EN

Fransa Azərbaycanın səfirinə qarşı təzyiqlərə başladı...

Image

Yadigar Məmmədli: “COP29-da neokolonializm əleyhinə səsləndirilən tənqidi fikirlər tamamilə əsaslıdır”

Noyabrın 19-da Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Azərbaycan səfiri Prezident İlham Əliyevin COP29-un açılışındakı çıxışı zamanı Fransanın ünvanına səsləndirdiyi fikirlərdən sonra dəvət olunub.

Prezidentin bu çıxışından sonra Fransanın energetika, iqlim və risqlərin qarşısının alınması naziri Anyes Pannye-Runaşe BMT-nin iqlim konfransında iştirak etmək üçün nəzərdə tutduğu Bakı səfərini ləğv edib. Fransa XİN-in bəyanatında həmçinin COP29 kontekstində Azərbaycan rəhbərliyinin Fransa və avropalılara qarşı söylədiyi fikirlər “qəbuledilməz” adlandırılıb. Qeyd olunub ki, Azərbaycan Fransaya düşmənçilik hərəkətlərinə son qoymalıdır.

Məlumat üçün xatırladaq ki, Prezident Əliyev noyabrın 13-də COP29-dakı çıxışında Fransanı keçmiş müstəmləkələrindəki fəaliyyətini tənqid edib.

Fransa müstəmləkələrdə törətdiyi cinayətləri etiraf etməkdənsə, buna görə utanc duymaqdansa, utanmadan Azərbaycan səfirini XİN-ə çağıraraq hücum mövqeyindən çıxış edir.

“Fransanın utanc doğuran bir keçmişi var və buna görə tarix qarşısında cavab verməlidilər”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən media eksperti Yadigar Məmmədli hesab edir ki, bütün bunlar Fransa hakimiyyətinin riyakarlığının göstəricisidir: “Fransanın xarici siyasət idarəsi aşkar təxribatla məşğuldur. Özü də bunu açıq formada etməyə çalışırlar. O baxımdan səfirimizin Fransa XİN-ə çağırılması qəbuledilməzdir. Fransa bütün vasitələrlə çalışır ki, Avropanın ictimai rəyində anti-Azərbaycan ovqatı formalaşdırsın. Makron öz uğursuz idarəçiliyinin hesabını vermək əvəzinə, Azərbaycanı hədəf alır. İctimai rəyi ölkədəki problemlərdən yayındırmağa çalışır. Bu baxımdan Makron administrasiyası olduqca rəzil və miskin durumdadır. Onlar daxili idarəçilikdəki səriştəsizliklərini xarici müstəvidə “kompensasiya” etməyə çalışırlar. Halbuki, bu yolla nəyəsə nail ola bilməyəcəklər. Məsələ ondadır ki, COP29-da neokolonializm əleyhinə səsləndirilən tənqidi fikirlər tamamilə əsaslıdır. Fransanın utanc doğuran bir keçmişi var və buna görə tarix qarşısında cavab verməlidilər. Üstəlik, COP29-da bununla bağlı Fransanın ünvanına kəskin tənqidi fikirlər səsləndirilməyib. Söz və ifadə azadlığından dəm vuran Fransa yüngülvarı tənqidə dözümsüz yanaşır və bunu əlində bayraq edərək Azərbaycana qarşı təxribat törədir. Çünki faktlar var idisə, o zaman buyurub deyərdilər, tənqidlərin əskini deyərdilər. Ancaq buna cəsarətləri çatmadı. Çünki deyəcək sözləri, əks arqumentləri yox idi. Reallıq odur ki, Fransa neokolonializmi nəinki insanların həyatını dözülməz hala salır, həm də ekologiyaya sağalmaz zərərlər vurur”.

Vidadi ORDAHALLI





Chosen
37
50
baki-xeber.com

10Sources