EN

Ukrayna paytaxtında yaşayan azərbaycanlı son vəziyyəti danışdı

Kiyevdən diplomatik qaçış - Rusiya Ukraynaya nə atacaq ki?

Rusiyanın Kiyevə gözlənilən kütləvi hava hücumu fonunda ABŞ, İspaniya, İtaliya və Yunanıstan səfirliklərini bağlayıb. Kiyevə gözlənilən hava hücumu fonunda qeyd olunan ölkələrin diplomatik nümayəndəlikləri ziyarətçilərə xidmət göstərmədiklərini açıqlayıb.

Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə yaşayan vətəndaşlarımıza çağırış edib. Müraciətdə bildirilir ki, təhlükəsizlik risklərinin artması ilə bağlı yayılmış məlumatları nəzərə alaraq 21-22 noyabr tarixlərində konsulluq qəbulu aparılmayacaq. 

Ceyhun Məmmədov

Kiyevdə yaşayan Kiyev Azərbaycanlıları Konqresi İdarə Heyətinin üzvü, jurnalist Ceyhun Məmmədov səfirliklərlə bağlı verilən qərarlardan narahat deyil. O, vəziyyəti bu cür izah etdi: “Bu gün Ukraynada olan vəziyyət 2022-ci ilin 24 fevralında olan vəziyyətdən daha təhlükəli deyil. Ukrayna ordusu bu gün silah, peşəkarlıq, kəşfiyyat məlumatlarının toplanması baxımından daha üstündür. Hava hücumundan müdafiə qüvvələri daha güclüdür. Rusiya qüvvələri tərəfindən son 3-4 gün ərzində Ukraynaya genişmiqyaslı raket zərbələri endirildi. Amma bunlardan Rusiya istədiyi effekti ala bilmədi. Ötən ilin qışında da Ukraynada enerji böhranının yaranması üçün Rusiya çoxlu cəhdlər etdi, amma istədiyinə nail ola bilmədi.  Ağ Evdə və Avropadakı Ukrayna tərəfdaşları icazə verdilər ki, Rusiya ərazisindəki hədəflər vurulsun. Düşünürəm ki, səfirliklərin fəaliyyətinin Kiyevdə dayandırılması  Qərbin uzaqmənzilli raketlərlə Rusiya ərazindəki hədəflərə zərbə endirməyə icazə verməsi ilə bağlıdır. Çünki Rusiyanın buna necə cavab verəcəyi məlum deyil. Rusiya indiyə qədər etdiyindən daha artıq addım ata bilməyəcək. Bunun üçün başqa yolları da qalmayıb. Əslində atom bombası variantı qalıb. İndiki məqamda da Rusiyanın ona əl atacağını düşünmürəm. Rusiya tərəfi Şimalı Koreyadan əsgər təminatına başlayanda Qərb buna qarşılıq verərək, Ukraynaya bu cür icazə verdi. Sadəcə, səfirliklərlə bağlı ehtiyat addımları atmağa da məcburdur.  Açığı, Rusiya tərəfindən Ukrayna üzərində ciddi üstünlük qazandıracaq bir hücum, addım gözləmirəm. Rusiya nüvə silahı istisna olmaqla, edə biləcəyini maksimum edib. Amma əsas hədəflərinə çata bilməyib. Düzdür, Ukrayna qurbanlar verir. Lakin unutmayaq ki, Rusiya da zaman keçdikcə ilkin hədəflərindən uzaqlaşır, qarşısında isə güclənən Ukrayna ordusu var. Ukrayna daxili düşmənlərdən yavaş-yavaş təmizlənir. Ukraynanın Qərb tərəfdaşları daha ağıllı addımlar atmağa başlayıblar. Bundan sonrakı gözləntim ancaq Ukraynanın qələbəsidir, irəli addımlarıdır, Ukrayna xalqının qələbəyə olan ümidlərinin daha da artmasıdır. Trampın gəlişi düşünürəm ki, Ukraynanın lehinə olacaq. Artıq xəbərlər gedir ki, Bayden Ukraynaya Rusiyanın daxilindəki hədəfləri vurması üçün icazəni Trampı məlumatlandıraraq verib. Tramp da bunu dəstəkləyib. Bu addımlar göstərir ki, Tramp Amerikanın Ukraynaya dəstək siyasətini davam etdirəcək. Doğrudur, bundan sonra müharibə daha da şiddətlənə bilər. Amma bundan sonrakı proseslərin Ukraynanın xeyrinə olacağını düşünürəm”. 

Kamran

Kamran Məmmədli

AĞ Partiya başqanının müavini, siyasi şərhçi Kamran Məmmədli istənilən halda bu məsələdə Azərbaycan tərəfin neytrallığını qorumasını daha vacib hesab edir: “Ukraynada baş verənlər, xüsusən də Kiyevə qarşı planlaşdırılan hava hücumları ciddi təhlükələrin yaxınlaşdığını göstərir. Xarici diplomatların şəhəri tərk etməsi və səfirliklərin fəaliyyətini dayandırması vəziyyətin gərginliyini daha da artırır. Bir çoxları Trampın seçilməsindən sonra qısa zamanda münaqişənin dondurulacağını düşünsə də, atılan son addımlar bunun belə asan baş verməyəcəyini göstərir. Çünki Böyük Britaniya və Fransa kimi ölkələr hələ də Ukraynaya dəstəyini davam etdirir və münaqişənin dondurulmasını istəmirlər. Azərbaycan vətəndaşları təhlükəli ərazilərdən təxliyə olunmalıdır. Bundan öncə Ukraynadakı səfirimiz Elmira Axundovanın biabırçılığı və ölkədən qaçması yadımızdadır. Eyni halın təkrarlanmaması və vətəndaşlarımıza maksimum xidmətin həyata keçirilməsi səfirliyimizin birbaşa əsas işi və prioriteti olmalıdır”.

ABŞ-ın

Şəhla Cəlilzadə 

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Rusiyanın bugünlərdə qəbul etdiyi bir qərarın Qərb dünyasını qorxuya saldığını söylədi: “Putin bugünlərdə Rusiya Federasiyasının yeni nüvə doktrinasını qəbul etdi. Bütün Qərb mediası həyəcan içərisində bunun nüvə silahından istifadə ehtimalını artırdığını yazır. Səfirliklərin bağlanması, vətəndaşlara təhlükəsizliklə bağlı çağırışlar edilməsi məhz buna görədir. Ümumiyyətlə, Rusiya nüvə arsenalına görə ABŞ-dan belə öndə olub, dünyada birincidir. ABŞ-ın 5044 nüvə başlığı varsa, Rusiyada bu say 5580-dir. Bu, dünyadakı toplam nüvə başlıqlarının 45,4%-i deməkdir. Odur ki, Rusiyanın nüvə təhdidi dünya üçün yetəri qədər təhlükəlidir. Baydenin ən son qərarı və Rusiyanın dərinliklərini vurmaqla bağlı razılığı Rusiyanı yeni doktrina qəbul etməyə vadar edən amillərdən biri kimi qiymətləndirilə bilər. Bu qərarın elanından sonra Rusiya XİN-in rəhbəri Lavrov bugünlərdə başa çatan G20 Sammitində dedi ki, bu, Qərbin müharibəni eskalasiya arzusunu nümayiş etdirir. Belə ki, bu qərardan sonra Ukrayna Rusiyanın dərinliklərinə hücum etməyə başlayıb və sərhəddə yerləşən Bryanskı vurub. Lakin verilən qərar gələcəkdə daha dərin hücumlar üçün motiv təşkil edir. Belə ki, ATACMS-ın maksimum hücum məsafəsi 190 mil (300 km), Branyskdan Moskvaya qədər məsafə isə 216 mildir (348 km). Yəni Rusiya paytaxtı üçün təhlükə görərsə, Kiyevə sərt hücum edəcək. Ümumiyyətlə, elan olunur ki, cavab atəşləri proporsional olacaq. Rusiyanın hərbi doktrinasını dəyişdirməsinin Qərbi daha çox çəkindirmək, eskalasiyadan yayındırmaq məqsədi güddüyü deyilə bilər. Eskalasiya uzunmüddətli müharibəni bərabərində gətirə bilər ki, nə qədər qlobal təhlükəli silah olsa da, uzunmüddətli müharibələri sonlandırmaq istəyən tərəflərin ən son başvuracağı güc aləti nüvə silahıdır. II Dünya müharibəsi də atom bombasının atılması ilə başa çatmışdı. Nüvə silahının istifadəsi bütün bəşəriyyət üçün olduqca qorxulu, həmçinin utancvericidir. Trampın ABŞ-da hakimiyyətə gəlməsindən sonra Ukraynaya hərbi dəstəyi azaltması və ağır məğlubiyyəti fonunda məcburi atəşkəsə vadar edilməsi də ehtimallar arasındadır”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Chosen
10
50
musavat.com

10Sources