EN

Sümükdən yaranan zəriflik

Azərbaycan Milli İncəsənət Muzeyində “Yapon incəsənəti: sümükdən yaranmış zəriflik” adlı mühazirə keçirilib.

Muzeyin bölmə müdiri Xəyalə Nuriyeva yapon incəsənətində özünəməxsus yer tutan sümükdən hazırlanmış dekorativ tətbiqi sənət əsərlərinə aid sənətkarlıq nümunələrindən bəhs edib. Bildirib ki, dekorativ sənətin bütün növlərində ustalıq nümayiş etdirmiş yaponlar sümük üzərində işləmə sənətində də yaradıcı və əsrarəngiz əşyalar işləyib hazırlamışlar. Bu əl işləri insanı öz gözəlliyi və zərifliyi ilə heyran edir. Yapon ustalarının sümükdən oyma üsulu ilə hazırladıqları - qadınların zərif əşyası olan yelpiklər, samurayların qılıncı sayılan “Katanalar”, uzun ömürlü müdrik insan fiquru və başqa heykəlciklər daşıdıqları məna ilə özünəməxsus fərqlilik yaradır.

Qeyd edək ki, yapon sənətkarlarının yaratdıqları möhtəşəm nümunələr dünyanın demək olar ki, bütün muzeylərində və şəxsi kolleksiyalarında qorunub saxlanılır. Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında olan sümükdən hazırlanmış yelpiklər yapon incəsənətini sevənlərin diqqətini xüsusilə cəlb edir. XIX əsrə aid olan bu qadın əşyası işləmə texnikasına və tarixi əhəmiyyətinə görə digər sənət nümunələrindən seçilir.

Fidan SALMANOVA
XQ

Chosen
18
xalqqazeti.az

1Sources