EN

Demokratların bu siyasətinin başlanğıcı Barak Obama dövründən başlanır - Tofiq Zülfüqarov

Yazını böyüt
Yazını kiçilt

"Dünya gözləməkdədir. ABŞ-da demokratların siyasətinin uzun müddət tənqid altında olması indi öz nəticələrini verib. Amerika seçicilərinin də əksəriyyəti həmin siyasətə etiraz olaraq Trampa səs verdi. Və əgər seçkilər dünya miqyasında keçirilsəydi, bəlkə də digər ölkələrin də seçicilərinin əksəriyyəti demokratların siyasətinə etiraz edərdi. Hər halda belə ehtimallar var. Çünki görürük ki, bəzi ölkələrdə Trampla bağlı müəyyən ümidlər yaranıb. Həmin ümidlər nə qədər əsaslı və ya əsassızdır, gələcək göstərəcəkdir. Amma indiyədək demokratların planetin müxtəlif bölgələrinə öz başa düşdükləri şəkildə müdaxiləsi onlar üçün problemlər, qarşıdurmalar və müharibələr yaratdı. Tramp açıq şəkildə bildirir ki, bizim əsas məqsədimiz belə proseslərin qarşısını almaq olacaq.

Bu fikirləri hafta.az-a keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov respublikaçı Donald Trampın ikinci dəfə Birləşmiş Ştatların prezidenti seçilməsindən sonra dünyanın siyasi mənzərəsində baş verən və gözlənilən dəyişikliklərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, demokratların bu cür siyasətinin başlanğıcı hələ Barak Obama dövründən başlanır: "Yadınızdadırsa, “ərəb baharı” kimi layihələr vardı. Onların nəticəsini də gördük... Lakin təəssüflər olsun ki, respublikaçılar dövründə də zaman-zaman, o cümlədən ata Buş, oğul Buş dövründə də dünyanın müxtəlif regionlarında müharibələr, qətliamlar baş verdi. İndi görünür ki, bir növ Amerikanın xarici siyasətinin reviziyası mərhələsi, yeniləşmə mərhələsi gedir. Bəşəriyyətin açıq şəkildə III Dünya müharibəsi qarşısında dayanması (səbəbləri, günahkarlar başqa bir mövzudur) və ABŞ kimi hegemon bir dövlətin bunun qarşısını almaqda aciz görünməsi onu göstərir ki, dünyada yeniliklərə həm ümid, həm də tələbat var. O ki qaldı, ABŞ-ın yeni prezidentinin siyasətində sülh üslubuna üstünlük verilməsinə, biz ilk növbədə başa düşməliyik ki, bu o demək deyil ki, hər bir məsələdə Amerika tam fərqli bir mövqe sərgiləyəcəkdir. Yəni sadəcə olaraq ABŞ və ümumiyyətlə, Qərbin siyasətində daha çox danışıqlara üstünlük verilməsi, hansısa maraqların balansının tapılması əsas üslub kimi görünməkdədir. Lakin bu o demək deyil ki, Birləşmiş Ştatlar istənilən istiqamətdə öz mövqelərini tamamilə dəyişəcəkdir".

Chosen
32
hafta.az

1Sources