EN

Fernandu Santuş istefa ərizəsi yazıb? - SON DƏQİQƏ XƏBƏRİ

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş dekabrda AFFA İcraiyyə Komitəsinə hesabat verəcək.
Qurum növbəti iclasını gələn ay keçirməyi planlaşdırır.
Yığmamız 70 yaşlı portuqaliyalı mütəxəssisin rəhbərliyi altında Millətlər Liqasının C Liqasında yer aldığı I qrupu 1 xalla sonuncu pillədə başa vurub və D Liqasına düşüb. Komanda son iki oyunda Qəbələdə Estoniya ilə heç-heçə (0:0) edib, səfərdə İsveçə 0:6 hesabı ilə məğlub olub.
Dünəndən bəri sosial şəbəkələrdə yayılan xəbərlərə görə, Santuş istefa ərizəsi yazıb və İcraiyyə Komitəsinin növbəti iclasında bu məsələ müzakirəyə çıxarılacaq. İddialara görə, sabiq «Beşiktaş»lı AFFA funksionerləri ilə söhbətlərində komandanın potensialının olduğunu, bununla belə, bir neçə aparıcı futbolçunun milliyə can yandırmadığını, oyunlara məsuliyyətlə yanaşmadığını söyləyib. Bildirilir ki, Portuqaliya yığmasının keçmiş sükançısı hazırlıq üçün vaxtlarının azlığından, oyunçuların fiziki durumunun zəifliyindən də şikayətlənib.
AFFA-dakı mənbələr vasitəsilə bu xəbərləri araşdırdıq. Öyrəndik ki, Santuş həqiqətən əksər futbolçulardan narazıdır və bunu dönə-dönə dilə gətirib. O, «oyunçu hovuz»unun balaca olmasının da işinə problepmlər yaratdığını vurğulayıb. Lakin… 70 yaşlı qoca istefa ərizəsi yazmayıb. Bu ilin yayında AFFA ilə 4 illik müqavilə bağlamış məşqçi fəaliyyətini davam etdirəcəyini mənsubların diqqətinə çatdırıb.
SPORTİNFO.AZ

Chosen
15
sportinfo.az

1Sources