EN

Kinomuzun kişi üzü - Anım

Bu gün Həsən Məmmədovun doğum günüdür.

Kulis.az bu münasibətlə Şərif Ağayarın “Kinomuzun kişi üzü” yazısını təqdim edir.

Həyatda çox qəribə dostlarım olub. Məndən yaşca çox böyük... Çox məşhur... İlk baxışdan deyərdin, sən hara, onlar hara? Doğrudan da belədir. Görünür, mədəniyyət sahəsi üzrə jurnalist işləməyimlə bağlı idi bu.

Təsəvvür edin, Lütfiyar İmanovla likör içirəm, Mirzə Babayevlə fransız konyakı... Məmməd Araza özünün unutduğu şeirlərindən deyirəm, Habil Əliyevlə “Çanaqqala” restoranında üzbəüz oturub antrikot yeyirəm. Əlibaba Məmmədov bir ara elə bilir ki, deputatam, Sabir Mirzəyev mənə biədəb kənd xatirələri danışır, əlim üzümdə qalır.

Çox saya bilərəm...

Bu dostların içində dəhşətli dərəcədə çox sevdiyim bir nəfər də vardı: Həsən Məmmədov. Onu “Yeddi oğul istərəm” filmindəki Bəxtiyar roluna görə uşaqlıqdan elə sevmişdim ki, nə vaxtsa görəcəyimə, əlini sıxacağıma inanmazdım. O da ki, dostluq eləmək ola. Amma oldu. Biz tanışlıqdan az sonra dostlaşdıq.

90-ların axırı, 2000-lərin əvvəlinin sıxıcı həyatı idi. Film yox, teatrlar zəif... Həsən müəllim teatrda çox sıxılırdı. Deyirdi, elə bil balığı qumluğa atmısan. Mənim dənizim də, okeanım da kinodur. Demək olar, günaşırı evinə zəng vururdum. Həlim səsi ruhuma su çiləyirdi. Hər zəngimə uşaq kimi sevinirdi. Bir zamanlar idealım olan insanın bunca sadəliyinə hələ də inanmağım gəlmir.

Bir də ona inanmağım gəlmir ki, əsəb gərginliyindən yüksək qan təzyiqi olurdu. Halbuki, elə sakit, elə müdrik görünürdü, deyirdin, Buddanın yanından indicə gəlir. Onun “Dədə Qorquq” filmindəki rolunu sevməmişəm heç vaxt. Özünə də demişdim. Hardasa, razılaşmışdı mənimlə. Amma qocaldıqca həyat onu Dədə Qorquda çevirirdi. İnanmazdım ki, kiminsə qəlbinə dəyə, səsini üstünə qaldıra.

Çox vaxt Cavid bağında görüşüb çay içirdik. Saçlarının ağlığına heyrət edirdim: ömrümdə o qədər ağlığı olan saç görməmişdim.Üstəlik ağ da köynək geyinir, baxanda bir topa işığa oxşayırdı.

Mən Azərbaycan kinosunda ondan böyük aktyor tanımıram. Oynadıqları bir yana, oynamadıqları da şedevrdir xəyalımda. Həsən Məmmədov Azərbaycan kinosunun kişi üzü idi. Abasqulu bəyi siz də unutmazsınız: “Evin kişisini soruşarlar!”

Bu gün anım günüdür.Madam ki, yazıram, qoy bir etiraf da edim: bu cür dostlarımın yasına gedə bilmirəm heç vaxt. Səbəbini hələ tam dəqiq tapmamışam. Söz verirəm, tapanda, mütləq yazacam.

Bir dəfə mənə maraqlı bir əhvalat da danışmışdı. Dedir, Lənkəran tərəfdən çəkilişdən gəlirdik. Gecə yarı... O vaxt da yolqırağı kafe-çayxana çox az idi. Vurmaq istədik. Maşında hər şey var, çörəkdən başqa. Rəhmətlik Tofiq Tağızadə işıq gələn yerlərin birində düşdü ki, bu dəqiqə çörək alacam. Əliboş qayıtdı amma. Mən gedəsi oldum. İçəridən adamlar gözləri böyümüş bayıra çıxdılar ki, Bəxtiyar gəlib... Tofiq Tağızadəyə qapı açmayanlar boynuma sarılıb üz-gözümdən öpməyə başladılar. Özümü güclə əllərindən alıb, dedim, qardaşlar, məni Bəxtiyar eləyən bu kişiyə də salam verin. Dedilər, o kimdir elə? Dedim, bayaq qapıdan qovduğunuz kişi...

Belə...

Həsən Məmmədovla bir də hardasa rastlaşacağammı? Bilmirəm. Rastlaşsaq, məni xatırlayacaqmı? Bunu da bilmirəm. Amma mən onu heç vaxt unutmadım və unutmayacam. Bütün sevənləri kimi...

Ruhu şad olsun!

Chosen
14
1
kulis.az

2Sources