EN

Məktəblilərə vətənpərvərlik hissini aşılamaq üçün hansı addımlar atılmalıdır? - ŞƏRH

Ölkəmizdə təhsil sahəsində görülən işlər bu sferanın inkişafına nə qədər diqqət göstərildiyinin nəticəsidir. Təbii ki, təhsil hələ ən erkən yaşdan başlamalıdır. Bugünkü məktəbli nə qədər savadlı, nə qədər vətənpərvər, nə qədər yüksək dünyagörüşünə malik olarsa, dövləti və millətin gələcəyi üçün bir o qədər yeni inkişaf və tərəqqi perspektivləri açılar.

 

Maraqlıdır, məktəblilərə vətənpərvərlik hissini aşılamaq üçün hansı addımlar atılmalıdır?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Nadir İsrafilov bildirib ki, məktəb gələcəyimizin bünövrəsinin möhkəmlənməsinə xidmət edən bir qurum olaraq öz yetirmələrinin tərbiyəsinə kompleks yanaşmanı təmin etməli, ona çalışmalıdır ki, bu gün formalaşan yeniyetmə və gənc yalnız yaxşı oxumaqla kifayətlənməsin, eyni zamanda vətənpərvər və dövlətçiliyimizə sədaqətli olsun. Vətən naminə çalışmaq, vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, vətənin və xalqın hər bir uğuruna sevinmək onun idealına çevrilsin.

 

Onun sözlərinə görə, bu hiss insana genlə, qanla keçsə də, bütün digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir, artır:

 

"Məktəblərimizdə bütövlükdə tərbiyə işində müəyyən boşluqlar olmasına baxmayaraq, bu sözləri yetişməkdə olan gənc nəslin vətənpərvərlik hisslərinin və milli mənlik şüurun formalaşması ilə əlaqədar aparılan tərbiyə işi barədə demək ədalətsizlik olardı. Bunu qalibiyyətli Zəfər tariximiz bir daha əyani şəkildə sübut etmiş oldu. Vətənpərvərlik hissi və milli şüur uzun bir tarixi inkişaf prosesinin məhsuludur. Bu gün ölkəmizin gələcəyi məhz gənc nəslin necə yetişməsindən, onların milli mənlik şüurunun hansı formada inkişaf etdirilməsindən, vətənpərvərlik hisslərinin necə tərbiyə edilməsindən asılıdır. Bu missiyanı davam etdirmək və inkişaf etdirmək isə təkcə valideynin və məktəbin işi olmayıb, hər bir vətənpərvər vətəndaşın borcudur".

 

Ekspert qeyd edib ki, ölkəmizin təhsil siyasətində də təhsilalanlarda vətənpərvərlik hisslərinin tərbiyə olunması, uşaqlarda milli ruhun aşılanması mühüm istiqamətlərdən biridir:

 

"Nəzərə alsaq ki, bu gün təlim-tərbiyə verdiyimiz yeniyetmə və gənclər sabahın Vətən müdafiəçiləridir, əminlik hissi ilə qeyd etmək olar ki, yeni nəslin vətənə sevgi, vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması, Azərbaycanımız üçün əsl vətəndaş yetişdirmək böyük gələcəyimiz naminə ən mühüm vəzifə kimi təhsilimizin qarşısında duran əsas vəzifədir.  Şəhidlərimizin qanı bahasına başa gələn Zəfərimiz dünənimizə, bu günümüzə və gələcəyimizə bir baxışdır.Təlim-tərbiyə işinin sistemli təşkili, azərbaycançılıq ideologiyasının təbliği, Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə məhəbbət hissinin, milli-mənəvi dəyərlərə hörmət duyğularının aşılanması, Vətənə sədaqət - vətənçilik, vətəndaşlıq mövqeyinin formalaşdırılması, vətənpərvərlik tərbiyəsi bütün təhsil sisteminin, xüsusən ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin qarşısında duran prioritet vəzifələrdən biri olmalıdır".

 

Firuzə Əliyeva

Chosen
139
sfera.az

1Sources