EN

Nazirin sözü təhsil sistemini qarışdırdı: Məktəblər müəllimsiz qalacaq?

“Savadı olmayanları müəllim adından məhrum edirik, düşünürəm ki, düz edirik". 

Bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, sertifikatlaşma prosesi davam etdiriləcək: 

"Çünki təhsildə əsas müəllim faktorudur. Bizim 7 şagirdi, 4 sinifi, 32 müəllimi olan məktəbimiz çoxdur". Qeyd edək ki, artıq bir neçə ildir ki, sertifikasiya prosesi həyata keçirilir və müvafiq balı toplaya bilməyən müəllimlərin əmək müqaviləsinə xitam verilir. 

Təhsil üzrə ekspert Kamran Əsədov "Cümhuriyət”-ə bildirib ki, nazir Emin Əmrullayevin “Savadı olmayanları müəllim adından məhrum edirik, düşünürəm ki, düz edirik” bəyanatı təhsil sistemində keyfiyyətə yönəlik ciddi bir yanaşmanın göstəricisidir: 

"Bu yanaşma müəllimlərin peşəkar səviyyəsinin artırılması, tədris prosesində keyfiyyətin təmini və şagirdlərin uğurlarına birbaşa təsir edən əsas faktorlardan birinin - müəllimlərin bilik və bacarıqlarının yüksəldilməsi ilə əlaqədardır. Nazirin sözlərindən aydın olduğu kimi, sertifikatlaşdırma prosesinin davam etdirilməsi  bu məqsədə çatmaq üçün vacib bir mexanizmdir. 

Müəllimlik peşəsi təkcə bilik deyil, həm də xüsusi bacarıq və məsuliyyət tələb edir. Savadlı və peşəkar müəllim yalnız bilik ötürən deyil, həm də gələcək nəsillərin formalaşmasında əsas rol oynayan şəxslərdir. Bunun əksi olan, yəni peşəkar olmayan və zəif hazırlıqlı müəllimlər  tədris keyfiyyətini ciddi şəkildə zəiflədə bilər. 

Təhsil sistemində belə müəllimlərin sayı yüksək olduqda, ümumi tədris keyfiyyəti aşağı düşür, bu da cəmiyyətin intellektual inkişafına mənfi təsir göstərir".

Nazirin dediyi “7 şagirdi, 4 sinifi, 32 müəllimi olan məktəblər” ifadəsinə gəldikdə isə ekspert deyir ki, bu, Azərbaycanın təhsil sistemində mövcud olan qeyri-rasional resurs istifadəsinə işarə edir:

"Bu cür statistik göstəricilər regionlarda olan kiçik məktəblərin səmərəsiz idarəetməsini və müəllimlərin iş yükünün qeyri-bərabər paylanmasını nümayiş etdirir. Bu vəziyyət təkcə maliyyə resurslarının səmərəsiz istifadəsi ilə nəticələnmir, həm də təhsil prosesinin keyfiyyətinə mənfi təsir göstərir. 

Az sayda şagirdi olan siniflərdə müəllimlərin potensialından tam istifadə olunmur, bu da təhsil sistemində ciddi israfçılıq yaradır. 

Sertifikatlaşdırma prosesi məhz bu problemləri həll etmək üçün nəzərdə tutulmuş bir mexanizmdir. Sertifikatlaşdırma müəllimlərin bilik səviyyəsini, pedaqoji bacarıqlarını və onların tədrisə nə dərəcədə hazır olduqlarını obyektiv qiymətləndirməyə imkan yaradır. Bu proses yalnız müəllimlərin seçilməsi üçün bir vasitə deyil, həm də onların peşəkar inkişafına stimul verən mexanizmdir. Müəllimlər sertifikatlaşdırma prosesinə hazırlaşarkən biliklərini yeniləyir, tədris metodlarını inkişaf etdirir və daha peşəkar şəkildə fəaliyyət göstərməyə çalışırlar". 

Ekspert deyir ki, bununla yanaşı, sertifikatlaşdırma prosesi bəzi çətinliklər də yarada bilər: 

"İlk növbədə, müəllimlərin bilik səviyyəsinin obyektiv qiymətləndirilməsi üçün uyğun kriteriyalar və şəffaf bir sistem təmin edilməlidir. Həmçinin, proses zamanı subyektiv yanaşmaların qarşısı alınmalıdır. Digər tərəfdən, sertifikatlaşdırma prosesində zəif nəticə göstərən müəllimlərin işdən uzaqlaşdırılması xüsusilə regionlarda müəllim çatışmazlığı olan yerlərdə əlavə problemlərə səbəb ola bilər. Bu səbəbdən, zəif nəticə göstərən müəllimlər üçün xüsusi təlim proqramları təşkil edilməli və onların peşəkar səviyyəsini yüksəltmək üçün imkanlar yaradılmalıdır". 

Ekspertin sözlərinə görə, nazirin “Savadı olmayanları müəllim adından məhrum edirik” fikri təkcə tədrisin keyfiyyətinə deyil, həm də müəllimlik peşəsinin ictimai nüfuzuna yönəlmiş mesajdır: 

"Peşəkar olmayan müəllimlərin tədris prosesindən uzaqlaşdırılması müəllimlik peşəsinin cəmiyyətdəki hörmət və nüfuzunu artırır. Müəllimlik yalnız bilik ötürən vəzifə deyil, həm də uşaqların şəxsiyyət kimi formalaşmasında böyük rol oynayan bir peşədir. Buna görə də, bu peşədə çalışan şəxslərin peşəkarlığı yüksək standartlara uyğun olmalıdır. 

Azərbaycanda sertifikatlaşdırma prosesinin davam etdirilməsi təhsil sistemində keyfiyyətə yönəlmiş islahatların vacib bir hissəsidir. Bu yanaşma müəllimlərin bilik və bacarıqlarını obyektiv qiymətləndirir, onların tədris prosesinə daha peşəkar  yanaşmasını təmin edir. Bununla yanaşı, sertifikatlaşdırma prosesi çərçivəsində zəif nəticə göstərən müəllimlər üçün əlavə dəstək proqramlarının təşkili və regionlarda müəllim çatışmazlığının aradan qaldırılması üçün xüsusi strategiyaların hazırlanması vacibdir. 

Resursların daha səmərəli istifadəsi üçün regionlardakı kiçik məktəblərin optimallaşdırılması, müəllimlərin iş yükünün bərabər şəkildə bölüşdürülməsi və təhsilin əlçatanlığının qorunması da bu islahatların mühüm istiqamətlərindən biri olmalıdır. Beləliklə, sertifikatlaşdırma prosesi təkcə müəllimlərin peşəkarlığını artırmaq üçün deyil, həm də təhsil sistemində mövcud olan struktur problemləri həll etmək üçün əhəmiyyətli bir vasitədir. Bu islahatların uğurlu olması isə təhsilin keyfiyyətinin artırılmasına və gələcək nəsillərin daha yaxşı təhsil almasına töhfə verəcək". 

Chosen
25
1
cebheinfo.az

2Sources