EN

Elon Maskın süni intellekt şirkətinin dəyəri 50 milyard dollara çatdı

Elon Maskın süni intellekt şirkəti olan "xAI", 5 milyard dollarlıq yeni investisiya alaraq ümumi dəyərini 50 milyard dollara yüksəldib. 

Valyuta.Az "The Wall Street Journal"a istinadla xəbər verir ki, son investisiya turunda "Valor Equity Partners", "Sequoia Capital", "Andreessen Horowitz" və Qətərin dövlət sərvət fondu olan "Qətər İnvestisiya Təşkilatı" iştirak edib. Bununla "xAI", cari il ərzində aldığı ümumi investisiyanı 11 milyard dollara çatdırıb.  

May ayında "xAI" 6 milyard dollarlıq investisiya alaraq "Valor Equity Partners", "Vy Capital", "Andreessen Horowitz", "Sequoia Capital", "Fidelity", Səudiyyə şahzadəsi Əlvalid bin Talal və "Kingdom Holding" kimi iştirakçıları cəlb etmişdi. O zaman şirkətin dəyəri 24 milyard dollar olaraq qiymətləndirilmişdi.  

Şirkətin dəyərinin sürətli artımı, Donald Trampın prezidentliyə qayıtmasının ardından Elon Maskın şirkətlərinə artan maraqla əlaqələndirilir. Elon Mask Trampın əsas donorlarından və dəstəkçilərindən biri olmaqla yanaşı, hazırda onun keçid komandasında yer alır. Bundan əlavə, Donald Tramp Mask və Vivek Ramasvamini "Hökumət Effektivliyi Departamenti" (DOGE) adlandırılan yeni qurumun rəhbərliyinə təyin etdiyini bəyan edib.  

2023-cü ilin iyul ayında fəaliyyətə başlayan "xAI", yeni alınan 5 milyard dollarlıq investisiyanı süni intellekt modellərinin təlimi üçün 100 min "Nvidia" mikroçipinin alınmasına sərf etməyi planlaşdırır. Şirkət eyni zamanda illik gəlirinin 100 milyon dollara çatdığını açıqlayıb. Avqust ayında "xAI" "Grok-2" və "Grok-2 mini" süni intellekt modellərini təqdim edib. Oktyabr ayında isə Elon Mask "X" sosial media platformasında "xAI"nin "Grok" modellərini tərtibatçılar üçün təqdim edən yeni API-nin istifadəyə verildiyini elan edib.  

Aydın

Chosen
38
valyuta.az

1Sources