EN

Xəzər dənizində üzərək Azərbaycana qanunsuz yolla keçən əcnəbiyə hökm oxundu

Astara Rayon Məhkəməsində dövlət sərhədini qanunsuz olaraq keçməkdə təqsirləndirilən İran vətəndaşı S.S.-nin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 
Məhkəmənin hökmü ilə o, 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycanın hüdudlarından kənara məcburi çıxarılsın.

 

İttihama görə, S.S. Azərbaycanın mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrində tətbiq edilən məhdudiyyətlərlə bağlı həmin məntəqələrdən piyada keçid zolağı ilə keçə bilmədiyindən, həmçinin mühafizə olunan dövlət sərhədini keçmək üçün müəyyən edilmiş sənədi, yəni pasportu olmadığına görə ölkəmizə gələ bilməməsi səbəbindən, yaşamaq və işləmək məqsədilə 5 iyul 2024-cü il tarixdə dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Xəzər dənizinin Azərbaycan Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Astara sahil nəzarəti bölməsinin yanalma körpüsünün sağ tərəfindən təxminən 4,5 kilometrliyində yerləşən ərazidən dənizdə üzərək, qəsdən qanunsuz olaraq İrandan Azərbaycan istiqamətində keçib. O, 5 iyul 2024-cü il tarixdə, saat 11 radələrində Azərbaycan Daxili İşlər Nazirliyinin Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Astara şəhərində yerləşən “Astara bulvarı”nda aşkar edilərək saxlanılıb.

 

Əcnəbinin barəsində Cinayət Məcəlləsinin 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 23 Noyabr 2024, 09:27   
Chosen
52
1
pravda.az

2Sources