EN

Şəhərsalma Günündə irəli sürülən yeni təşəbbüslər ölkələr arasında əməkdaşlığı gücləndirəcək - FOTOLAR

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev COP29 çərçivəsində Bakıda səfərdə olan bir sıra hökumət nümayəndələri ilə görüşüb.   Manset.az xəbər verir ki, əvvəlcə Malayziyanın Mənzil təminatı və yerli hökumət naziri Nqa Kor Minq ilə keçirilən məhsuldar görüşdə şəhərsalma, infrastruktur və yerli idarəetmə sahələrində əməkdaşlığın perspektivləri müzakirə edilib. Tərəflər qarşılıqlı təcrübə mübadiləsi sayəsində bu sahələrdə daha effektiv iş və şəhərlərin davamlı inkişafı üçün birgə layihələr üzrə yeni imkanları nəzərdən keçiriblər. Anar Quliyev bu əməkdaşlığın Azərbaycan və Malayziyanın urbanizasiya sahəsində daha böyük uğurlarına və hər iki ölkədə həyat keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərəcəyini qeyd edib.   Tacikistan Respublikasının Memarlıq və İnşaat Komitəsinin sədri Nizom Mirzozodanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə baş tutan növbəti görüş zamanı tərəflər ölkələr arasında təcrübə mübadiləsinin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi məsələlərini müzakirə ediblər. Qonaqlar şəhərlərin müasirləşdirilməsi və transformasiyası ilə yanaşı, ənənələrin qoruması sahəsində Azərbaycanın təcrübəsinə, habelə tarixi irs, müasir həllər və davamlı inkişafın harmoniyasını təmin edən şəhərsalmada innovativ yanaşmalara xüsusi maraq göstəriblər.    Anar Quliyev bu gün Sinqapur Milli İnkişaf Nazirliyinin Yaşana bilən Şəhərlər Mərkəzinin sədri professor Çonq Kun Hinin başçılıq etdiyi nümayəndə heyəti ilə də görüşüb. Görüşdə davamlı və yaşana bilən sağlam şəhərlər yanaşması, ekoloji həllər, qabaqcıl şəhərsalma texnologiyaları və şəhər idarəçiliyinin rəqəmsallaşdırılmasında Sinqapurun böyük təcrübəsinə xüsusi diqqət yetirməklə əməkdaşlıq perspektivləri müzakirə edilib. Sonda tərəflər bir-birini Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumuna və Sinqapurda təşkil olunacaq Ümumdünya Şəhərlər Sammitinə dəvət ediblər.   

COP29-da təşkil olunan Şəhərsalma Günündə iştirak edən hər üç nümayəndə heyəti tədbirin uğurlu təşkili, habelə “Davamlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət” təşəbbüsü və Bakı Davamlılıq Koalisiyasının yaradılması münasibətilə səmimi təbriklərini çatdırıb.

Chosen
4
13
manset.az

10Sources