EN

III Qlobal Səhiyyə Konfransı

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Ağız Boşluğunun Sağlamlığı və İqlim Dəyişikliyinin təsiri üzrə III Qlobal Konfrans keçirilib.

Səhiyyə naziri Teymur Musayev konfrans iştirakçılarına videomüraciətində iqlim dəyişikliyinin yaşayış coğrafiyasından asılı olmayaraq, bəşəriyyət üçün real təhlükəyə çevrildiyini bildirib. Qeyd edib ki, iqlim dəyişikliyi təkcə böyük iqtisadi itkilərə deyil, həm də insan tələfatına və insanların miqrasiyasına gətirib çıxarır. İqlim dəyişikliyinin sağlamlığa birbaşa və dolayı təsirləri elmi araşdırmaların ən aktual mövzusudur və ilkin nəticələr həyəcanvericidir.

COP29-da əsas müzakirə mövzusunun iqlim dəyişikliyinin nəticələrinə qarşı mübarizənin maliyyələşdirilməsinə həsr olunduğunu deyən nazir vurğulayıb ki, Ağız Boşluğunun Sağlamlığı və İqlim Dəyişikliyi üzrə III Qlobal Konfransın tarixi təsadüfən seçilməyib. COP29 tematik günlər ətrafında təşkil edildiyi üçün 18 noyabr uşaq və gənclər, sağlamlıq və təhsilə həsr olunan İnsan İnkişafı Günü kimi müəyyənləşib:

– İqlim dəyişikliyi gündəmində sağlamlığın əhəmiyyətini nəzərə alaraq, Azərbaycan sağlamlıq üçün milli və qlobal iqlim fəaliyyətində əsas qlobal əməkdaşlıq platforması olan İqlim və Sağlamlığın qorunması naminə Transformasiya Alyansına qoşulub və bu sahədə 2 il ərzində Alyansın həmtəşkilatçısı qismində fəaliyyət göstərəcək.

Fürsətdən istifadə edərək bütün COP29 iştirakçı ölkələrini birgə səylərimizi daha da artırmağa, eyni zamanda iqlim dəyişikliklərinə davamlı və aşağıkarbonlu səhiyyə sistemlərinin qurulmasına yönəlmiş Alyansa qoşulmağa dəvət edirəm.

İnsan sağlamlığının mühüm aspektlərindən biri də ağız boşluğunun sağlamlığıdır. İqlim dəyişikliyi qidalanma vərdişlərinin dəyişməsi, azqidalanma, təmiz suya çıxış çətinliyi və digər amillər səbəbindən ağız boşluğunun sağlamlığına ciddi təhlükə yaradır. Bu, səhiyyə resurslarını iqlim dəyişikliyi ilə bağlı sağlamlığa təsirlərə yönəlməsinə vacib edir.

Dövlət başçısının sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Qlobal məsələlər müzakirə edilərkən, həmrəylik amilinə xüsusi önəm verilməlidir. Gəlin, planetimiz və xalqlarımızın gələcəyini xilas etmək üçün səylərimizi birləşdirək.

Çıxış edənlər COP29-un stomatologiya üzrə beynəlxalq mütəxəssislərin bir araya gəlməsi və mürəkkəb çağırışlara hazırlaşması üçün gözəl fürsət olduğunu qeyd ediblər. Konfrans tematik müzakirələrlə davam edib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Zərifə BƏŞİRQIZI
XQ

Chosen
14
1
xalqqazeti.az

2Sources