EN

Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi: "Mənimlə evlənəcəksən"

Naftalanda "WhatsApp" vasitəsi ilə fala baxan şəxs qadının 22 min manatını ələ keçirib.

Qaynarinfo-nun məlumatına görə, 1997-ci ildə Goranboy rayonunun Veyisli kəndində anadan olmuş X.C. adlı şəxs saxlanılıb.

Naftalan şəhər sakini V.Ə. adlı qadın "WhatsApp" vasitəsi ilə X.C.-ya yazaraq, nə vaxt ailə həyatı quracağı ilə bağlı sual verib. X.C isə özünü Zamiq kimi təqdim edərək, onda qeyri-adi güclərinin olduğunu deyib və onunla evlənəcəyi vədini verib. "Məndə qeyri-adi güclər var, mənimlə evlənəcəksən", - deyə, falçı qadına bildirib.

V.Ə. bir müddət Zamiqlə yazışaraq, ona inanmağa başlayıb. Təqsirləndirilən şəxs qadının inamından istifadə edərək 2024-cü ilin yanvar ayının istintaqa dəqiq məlum olmayan günündən iyun ayının 14-dək olan müddət ərzində ondan 18.000 manat pul, bir ədəd qızıl boyunbağı (4194 manat dəyərində) və bir ədəd qızıl kulon (247 manat dəyərində) alıb. X.C. ümumilikdə zərərçəkmiş qadının 22442 manat dəyərində əmlakını və pulunu mənimsəyərək yoxa çıxıb.

Zərərçəkmiş qadın hüquq-mühafizə orqanlarına müraciət etməli olub. 27 yaşlı falçı saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi açılıb. İş baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmədə təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, 22442 manat dəyərində pulu V.Ə.yə qaytardığını deyib. Onlar arasında barışıq olduğunu bildirib. Məhkəmə onu cinayət işi üzrə məsuliyyətindən azad edib.

Chosen
20
27
musavat.com

10Sources