EN

Azərbaycanın qaz ixracatında qiymət dalğalanmaları və səbəbləri - Açıqlama

Azərbaycanın xaricə satdığı təbii qaz 40% ucuzlaşıb, gəlirləri isə  44% azalıb.
2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycandan xaricə 6 milyard 848 milyon ABŞ dolları dəyərində 21 milyard 339 milyon m3 təbii qaz ixrac edilib.
2023-cü ilin əvvəlki ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan təbii qaz ixracı dəyər ifadəsi ilə 5 milyard 423 milyon dollar (44,2%), miqdar ifadəsi ilə 1 milyard 577 milyon m3 (6,9%) azalıb.
Xatırladaq ki, 2023-ci ilin yanvar-oktyabr aylarında xaricə 12 milyard 272 milyon dollar dəyərində 22 milyard 916 milyon m3 qaz ixrac edilmişdi.
Bu il Azərbaycanın xaricə satdığı qaz ötən illə müqayisədə 44,2% ucuzlaşıb. Belə ki, bu il xaricə satılan hər min kubmetr qazın orta ixrac qiyməti 321 dollar (546 manat) olub. Ötən il isə bu qiymət 536 dollar (910 manat) olmuşdu. Bu da illik müqayisədə 215 dollar (365 manat) və ya 40,1% (1,7 dəfə) azalma deməkdir (hər kub metr üçün 37 qəpik azalma ilə 55 qəpik təşkil edib).
Qazın ixracının artmasına baxmayaraq ümumi ixracdakı payı azalıb. Belə kİ, 2024-cü ilin ilk 10 ayının nəticələrinə görə, Azərbaycandan ixracın ümumi həcminin 30,11%-i təbii qazın payına düşüb. 2023-ci ilin eyni dövründə isə qaz Azərbaycanın ümumi ixracında cəmi 41,82% paya malik idi.
 
 
Bu barədə Moderator.az-a danışan iqtisadçı Natiq Cəfərli qeyd edir ki, son illərdə dünya enerji bazarlarında qaz qiymətlərindəki dalğalanmaların bir sıra iqtisadi və siyasi amillərlə əlaqəsi var. Xüsusən, 2022-ci ildən başlayaraq Rusiya ilə Ukrayna arasında baş verən müharibənin dünya qaz bazarlarına təsiri çox böyük olub:
 
 “Müharibənin başlanğıcı ilə əlaqədar olaraq, qazın qiymətləri sürətlə artıb, bəzi hallarda 1000 kubmetr üçün 3000 dollar səviyyəsinə qədər yüksəlib. Bu qiymət artışı, əsasən, Rusiyanın qaz ixracatının kəskin azalması və digər ölkələrin qaz tədarükünü artırma cəhdləri ilə bağlı olub.2022-ci ildə Rusiyanın Ukraynaya hücumu nəticəsində Avropa İttifaqı və digər müttəfiq ölkələr Rusiya qazına olan asılılığı azaltmaq üçün müxtəlif addımlar atmağa başladılar. Bunun nəticəsində, qazın qiymətləri dünya bazarında artmağa başladı. Avropada qazın təchizatının azaldılması ilə bağlı narahatlıqlar, bu enerji mənbəyinin qiymətlərinin yüksəlməsinə səbəb oldu. Ancaq zaman keçdikcə, dünya bazarında qaz tədarükünün artması ilə qiymətlər sabitləşməyə başladı. Bu zaman ABŞ-ın şist qazının istehsalını artırması, Norveçin və digər ölkələrin əlavə qaz ixracına başlaması, hətta Rusiyanın da sıxılmış qaz bazarında daha fəal rol oynaması ilə qaz bazarında təklif artdı”.
 
N.Cəfərlinin sözlərinə görə, Azərbaycanın qaz sektoru, dünya bazarlarında baş verən geosiyasi və iqtisadi dəyişikliklərdən təsirlənir:
 
“Rusiya-Ukrayna müharibəsi fonunda dünyada qazın qiymətinin sürətli artışı nəticəsində Azərbaycana daxil olan gəlirlər də əhəmiyyətli dərəcədə artıb. Lakin qazın qiymətinin yüksək olması, xüsusən də böyük bazarlarda təklifin artması ilə bağlı dəyişikliklər nəticəsində, qiymətlərin enməsinə yol açdı. 2023-2024-cü illərdə, qaz bazarında təklif artdıqca qiymətlər aşağı düşməkdədir. Nəticədə, bazarda olan həcmlərin artması, qiymətlərin aşağı düşməsinə və Azərbaycanın qaz ixracatından əldə etdiyi gəlirlərin azalmasına səbəb olub. Azərbaycanın qaz ixracatının əsas bazarları Gürcüstan, Türkiyə və Avropa İttifaqı ölkələridir. Hər bir bazar üçün müvafiq olaraq xüsusi müqavilələr mövcuddur. Məsələn, Gürcüstan və Türkiyə ilə Azərbaycanın ikitərəfli müqavilələri var, amma ən mühüm bazar Avropadır. Azərbaycan, uzun müddət boyunca Avropa bazarına qaz ixracını həyata keçirmiş və burada qazın qiyməti əsasən Avropa birjalarındakı qiymətə bağlı olmuşdur. Ancaq bu gün qaz bazarındakı qiymətlərin düşməsi, xüsusən də Avropa birjalarındakı qiymətlərin azalması, Azərbaycanın qaz satışından əldə etdiyi gəlirlərin azalmasına səbəb olub”.
 
Mehin Mehmanqızı
 
 
 
 
 
Chosen
50
50
moderator.az

10Sources