EN

ABŞ senatorlarının Bakıdauydurduqları yalanlar...

İnanmaq çətindir ki, “dünyanın altından və üstündən xəbərdar olan” bir dövlətin ali qurumunda təmsil olunanlar uzaq olmayan keçmişdə baş verənlərdən bu qədər “xəbərsizdir...”

ABŞ senatorları Edvard Marki və Şeldon Uaythaus COP29 çərçivəsində Bakıda keçirilən brifinqdə Ermənistanı dəstəklədiklərini bildiriblər və çoxdan ləğv edilən “Dağlıq Qarabağ” adlı bədnam qurumdan “məcburi köçkün edilmiş ermənilərin” geri qaytarılması hüququnu vurğulayıblar. Senator Edvard Marki xüsusilə Azərbaycanda “saxlanılan məhbusların azad edilməsinə” və “ermənilərinin geri qayıtmaq hüququnun təsdiqlənməsinə” çağırıb. “Biz hesab edirik ki, məhbuslar azad edilməli və ermənilərin Dağlıq Qarabağa qayıtmaq hüququ qorunmalıdır”, - amerikalı senator bildirib. (Bakıxeber.com). Senator Şeldon Uaythaus da öz növbəsində Ermənistanı dəstəklədiklərini qeyd edib: “Mən və senator Marki Ermənistanı dəstəkləyirik. Bu qədər erməninin deportasiya edilməsinə çox təəssüflənirik. Yumşaq desək, baş verənlərdə ermənilərin günahkar olduğuna inanmaq fikrindən uzağam”. 

O da məlum olub ki, Marki ABŞ-a qayıtdıqdan sonra da yalanlarını davam etdirib. Bu barədə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Bəlli olub ki, Bakıda səfərdə olarkən Markini onun xahişi ilə qəbul edib, Azərbaycan həqiqətləri haqda ətraflı məlumat verib. “Senatın üzvlərinə erməni lobbisinin alətinə çevrilməkdən çəkinməyi tövsiyə etdim. Biz regionda Ermənistanla sülhə doğru addım-addım irəliləyirik. Lakin bəzi ABŞ qanunvericiləri erməni lobbisinin təhriki ilə regional sülhə mane olur, yerdəki reallığı qəbul etməkdən imtina edir və bizi keçmişə sürükləməyə çalışırlar”, - deyə H.Hacıyev bildirib. 

İnanmaq çətindir ki, “dünyanın altından və üstündən xəbərdar olan” bir dövlətin ali qurumunda təmsil olunanlar uzaq olmayan keçmişdə baş verənlərdən bu qədər “xəbərsizdir”. Yəni dünya siyasətindən ortabab biliyə malik olan hər bir siyasi persona bilir ki, 30 il əvvəl, ötən əsrin 88-ci ilində ermənilərin başlatdığı münaqişə nəticəsində 300 min azərbaycanlı Ermənistan vətəndaşı qaçqın, Azərbaycanın yeddi rayonundan və Dağlıq Qarabağdan isə 700 min Azərbaycan vətəndaşı məcburi köçkün düşüb. Azərbaycanın 20 faiz ərazisi Ermənistan tərəfindən 30 il işğalda saxlanılıb. Həmin dövr ərzində Amerikanın müxtəlif səviyyəli bəyanatları olub ki, Vaşinqton Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Baxmayaraq ki, ərazisinin bir hissəsi Ermənistanın işğalı altındadır. Bununla yanaşı, BMT-nin dörd qətnaməsi var ki, orada Ermənistandan işğal etdiyi Azərbaycan ərazisindən çıxmaq tələb edilib. 

“Qaçqın dedikləri ermənilər” ölkəmizin qanuni ərazisində Azərbaycan vətəndaşlığı təklifini rədd ediblər və bu, rəsmi danışıqlarda təsdiqlənib. Üstəlik, ermənilər bu torpaqlardan könüllü gediblər, onlardan birinin belə burnu qanamayıb ki, bunu da təsdiq edən yüzlərlə süjet, fraqmentlər var. Senatorların “erməni əsirlər” adlandırdığı hərbi-siyasi cinayətkarlar minlərlə azərbaycanlının işgəncə ilə edam olunmasını ya həyata keçirib, ya da onu təşkil edib. Bunu özləri açıqlamaları ilə təsdiq də ediblər. Yaxın zamanlarda separatçı liderlərin başlayacaq məhkəməsində də bu faktlar öz hüquqi təsdiqini tapacaq. Bəs o halda dünyanın ən savadlı və qanunpərəst dövlətinin senatorları niyə israrla bu boyda yalanı ictimailəşdirərək ən əvvəl özlərini gülünc vəziyyətə salırlar? Və ekoloji bir konfransı fürsət bilib erməni dərdi çəkirlər... Bəli, hansısa dövləti dəstəkləmək onların şəxsi işidir, amma bunu Azərbaycana qarşı istifadə etmək haqlı şübhələrə yol açır. 

Yeri gəlmişkən, bugünlərdə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, “Dağlıq Qarabağdan olan soydaşlarımız sürətləndirilmiş qaydada Ermənistan vətəndaşlığı ala bilərlər”. “Bunun üçün İrəvandakı Miqrasiya və Vətəndaşlıq Xidmətinə, rayonlarda isə Daxili İşlər Nazirliyinin ərazi bölməsinə getmək, ərizə yazmaq və müvafiq sənədlər təqdim etmək lazımdır. Bundan sonra bir-iki ay ərzində sizə Ermənistan prezidentinin fərmanı ilə Ermənistan vətəndaşlığı verildiyi barədə qısa mesaj gələcək. Növbəti addım olaraq, Ermənistan Respublikasının vətəndaşı kimi yeni pasport almaq üçün ərizə yazmalısınız”, - məlumatda qeyd edilir. Göründüyü kimi, nə ermənilər qayıtmağa həvəslidir, nə Ermənistan dövləti. Erməni DİN-in yaydığı bu xəbər də senatorların gözünə girməlidir ki, həqiqətləri bir daha görsünlər. 

Onsuz da Qarabağda yaşamış əksər ermənilər Ermənistan vətəndaşı idi, onlar “artsax” sənədi ilə xarici ölkələrə gedə bilməzdilər. İndi də yerdə qalanına vətəndaşlıq almağa başlayıb. Yəni İrəvan və Qarabağdan getmiş ermənilər üçün bu kitab bağlanıb, amma ermənipərəst dairələr bu mövzunu təzyiq alətinə və ya təbliğat elementinə çeviriblər. Hərçənd bu kampaniyanın ciddi mənada effekti də yoxdur, BMT Faktaraşdırıcı Missiyası Qarabağda “etnik təmizləmə”yə dair heç bir sübut aşkarlamayıb və nə senatorların vətəndaşı olduqları ölkə, nə başqa dövlətlər rəsmi şəkildə bəyan etməyiblər ki, Azərbaycan erməniləri qovub.

Azərbaycan

Arzuxan Əlizadə

Deputat Arzuxan Əlizadə “Yeni Müsavat”a qeyd etdi ki, ermənipərəst senatorların bu çıxışları növbəti bir platforma əldə edərək Azərbaycanın üzərinə gəlməkdən başqa bir iş deyil. A.Əlizadə bildirdi ki, ermənilər Qarabağı öz istəyi ilə tərk edən zaman Azərbaycan onlara dəfələrlə çağırış etdi, getməməyi təklif elədi, hətta reinteqrasiya proqramı açıqlandı, müəyyən sosial paketlər, imtiyazlar olacağı elan olundu: “Amma qalmaq istəmədilər və biz də məcbur edə bilməzdik. Onların könüllü şəkildə bölgəni tərk etdiyinə dair çoxsaylı videosübutlar var. Maraqlıdır, bu məsələni hər dəfə qabardan, gündəmə gətirən konqresmenlər, senatorlar, ayrı-ayrı beynəlxalq təsisatlar bircə dəfə ermənilərin özlərindən soruşublar ki, Qarabağa qayıtmaq istəyirsiniz, ya yox? Bunu soruşan yoxdur, özləri ilə söhbət edən olmayıb, amma bir kampaniya xarakterli hücuma keçiblər. Təəssüf ki, COP29 günlərində də bu mövzunu təkrar-təkrar deməklə şəraitdən sui-istifadə etməyə çalışdılar”. 

Deputatın sözlərinə görə, qərbi azərbaycanlıların öz torpaqlarından qovulması haqda bir dəfə danışmayanlar, Qarabağdan azərbaycanlıların gülləbaran altında yurd-yuvasından qaçmasına məcbur qalmalarına heç zaman reaksiya verməyənlər indi ermənilərin guya zorla bölgədən çıxarılmasından dəm vururlar: “Bu, erməni sevgisindən də irəli gəlmir. Əgər ermənilərə ürəkləri yansaydı, yuxarıda dediyim kimi, bir dəfə özlərindən bu barədə soruşardılar ki, Qarabağa qayıdış arzunuz varmı, ya yox... Sadəcə, Azərbaycana qarşı bir təzyiq kimi istifadə edirlər ki, bu da şiddətlə qınanmalıdır”. 

Emil SALAMOĞLU,
“Yeni Müsavat”  



Chosen
5
musavat.com

1Sources