EN

GÜNDƏM: Prezident Ağdamın azad olunması ilə bağlı paylaşım edib, şəhid ailələrinin mənzil təyinatı qaydaları dəyişib, Azərbaycan-İran əlaqələri müzakirə edilib

Azərbaycan Prezidenti İlham Əliyev Ağdamın işğaldan azad edilməsinin dördüncü ildönümü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

Fins.az xəbər verir ki, paylaşımda deyilir:

"Zəfər tariximiz – Ağdamın Ermənistan işğalından azad edilməsindən dörd il ötür.

#QarabağAzərbaycandır
#KarabakhisAzerbaijan".

* * *

Baş nazir Əli Əsədov “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası”nın təsdiq edilməsi haqqında qərar imzalayıb.

Fins.az xəbər verir ki, qərarla yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada saxlanılacaq.

Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının daim yaxşılaşdırılması ölkə başçısının bilavasitə rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Çoxşaxəli sosial müdafiə tədbirləri nəticəsində hazırda 20 adda təminat və sosial qayğı ilə əhatə olunmuş şəhid ailələrinin mənzil problemi də dövlətin xüsusi nəzarətindədir.

Bu baxımdan, şəhid ailəsinin üzvlərinə münasibətdə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçotun saxlanılması ilə bağlı dəyişikliyi nəzərdə tutan layihə bu sahədə növbəti müsbət addım olaraq dəyərləndirilməlidir. Belə ki, mövcud qanunvericilik sistemində yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması və yaxud saxlanılmaması ilə bağlı müddəa nəzərdə tutulmayıb.

* * *



"İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydaları"nda dəyişiklik edilib.

Fins.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Dəyişikliyə əsasən, Nazirlər Kabinetinin 2002-ci il 29 may tarixli 87 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydaları”nın 7-ci hissəsi (Eşitmə, görmə qabiliyyəti tam məhdud olan, görmə qabiliyyəti 40 faizdən az olan uşaqların təhsili sağlam uşaqlarla birlikdə təşkil edilə bilməz) ləğv edilir.

* * *

Cari ilin sonunadək qüvvədə olan bir sıra mis məmulatlarına (saflaşdırılmamış mis (elektrolitik saflaşdırma üçün mis anodları), mis və qalay əsasında ərintilər (tunc), saflaşdırılmış misdən prokat üçün biçmələr, mis və sink əsasında ərintilər (latun), mis əsaslı liqaturlar, saflaşdırılmış misdən mis çubuqlar və profillər) tətbiq olunan artırılmış ixrac rüsumlarının qüvvədə olma müddəti uzadılır.

Fins.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, 31 dekabr 2024-cü ilə qədər olan müddət 31 dekabr 2029-cu il tarixinədək uzadılır.

Başqa sözlə, 31 dekabr 2029-cu il tarixinədək yuxarıda qeyd olunan mis məmulatlarına 10 %, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla ixrac gömrük rüsumu tətbiq ediləcək. 31 dekabr 2029-cu il tarixindən sonra isə qeyd edilən mis məmulatlarının ixracı zamanı 1000 kq üçün 15 ABŞ dolları ixrac rüsumu alınacaq.

Qərara əsasən, eyni zamanda ixrac rüsumlarından yayınmanın qarşısının alınması məqsədilə 2026-cı il yanvarın 1-dən bir sıra əlavə mis məmulatları (saflaşdırılmış misdən katodlar və katodların seksiyaları, mis və sink əsasında ərintilərdən (latundan) çubuqlar və profillər, saflaşdırılmış misdən en kəsiyinin maksimum ölçüsü 6 mm-dən çox olan, en kəsiyinin maksimum ölçüsü 0,5 mm-dən çox olan və en kəsiyinin maksimum ölçüsü 0,5 mm– dən çox olmayan məftillər, saflaşdırılmış misdən, mis və sink əsasında ərintilərdən (latundan), mis və qalay əsasında ərintilərdən (tuncdan) və digər mis ərintilərindən rulonlarda qalınlığı 0,15 mm-dən çox olan mis plitələr, vərəqlər və zolaqlar və ya lentlər, saflaşdırılmış misdən, mis və sink əsasında ərintilərdən (latundan) düz mis borular və borucuqlar, mis ərintilərindən borular və ya borucuqlar üçün mis fitinqlər (məsələn, muftalar, dirsəklər, flanslar), elektrik izolyasiyası olmayan misdən burulmuş məftillər, troslar, hörmə şnurlar və analoji məmulatlar, şaybalar (yaylı şaybalar daxil olmaqla), misdən tökmə, fasonlu, ştamplanmış və ya döyülmüş, lakin sonrakı emala məruz qalmamış məmulatlar, ) üzrə ixrac rüsumları da artırılır, 31 dekabr 2029-cu il tarixinədək 1000 kq üçün 300 ABŞ dolları olacaq.

Hazırda həmin mis məmulatlarının ixracı zamanı 1000 kq üçün 15 ABŞ dolları ixrac rüsumu alınır.

* * *

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 20-də İran İslam Respublikasının mədəni irs, turizm və əl işləri sənayesi naziri Reza Salehi Amiri ilə görüşüb.

Fins.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, görüşdə COP29-un Bakıda yüksək səviyyədə təşkil olunduğu məmnunluqla vurğulanıb.

Azərbaycanın COP Sədrliyi dövründə müəyyən etdiyi prioritetlərdən birinin də turizm sahəsində iqlim fəaliyyəti olduğu diqqətə çatdırılıb.

Söhbət zamanı Azərbaycan-İran əlaqələrinin hazırkı vəziyyəti, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.

Chosen
41
fins.az

1Sources