EN

Kapitan rəqibi təriflədi, mesaj verdi: “Bu dəqiqə hər xal bizim üçün qızıla bərabərdir”

Premyer Liqanın 14-cü turunun maraqlı duellərindən biri bu gün Tovuzda baş tutacaq.

Çempionatın autsayderi “Kəpəz” lider “Qarabağ”ı qarabaqara izləyən “Araz-Naxçıvan”ı qəbul edəcək.

Oyuna prinsipiallıq qatan məqam ötən mövsüm Naxçıvan təmsilçisini çalışdıran Azər Bağırovun hazırda “sarı-göylər”ə rəhbərlik etməsidir.

Elitada ikinci mövsümünü keçirən çalışdırıcı “Kəpəz”in “sükanı” arxasında nəyə qadir olduğunu göstərməyə çalışacaq.

Gəncə təmsilçisinin kapitanı Yeqor Xvalko Sportinfo.az-a açıqlamasında sözügedən matç haqda fikirlərini bildirib:

“Tovuzda, öz azarkeşlərimizin qarşısında oynayacağıq. Gəncəylə Tovuz arasındakı məsafənin yaxınlığını nəzərə alsaq, azarkeşlərimiz bura rahat gələ bilir.

Ev sahibi rolunda olmaq əlbəttə ki, üstünlükdür. İlk dövrədə “Araz-Naxçıvan”la Bakıdakı matçda yaxşı oynamışdıq.

Fikrimcə, 1 xala layiq idik. Lakin öz səhvimizdən buraxdığımız qola görə uduzmuşduq.

Səviyyəli yerli və əcnəbi futbolçulara sahib olan layiqli rəqibə qarşı oynayacağıq. Turnir cədvəlinə baxanda, nəyə qadir olduğu görünür.

Odur ki, çətin duel olacaq. Lakin bizim də qarşımızda duran hədəfimiz var.

Son oyunlardakı uğurlu nəticələrin davamını gətirmək üçün əlimizdən gələni edəcəyik. Bu dəqiqə hər xal bizim üçün qızıla bərabərdir”.

Noyabrın 22-də Tovuz şəhər stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 17:00-da çalınacaq.

HƏBİB

Chosen
20
sportinfo.az

1Sources