EN

Trampın seksual zorakılıqda ittiham olunan namizədlərini Senat qəbul edəcəkmi? - ŞƏRH

ABŞ-də Donald Trampın baş prokuror-ədliyyə naziri vəzifəsinə irəli sürdüyü, eyni zamanda iş adamı İlon Mask tərəfindən dəstəklənən namizəd Mett Gets bu vəzifəni tutmaqdan imtina edib. O, senatorlarla görüşdə vəzifəyə təsdiqlənmək üçün yetərli səs ala bilməyəcəyini anladıqdan sonra bu qərarı verib. Məlumata görə, Gets yetkinlik yaşına çatmayan qız uşağı ilə yaxınlıq etməkdə ittiham olunur və Konqresin aşağı palatasında barəsində təhqiqat aparılır. 

 

Sözügedən hadisə nədən xəbər verir?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Şahin Cəfərli deyib ki, ümumiyyətlə, Trampla sistem arasında toqquşma başlayıb:

 

“Trampın mühüm postlara daha iki skandal təqdimatı var. Belə ki, o, Pentaqon rəhbəri postuna Fox TV aparıcısı, xristian fundamentalisti Pit Heqset və Milli Kəşfiyyat direktorluğuna Rusiya, İran, Suriya rejimlərinə simpatiyasını gizlətməyən, Bəşər Əsədlə iki dəfə görüşmüş Tulsi Qabbardı namizəd kimi irəli sürüb. Senatda respublikaçıların çoxluqda olmasına baxmayaraq, bu şəxslərin də təsdiqlənməsi asan görünmür. Heqset haqqında da seksual zorakılıq iddiaları var, hətta bu barədə polisin protokol tərtib etdiyi bildirilir. Digər tərəfdən, Pit Heqset və xüsusilə Tulsi Qabbardın sırf peşəkar baxımdan bu postlara uyğunluğu ilə bağlı ciddi şübhələr mövcuddur”.

 

Ekspert hazırda paradoksal situasiyanın yarandığını vurğulayıb:

 

“Sıravi respublikaçılar arasında trampçılar, Konqresdə isə sistemə yaxın ənənəvi respublikaçılar çoxluqdadır. Bu iki güc toqquşur. Trampın seçilməsindən sonra ilk toqquşma Senatda yaşandı və çoxluq liderinin seçimində trampçıların namizədi yox, “ixtiyarlar heyəti”nin adamı qalib gəldi. Baş prokurorluğa namizədin Senatdan keçməməsini ixtiyarların növbəti qələbəsi saymaq olar. ABŞ sistemindəki “checks and balances” hələ ki işləyir. Amma arxasında respublikaçı xalq kütlələri olduğu üçün Trampın kifayət qədər güclü olduğunu da qeyd etmək lazımdır”.

 

Günay 
 

Chosen
23
sfera.az

1Sources