EN

AFFA və PFL rəhbərliyindən BÖYÜK HÖRMƏTSİZLİK!

“Qarabağ” bugünlərdə öhtəşəm layihəyə imza aidı. Ağdam klubunun bu təşəbbüsü Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində həyata keçirdi. Belə ki, dünyanın tanınmış futbol klublarının iqlim naminə alyansı yaradıldı.
“Sky sports”un məşhur idman şərhçisi David Qarridonun moderatorluğu ilə təşkil olunan "İqlim naminə Futbol" tədbirində dünyanın bir sıra nüfuzlu futbol klubları iqlim dəyişmələrinə qarşı mübarizədə öz öhdəliklərini əks etdirən bəyanatlarla çıxış ediblər.
Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanın Avropa və İslam Həmrəylik Oyunları, “Formula 1” kimi böyük turnirlərə və 2019-cu ildə UEFA Avropa Liqasının "Çelsi" və "Arsenal" (hər ikisi İngiltərə) komandaları arasında keçirilmiş final matçına ev sahibliyi etdiyini, Bakının idman tədbirlərinin mərkəzinə çevrildiyini xatırladıb. O, 4 milyarddan çox izləyiciyə sahib futbolun mühüm iqlim konfransının bir parçası olmasının əhəmiyyətindən danışıb.
COP29-un baş danışıqçısı Yalçın Rəfiyev misilsiz təşəbbüsə rəhbərlik etdiyinə görə "Qarabağ"a, bu təşəbbüsün əhəmiyyətini dərk etdiyinə və dəstək verdiyinə görə Avropa Klublar Assosiasiyasına (ECA) təşəkkür edib. O, alyansın dünyada ən aktual problemlərindən biri olan iqlim dəyişikliyinin həllinə öz töhfəsini verəcəyini bildirib. "Qarabağ"ın prezidenti Tahir Gözəl isə dünyanın ən nüfuzlu klublarının bu təşəbbüs ətrafında toplaşmasının qürurverici hal olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu təşəbbüs futbolun iqlim dəyişmələrinə qarşı mübarizəsində populyarlığından istifadə etmək məqsədi daşıyır.
Sonra iqlim dəyişikliyi ilə mübarizədə idmanın təsiri haqqında geniş müzakirələr aparılıb. İqlimlə bağlı mövzularda daim həssas davranan, inkişaf edən və hazırda dünya futbolunda dayanıqlılıq lideri olan “Liverpul” və bu sahədə liderlərdən sayılan “Udineze” komandaları zəngin təcrübələrini digər klublarla bölüşüblər. Klublar dayanıqlılıqla bağlı sınaqdan keçirdikləri unikal layihələr barədə təqdimat ediblər.
Təqdimatlardan sonra tanınmış futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansı yaradılıb. Alyansda Ağdam təmsilçisi ilə yanaşı, iqlim dəyişikliyi ilə mübarizədə və dayanıqlılıq mövzularında böyük təcrübəyə malik 10 klub - “Liverpul”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko Madrid”, “Real Betis” (hər ikisi İspaniya), “Fənərbağça”, “Qalatasaray” (hər ikisi Türkiyə), “Udineze” (İtaliya), “Portu” (Portuqaliya), “Flamenqo” (Braziliya) və “Malmö” (İsveç) yer alıb.
İqlim mövzusuna həssas yanaşan və bununla bağlı yaddaqalan layihələr reallaşdıran həmin klublar alyansın yaradılması barədə sənədə imza atıblar. Bununla da həmin 11 tanınmış klub qurumun yaradıcıları hesab olunub, öz öhdəliklərinin bəyannaməsini imzalamaqla və insanları iqlim dəyişmələri üçün hərəkətə keçməyə çağırmaqla həmrəylik nümayiş etdiriblər. Bu məqsədlə futbol klubları dayanıqlı təcrübələr tətbiq etmək, məlumatlılığı artırmaq, futbolun populyarlığından istifadə etməklə iqlim dəyişmələrinə qarşı mübarizəni təşviq etməyə, təkcə bir-biri ilə deyil, "İqlim Fəaliyyəti üçün UNFCCC İdman" da daxil olmaqla, digər müvafiq təşkilatlarla əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.
Flyans COP29 Sədrliyi və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (Framework Convention on Climate Change, UN FCCC) dəstəyi, “Qarabağ” və Avropa Klublar Assosiasiyasının (ECA) birgə təşkilatçılığı ilə təsis olunub.
Bu mötəbər tədbirdə bir sıra klubların rəhbər şəxsləri də iştirak edib. Gəl ki, AFFA və Peşəkar Futbol Liqasından (PFL) 1 nəfər toplantıya təşrif buyurmayıb. Halbuki «Qarabağ» hər iki təşkilata hörmət əlaməti olaraq, onlara yüksək səviyyədə dəvət göndərib. Daşdan səs çıxıb, federasiya və PFL-dən yox. Nəinki Rövşən Nəcəf, Sərxan Hacıyev və Elxan Səmədov məkana təşrif buyurub, heç dördüncü-beşinci mənsubları da tədbirə göndərməyiblər. Bu da çox pis haldır və araşdırılması mütləqdir. Bütün dünyanın diqqətini çəkən və ölkəmizin möhtəşəm ev sahibliyi etdiyi COP29-a belə barmaqarası münasibət AFFA və PFL-ə qətiyyən yaraşmadı. Əlbəttə, bu, yalnız «Qarabağ»a deyil, dövlətimizin gördüyü gördüyü faydalı işə hörmətsizlikdir!

SPORTİNFO.AZ

Chosen
17
sportinfo.az

1Sources