EN

“İran ermənipərəst mövqeyindən əl çəkmədiyi müddətdə kimin hakimiyyətdə olmasının heç bir önəmi yoxdur”- ŞƏRH

“İranda Pezeşkianın hakimiyyətə gəlməsinə ilk gündən optimist yanaşmadım. Çünki İranda prezident Ali dini liderin tapşırıqlarını icra etməklə məşğuldur. Müstəqil siyasət yeritmək iqtidarında deyil. Belə bir eşqə düşən istənilən prezident Ali dini lider tərəfindən bir anda bitirilər. İran İslam İnqilabının baş verdiyi 1979-cu ildən bu günə qədər bu belə olub”.

Bunu Editor.az-a açıqlamasında AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı deyib.

Analitik bildirib ki, cənub qonşumuz Cənubi Azərbaycanı əlində saxlamaq üçün bütün kartlarını hər zaman işə salıb:

“İndi Pezeşkian fonunda azacıq təhlükə duyulan bir şəxsin iqtidara gedən yolunu necə aça bilərlər? Demək ona tam əmindirlər ki, Pezeşkianın ikinci tur seçkilərində qələbəsinə mane olmadılar. Bir sözlə o özündən əvvəlkilərə “rəhmət oxutduracaq”, bunu deyim biləsiniz. Əgər əvvəl Bakıya gələcəyi bildirilən birisi son anda COP29-da iştirak üçün Azərbaycana gəlmirsə, bu, onun müstəqil qərar vermək iqtidarında olmadığının göstəricisidir. Yeni prezident idi, belə bir mötəbər tədbirdə iştirakı sadəcə ona dividentlər gətirərdi. Sadəcə deyərdim ki, bu şansı qaçırdı. İtirən də o oldu. Bir xalq məsələmiz var, “xoruz olmasa səhər açılmır”?. İndi Pezeşkian Bakıya gəlmədi, tədbir keçirilmədi? Keçirildi, özü də ən yüksək səviyyədə”.

Siyasi şərhçi bir sıra vacib suallar da ünvanladı:

“Pezeşkian hakimiyyətdə olduğu bu aylar ərzində Azərbaycana yönəlik hansı addımları atıb? Mövcud olan soyuq münasibətləri bəlkə düzəldib? Bəlkə Tehrandakı səfirliyimizə hücum edərək Orxanı şəhid edən qatil barəsindəki edam hökmünü icra etdirib, biz bilmirik? İran ermənipərəst mövqeyindən əl çəkmədiyi müddətdə kimin hakimiyyətdə olmasının bizim üçün heç bir önəmi yoxdur. Ara-sıra yeni prezidentin Azərbaycana yönəlik çağırışlar etdiyi, fikirlər səsləndirdiyi, siyasət yürütdüyü ilə bağlı yayılan məlumatlar da təsadüfi deyil. İran bununla nəbz yoxlayır. Hesab edirəm ki, Azərbaycan indiyə qədər İranla bağlı yürütdüyü siyasəti davam etdirməlidir. Orada Azərbaycan əsilli şəxs rəhbərdir deyib bəzi məsələlərdə güzəştlərə getməməliyik. Cənub qonşumuz hər an Azərbaycanın İran üçün, region üçün önəmini anlamalıdır”.

//Gülnarə Abasova, Editor.az

Chosen
13
editor.az

1Sources