EN

"Şəmkirdə insanların futbola marağı yüksək səviyyədədir"

style='margin-bottom:10px;'>

Medianın İnkişafı Agentliyinin layihəsi

Azərbaycan futbol millisinin sabiq hücumçusu Vüqar Nadirov bu həftə məşqçilik fəaliyyətində yeni addım atdı. 

Ötən həftə "Haypers Quba"dan ayrılan mütəxəssis Azərbaycan 2-ci liqasının digər bir klubu "Şəmkir"ə baş məşqçi təyin olundu. 

Hazırda "Şəmkir" 2-ci liqanın turnir cədvəlində 13 xalla 6-cı pillədə qərarlaşır. 

Vüqar Nadirovun bu vəzifəyə təyinatı, onun qarşıya qoyduğu hədəflər maraq doğurur.

Ona görə də bugünkü həmsöhbətimiz məhz Vüqar Nadirovdur. 

QOL.az saytına danışan V.Nadirov əvvəlcə "Şəmkir"ə gəlişindən və klub rəhbərliyi ilə münasibətlərindən söz açıb: "Şəmkir"in böyük tarixi var. "Şəmkir" vaxtilə Azərbaycanı Çempionlar Liqasında təmsil edib. Burada iddialı futbolçular, məşqçilər olub. Üstəlik, mənim "Şəmkir"in rəhbərliyi ilə dostluq münasibətim var. Onlar mənə təklif etdilər. Mən də bu təklifi məmnuniyyətlə qəbul etdim". 

V.Nadirov vurğulayıb ki, Şəmkirdə insanların futbola marağı yüksək səviyyədədir: "Doğrudan da Şəmkir camaatı futbolu bilən, sevən insanlardır. Həvəslidirlər, can yandırırlar. Komanda üçün hər şey edirlər. "Şəmkir" Region Liqasında oynayanda da camaat komandaya dəstək olurdu".

Şəmkirdəki infrastruktur haqqında danışan mütəxəssis komandanın stadionunun azarkeş tutumunu artırmaq istədiklərini deyib: "Biz də istəyirik ki, çalışaq. 250 nəfərlik tribunaları 500, 1000 nəfərlik etmək istəyirik. Pillə-pillə addımlayacağıq. Məqsədimiz odur ki, stadionu bərpa edək, baxımlı futbol oynayaq. Təvəzökarlıqdan uzaq səslənə bilər, amma mənim gəlişim "Şəmkir" camaatına çox xoş oldu. Komandanı yavaş-yavaş irəliyə aparmaq istəyirik".

O, "Şəmkir"in sponsora ehtiyacı olduğunu söyləyib: "Biz də inanırıq ki, yaxşı bir maliyyəçi, sponsor tapacağıq. Çünki işlər görmək istəyirik".

V.Nadirov komanda olaraq qarşıya qoyduqları hədəflərdən danışıb: "Mən buraya məqsədsiz gəlməmişəm. "Şəmkir"in rəhbərliyi mənə yaxın insanlardır. Onlar bilirlər ki, mən necə həvəslə futbol oynamışamsa, o cür həvəslə də məşqçilik edəcəyəm. Qış fasiləsinə 4 oyun qalıb. Ondan sonra fikir mübadiləsi edəcəyik. Qarşıdan transfer pəncərəsi gəlir. Futbolçuların yaxşı potensialı var. Həm yaxşı mənada aqressivdirlər, həm də xarakterləri var. Çalışacağıq ki, hər şeyi yoluna qoyaq. Mən hədəfləri deməyi xoşlamıram. Zaman hər şeyi göstərəcək".

"Haypers Quba" hazırda turnir cədvəlində "Şəmkir"dən öndə - 4-cü pillədə qərarlaşır. Ona görə də Vüqar Nadirovun Quba təmsilçisindən ayrılmağı əksər insanların təəccübünə səbəb olub. V.Nadirov "Haypers Quba"dan ayrılmağı haqqında danışarkən komandanı tərk etməyinə maliyyə məsələlərinin səbəb olmadığını bildirib: "Hamı deyir ki, maliyyəyə görə ayrıldı. Amma səbəb bu deyil. Mən indi də "Haypers Quba"nın rəhbərliyi ilə danışıram. Yorulmuşdum artıq. Bu, klubdaxili bir işdir. Bir şey deyə bilmərəm".

Mütəxəssis "Şəmkir"də işlərə sıfırdan başlamadığını söyləyib: "Sıfırdan başlamırıq. Artıq komandanın bir skeleti var. Yaxşı mənada material var. Qalan hər şeyi pillə-pillə düzəldəcəyik. Onsuz da biz öyrəşmişik ki, hara gediriksə, sıfırdan başlayaq". 

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Chosen
14
teleqraf.com

1Sources