EN

2025-ci ilin büdcə zərfinin müzakirəsində bunlar anons edildi - detallar

Noyabrın 21-də Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclası keçirilib. Musavat.com bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir.

İclasın gündəliyinə 5 məsələ - “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında”, habelə “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda daxil edilib.

Əvvəlcə, iclasda Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihələrini təqdim edib.

Komitə sədri dövlət siyasətinin mühüm istiqamətlərindən biri olan sosial müdafiə və sosial təminat sahəsində ölkədə aparılan islahatların vətəndaşlarımızın sosial rifah halının qorunmasına və yüksəldilməsinə təminatlar yaratdığını söyləyib. Qeyd edib ki, müzakirəyə təqdim olunan “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsi də sosial ədalət və sosial rifah prinsiplərinə xidmət edən bu ali niyyəti rəhbər tutaraq tərtib edilib.

Musa Quliyev diqqətə çatdırıb ki, Fondun 2025-ci il üzrə xərclərinin maliyyələşdirilməsi üçün maliyyə mənbəyi 7 milyard 676 milyon manat nəzərdə tutulur ki, bu da 2024-cü il ilə müqayisədə 727 milyon manat və ya 10,5% çoxdur. Fondun maliyyə mənbəyinin 7 milyard 617 milyon manatlıq hissəsini Fondun gəlirləri, 59 milyon manatlıq hissəsini isə Fondun əvvəlki illərdə yaradılmış ehtiyatından 2025-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən vəsait təşkil edir.

Fondun 2025-ci il üçün gəlirlərinin 78,1% və ya 5 milyard 997 milyon manatının məcburi dövlət sosial sığorta (MDSS) daxilolmaları üzrə formalaşacağı proqnozlaşdırılır. Bu isə cari ilin müvafiq göstəricisindən 519 milyon manat və ya 9,5 % çoxdur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 66,1%-i qeyri-büdcə sektorunun, 33,9%-i isə büdcədən maliyyələşən təşkilatların hesabına təmin ediləcək.
Dövlət Sosial Müdafiə Fondunun xərcləri ilə bağlı qeyd edilib ki, Fondun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,52%-ni və ya 7 milyard 408 milyon manatını əhaliyə ödənişlər təşkil edəcək. Əhaliyə ödənişlər üzrə xərclərin 7 milyard 210 milyon manatı əmək pensiyalarının, 198,4 milyon manatı isə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin payına düşür. Əhaliyə ödənişlərin 2025-ci il üçün nəzərdə tutulmuş proqnozu 2024-cü ilin təsdiqlənmiş proqnozundan 702,4 milyon manat, yaxud 10,5% çoxdur. Əmək pensiyalarının orta aylıq məbləğinin 2025-ci ildə 535 manat olacağı, yaşa görə pensiyanın orta aylıq məbləğinin 571 manata yüksəlməsi proqnozlaşdırılır.

Komitə sədri bildirib ki, növbəti ildə əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin müştərək maliyyələşdirilməsi, eləcə də pensiya və müavinətlərin əhaliyə çatdırılması və bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri ümumilikdə 87 milyon manat məbləğində nəzərdə tutulur. O, vurğulayıb ki, ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası sosial sahədə 159 xidmətin “bir pəncərə”dən, operativ, şəffaf, innovativ əsasda təqdim olunmasına imkan yaradıb. Hazırda ölkə üzrə 7 DOST mərkəzi, o cümlədən Şuşa filialı və Ağalı "Smart DOST" xidmət məntəqəsi fəaliyyət göstərir. Bu mərkəzlərə cari ildə 720 mindən çox vətəndaşımız müraciət edib və məmnunluq indeksi 98.3% təşkil edib.

2025-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə, 3 yaşına çatanadək uşaqlara qulluğa görə və dəfn üçün müavinətlərin maliyyələşdirilməsinə 198,41 milyon manat vəsait nəzərdə tutulub ki, bu da cari ilin təsdiqlənmiş proqnozuna nisbətən 9,3%, yaxud 16,83 milyon manat çoxdur. Sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsi ilə maliyyələşdiriləcək xərclər 25 milyon manat olacaq.
Qeyd edilib ki, Fond tərəfindən investisiya fəaliyyəti dövründə ümumilikdə 67.18 milyon manat gəlir əldə edilmiş və 2024-cü ilin sonuna qədər əlavə olaraq 15,82 milyon manat gəlir əldə olunması gözlənilir. Fondun investisiya gəlirlərindən şəhid ailələri və müharibə əlillərinin mənzil və ya fərdi evlərlə təmin edilməsi, məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması və sair istiqamətlərdə sərf edilir.
Musa Quliyev Azərbaycan Prezidenti tərəfindən təqdim edilmiş qanun layihəsinin ölkə qanunvericiliyinin tələblərinə uyğun hazırlandığını, sosial və büdcə siyasətinin ümumi məqsədlərinə, Azərbaycan Respublikasının büdcə sisteminin vahidlik və müstəqillik prinsiplərinə müvafiq olduğunu və gələn il pensiya və müavinət alan vətəndaşlarımızın sosial rifahının yaxşılaşması üçün etibarlı təminat yaradacağını vurğulayıb.
Sonra komitə sədri “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsi barədə məlumat verib. O, növbəti ildə Fondun gəlir və xərclərinin bərabər olmaqla 260 milyon 700 min manat nəzərdə tutulduğunu, bunun cari ildəkindən 22,7 milyon manat, yaxud 9,5% çox olduğunu söyləyib.
Bildirilib ki, növbəti ildə İşsizlikdən Sığorta Fondunun xərcləri 13 istiqaməti əhatə edəcək. Xərclərin 29,5%-i özünüməşğulluq tədbirlərinin, 13,4%-i peşə hazırlığı və əlavə təhsilin təşkili xərclərinin maliyyələşməsinə yönəldilməklə, ümumilikdə isə 55% vəsait aktiv məşğulluq tədbirləri istiqaməti üçün nəzərdə tutulub.
Cari ilin təsdiqlənmiş büdcə layihəsi ilə müqayisədə 2025-ci ildə işsizliyə görə sığorta ödənişləri xərclərinin 2 milyon manat yaxud 13,3%, özünüməşğulluq tədbirlərinin maliyyələşdirilməsi xərclərinin 4 milyon manat yaxud 5% artırılması nəzərdə tutulur. 2025-ci ildə İSF hesabına 8 min nəfərin özünüməşğulluq proqramına qoşulması nəzərdə tutulur. Bununla da 2017-ci ildən 2025-ci il daxil olmaqla özünüməşğulluq proqramı ilə əhatə olunacaq şəxslərin sayı 100 min nəfər təşkil edəcək.
Növbəti il üçün Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinə 9 milyon manat vəsait ayrılması nəzərdə tutulur.
Sonra iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihələr ilə bağlı fikirlərini açıqlayıb. O, bildirib ki, Azərbaycan dövləti tərəfindən ardıcıl sosialyönümlü siyasət həyata keçirilir. Ölkədə əhalinin rifah halının və sosial təminatının yüksəldilməsi, həyat şəraitinin daha da yüksəldilməsi istiqamətində bir çox layihələr icra olunur.

Nazir 2025-ci ilin dövlət və icmal büdcələrinin sosial çağırışlara cavab verdiyini, burada sosialyönlü xərclərin prioritet təşkil etdiyini söyləyib. O, qeyd edib ki, dövlət büdcəsində növbəti il üçün sosialyönümlü xərclərə 16,9 milyard manat məbləğində vəsait ayrılıb. Elm, təhsil, səhiyyə, sosial müdafiə, mədəniyyət, incəsənət və bu qəbildən olan sosial xərclər üzrə növbəti ilin büdcəsi 12,6 milyard manat təşkil edəcək. Sosial müdafiə, sosial təminat xərcləri 4,8 milyard manat vəsait nəzərdə tutulub.

Sahil Babayev diqqətə çatdırıb ki, növbəti ildə Dövlət sosial müdafiə fondunun büdcəsinin gəlir və xərcləri 7,7 milyard manat məbləğində proqnozlaşdırılır. Fondun məcburi dövlət sosial sığorta haqları üzrə gəlirləri 6 milyard manat məbləğində müəyyən olunub. Büdcədən maliyyələşən təşkilatlar üzrə artım 135 milyon manat, qeyri-büdcə təşkilatları üzrə artım isə 385 milyon manat olaraq proqnozlaşdırlır. Transfertin həcmi 1,6 milyard manat müəyyən edilib. Növbəti ildə transfertin Fondun cari xərclərindəki payı 20,8 faiz təşkil edəcək. Xərclərin 96 faizi yaxud 7,4 milyard manatı əhaliyə ödənişlərin payına düşür. Əmək pensiyalarının maliyyələşdirilməsinə 7,2 milyard manat vəsait yönəldiləcək. Məcburi dövlət sosial sığorta hesabına verilən müavinətlər üzrə 198,4 milyon manat vəsait ayrılıb. Həyata keçirilən sosial islahatlar nəticəsində Dövlət sosial müdafiə fondunun beynəlxalq təşkilatlar tərəfindən 50 mükafat və sertifikata layiq görüldüyü də qeyd edilib.

Bildirilib ki, 2019-2024-cü illər ərzində həm Dövlət Vergi Xidmətinin əlavə yığımı, həm də əsassız pensiya ödənişlərinin aradan qaldırılması nəticəsində ümumilikdə 3,1 milyard manat vəsait ələ edilib. Bu vəsaitin 1,6 milyard manatı dövlət büdcəsinə ödənilib, 1,5 milyard manatı isə investisiyaya yönəldilib. İnvestisiya fəaliyyəti nəticəsində əldə edilən vəsait şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlərlə təmin edilməsinə, keçmiş məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına və digər istiqamətlərə yönəldilib.

Sonra İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında məlumat verən Sahil Babayev Fondun gəlir və xərclərinin 260,7 milyon manat təşkil etdiyini deyib. Qeyd edilib ki, bu məbləğin sığorta haqları gəlirləri hissəsi 206 milyon manatdır. Dövlət Məşğulluq Agentliyi tərəfindən məşğulluq tədbirləri ilə əhatə olunacaq şəxslərin sayı 2025-ci ildə 400 min nəfər müəyyən edilib.

Bildirilib ki, işsizliyə görə sığorta ödənişləri çərçivəsində növbəti ildə 17 milyon manat məbləğində vəsait proqnozlaşdırılır. Əhalinin özünəməşğulluğunun təmin olunması üçün 77 milyon manat vəsait ayrılıb və 8 min ailədə mikro və kiçik biznesin yaradılması planlaşdırılır. Növbəti ildə peşə hazırlığı və əlavə təhsil üçün 35 milyon manatın ayrılması və 16 min nəfər işsiz və işaxtaran şəxsin peşə hazırlığına cəlb edilməsi nəzərdə tutulur, ölkədə 105 əmək yarmarkasının təşkil olunması planlaşdırılır. Növbəti ildə də yeni sosial islahatlar paketinin həyata keçirilməsinin, o cümlədən minimum əməkhaqqının, minimum pensiyaların, sosial müavinət və təqaüdlərin artırılmasının, pensiyaların indeksləşdiriıməsinin nəzərdə tutulduğu qeyd edilib.

Sonra iclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış edərək, Dövlət sosial müdafiə fondunun və İşsizlikdən sığorta fondunun 2025-ci il üzrə dövlət büdcələri layihələrinə dair Palatanın rəylərini səsləndirib. O, bildirib ki, hər iki sənəd müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq hazırlanıb. Rəydə DSMF və İSF büdcələrinin gəlir və xərclərinin təhlili aparılıb, pensiya təminatı sisteminin dayanıqlığı ilə bağlı qeydlər yer alıb, Palatanın tövsiyələri öz əksini tapıb.

Tədbirdə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov çıxış edib. O, təqdim edilən qanun layihələri barədə fikirlərini açıqlayaraq, rəhbərlik etdiyi komitə tərəfindən DSMF və İSF-in büdcə layihələrinin dəstəkləndiyini söyləyib. Bu Fondların büdcələrinin dövlətin sosial müdafiəsinin təmin edilməsi üçün maliyyə mexanizminin təşkil etdiyini deyib.
Komitə sədri ölkənin iqtisadi strategiyasının əsas hədəflərinin qüdrətli dövlət və yüksək rifah cəmiyyətinin qurulması olduğunu və bu strategiyada əsas amilin güclü iqtisadiyyatın formalaşması olduğunu qeyd edib. Yüksək həyat səviyyəsinin təmin edilməsi, o cümlədən gəlirlərin artırılması, sosial müdafiə sisteminin inkişafı üçün müvafiq maliyyə təminatının yaradılmasının əhəmiyyətindən bəhs edib. O, bildirib ki, 2025-ci ildə makro-iqtisadi sabitliyin təmin edilməsi, inflyasiyanın cilovlanması əsas hədəflərdən biri kimi müəyyən olunub. İqtisadi siyasətlə sosial siyasətin əlaqələndirilməsi ilə bağlı fikirlərini bölüşüb. Hər iki Fondun sosial müdafiənin təşkili baxımından əhəmiyyətli rol oynadığını söyləyib.
Sonra iclasda İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsini təqdim edib. Sənədə əsasən, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib.
Tədbirdə Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov “Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi barədə məlumat verib. Layihədə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat məbləğində müəyyən edilib.

Gündəliyin sonuncu məsələsi olan “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev məlumat verib. O bildirib ki, layihə 3 qanun üzrə 4 dəyişikliyi özündə ehtiva edir.

Dəyişikliklərdə birinci istiqamət gəlir vergisi, işsizlik, tibbi və sosial sığorta barədə hesabatların təqdim edilməsi vaxtlarının tənzimlənməsi ilə bağlıdır. İkinci əsas mahiyyət xarakterli digər dəyişiklik həyatın yığım sığortası sahəsində sosial sığorta üzrə güzəştlərin məhdudlaşdırılması ilə bağlıdır. Belə ki, həyatın yığım sığortası sahəsində sosial sığorta ilə bağlı güzəştlərin dövlət sektoruna münasibətdə 2025-ci ildən ləğvi təklif olunub.

Layihədə təsbit olunan tənzimləyici keçid müddəalarını da şərh edən Adil Vəliyev vurğulayıb ki, həyatın yığım sığortası sahəsində sosial sığorta ilə bağlı güzəştlərin dövlət sektoruna münasibətdə ləğvi gələcəkdə DSMF-nin gəlirlərinin artmasına şərait yaradacaq.

Gündəlikdəki məsələlərin müzakirəsində Əmək və sosial siyasət komitəsi sədrinin müavini Elşad Musayev, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov, həmin komitələrin üzvləri Jalə Əliyeva, Əli Məsimli, Vüqar Bayramov, Aydın Hüseynov, Əlibala Məhərrəmzadə, Əziz Ələkbərov, Müşfiq Cəfərov çıxış ediblər, 2025-ci ilin büdcə layihəsi barədə fikirlərini və bəzi qeydlərini açıqlayıblar.
Azərbaycan Respublikasının Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev səsləndirilən fikirlərə münasibət bildirib.

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev iclasa yekun vuraraq qanun layihələri ilə bağlı səmərəli müzakirələrə görə tədbir iştirakçılarına təşəkkür edib.

Müzakirələrin sonunda iclasda təqdim edilən 5 qanun layihəsinin hər biri birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Tədbirdə Milli Məclisin deputatları, aidiyyəti qurumların struktur bölmələrinin rəhbərləri və digər rəsmi şəxslər iştirak ediblər.

Musavat.com

Chosen
13
4
musavat.com

8Sources