EN

COP29-un "adsız qəhrəmanı": "Qarşındakı insanın xoş xatirəsinin bir parçası olmaq sevindiricidir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Onları COP29-un "adsız qəhrəmanları" da hesab etmək olar. Fərqi yoxdur, istər öz vətəndaşlarımız olsun, istərsə də ölkəmizə təşrif gətirən xarici nümayəndələr - işimiz çətinə düşən kimi birinci onların üstünə qaçırıq. Könüllülər isə təmkinlə, yüksək alicənablıqla bütün suallara qaneedici cavab verməyə çalışırlar. Biz də mətbuat nümayəndələri olaraq, burada keçirdiyimiz 12 gün ərzində onların ancaq gülər üzünə, xoş rəftarına şahidlik etdik. Düşündüm ki, COP29-un "adsız qəhrəmanları"ndan birini oxucularımıza tanıtmaq maraqlı olar. Əgər dərc etdiyimiz bu müsahibə mətbuat işçisi olaraq bizim könüllülərə kiçik diqqətimiz kimi qiymətləndirilərsə, bundan ancaq məmnun olarıq.
Oxu.Az COP29-un "adsız qəhrəmanı" ilə müsahibəni təqdim edir:
- Özünüzü təqdim edərdiniz...
- Selcan Məmmədova, 19 yaşım var. Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin idarəedilməsi fakültəsinin dördüncü kursunda oxuyuram.
- Selcan, könüllü kimi iştirak etdiyiniz ilk tədbirdir?
- Xeyr, COP29-u da nəzərə alsaq, dördüncü beynəlxalq tədbirdir ki, könüllü kimi fəaliyyət göstərirəm. İlk təcrübəm "Formula-1" yarışlarında olub, daha sonra UNESCO və "Skybox"un təşkil etdiyi tədbirlərdə könüllü kimi iştirak etmişəm.
- Könüllülərin COP29-a hazırlıq mərhələsi necə keçib?
- Təbii ki, birinci müsabiqə mərhələsi keçirilir, könüllülərin dil, ünsiyyət bacarıqları yoxlanılır. Daha sonra konfransın keçirildiyi məkanla tanışlıq mərhələsi baş tutur, bu, qonaqlara doğru məlumat vermək, onları düzgün yönəltmək üçün önəmlidir. Bizim komanda artıq noyabrın ilk günlərində konfransın keçirildiyi ərazidə məkan təlimlərində iştirak etdi. Amma təbii ki, əsas fəaliyyətimiz noyabrın 11-dən başladı.
- Qeyd etdiniz ki, könüllü kimi qatıldığınız dördüncü tədbirdir, artıq bir təcrübəli könüllü kimi, gələcəkdə sizin sıralarınıza qoşulmaq istəyənlərə tövsiyələriniz nə ola bilər?
- İlk növbədə, könüllüdən səbirli olmaq tələb olunur. Gün ərzində sizə müxtəlif xarakterli insanlar yaxınlaşa bilərlər. Sizə müraciət edənlərlə mehriban, nəzakətli olmalısınız. Hətta könüllü kimi, sizə qarşı mənfi davranışın da şəxsinizə yönəlik olduğunu düşünməməlisiniz. Könüllüdən tələb olunan digər mühüm keyfiyyət digər həmkarları ilə mehriban münasibətdə olmasıdır. Belə olan halda siz işinizin öhdəsindən daha rahatlıqla gələ bilərsiniz.
- Bu 12 gün ərzində unutmayacağınız hər hansı maraqlı hadisə olubmu?
- Bəli, olub. Tədbirin ilk günüdə Havay adalarından elmi dərəcəsi olan yaşlı bir bəy yaxınlaşdı. O, üzərimizdə olan su butulkalarını çox bəyəndiyini və onu haradan əldə biləcəyini maraqlandı. Söylədim ki, bu butulkalar sırf texniki heyət və könüllülər üçün nəzərdə tutulub. Lakin konfransın sonunda ona su butulkamı hədiyyə edə biləcəyimi dedim. Hiss etdim ki, təklifimin ciddi olduğunu ehtimal etmədi. Dünən artıq ölkəsinə qayıdırdı, mənə yaxınlaşdı. Fikrimi dəyişib-dəyişmədiyimi soruşdu. Təbii ki, ona verdiyim sözü tutacağımı bildirdim. Dolabımda saxladığım su butulkasını götürüb ona hədiyyə etdim. Heyrətə gəldi, hətta qarşılığında mənə pul təklif etdi, lakin bu addımı təmənnasız etdiyimi bildirdim. Çox sevindi. Qarşındakı insanın xoş xatirəsinin bir parçası olmaq sevindiricidir.
Eyni zamanda, mən itən əşyaların gətirib təhvil verildiyi hissədə işləyirəm. Bir xanım əl çantasını beş dəqiqə öncə itirdiyi barədə bizə məlumat verdi. Biz isə ona az əvvəl bizə bir qadın çantasının gətirildiyini bildirdik. Qısa araşdırmadan sonra çantanın, həqiqətən, həmin xanıma məxsus olduğu təsdiqləndi. O, bizim komandanın dinamikliyinə heyran olduğunu bildirdi. Vurğuladı ki, başqa COP-larda da iştirak edib, lakin bizim könüllülərin operativliyi digərləri üçün əsl nümunədir. Bir sözlə, insanların sizə güvənməsi, bu hissi yaşamaq çox gözəldir.
- Könüllü olmağın gənclərin gələcək karyerasına böyük töhfə verdiyi, onlara üstünlük qazandırdığı deyilir. Bu nə qədər doğrudur?
- Doğrusu, mən iştirak etdiyim tədbirlərdə hər hansı iş təklifi almamışam, amma könüllü kimi çalışmağın dil praktikamın inkişafında böyük faydası olub. Ümumiyyətlə, dil bacarıqlarının inkişafı üçün könüllülük ən uğurlu fəaliyyət istiqamətidir. Sizə başqa bir misal çəkim, mənim rəfiqəm var, əvvəl asosial insan idi, ünsiyyət qurmaqda çətinlik çəkirdi, lakin bizim könüllülərin sırasına qoşulandan sonra ünsiyyət problemi aradan qalxdı, komplekslərindən azad oldu. COP komplekslərdən azad olmaq üçün ideal müstəvidir.
Şəhriyar Səmədov
Chosen
25
50
oxu.az

10Sources