılıq bacarıqları ilə seçildi və tədbirə qatılan bütün qonaqlar bunu yüksək dəyərləndirdilər. Artıq 10-cu gündür ki, tədbir davam edir. Təxminən 70 mindən artıq xarici qonaq qeydiyyatdan keçib və onların böyük hissəsi ötən günlər ərzində Bakıda olublar. 80-dən artıq dövlət və hökumət başçıları iki gün keçirilmiş Liderlər Sammitində iştirak ediblər. Onların hər biri tədbirin əhəmiyyətini vurğulamaqla yanaşı, konfransın təşkilatçılığı ilə bağlı da yüksək təəssüratlarını dilə gətirdilər. Konkret olaraq COP29-un baş tutduğunu demək mümkündür". 

  Parlamentari qlobal iqlimlə bağlı beynəlxalq tədbirin əleyhinə danışan, Azərbaycana qarşı açıq-aşkar qərəz nümayiş etdirən Qərb ölkələrinə, beynəlxalq təşkilatlara da münasibətini bildirib: 
"Xeyli müddət Azərbaycana qarşı şər-böhtan kampaniyası apardılar. Azərbaycanın COP29-a ev sahibliyi ilə bağlı qərar veriləndən sonra qərəzli kampaniya daha geniş vüsət aldı. COP29-la dünyanın diqqətinin Azərbaycana yönəldiyini görənlər bunu özləri üçün fürsət bildilər. Bundan istifadə edən bədxahlar, qələbəmizi, uğurlarımızı həzm edə biməyən ermənipərəst dairələr çirkin oyunlara baş vurdular. Əfsuslar ki, içimizdəki bəzi ünsürlər də bu kampaniyaya qoşuldular. Ancaq bu cəhdlərin heç biri nəticə vermədi, Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirə bilmədilər. Tədbirin yüksək səviyyədə keçirilməsi, liderlərin aktiv iştirakı, müəyyən razılaşmaların olması, sənədlərin imzalanması göstərdi ki, qərəzli hücumlar iflasa uğradı və Azərbaycan COP29-un təşkilatçılığını tam arzuolunan səviyyədə həyata keçirdi". 


Chosen
30
sherg.az

1Sources