EN

Analitik: İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür

Paşinyan hökuməti dərk edir ki, cəsarətli mövqe tutmadan sülhə nail olmaq qeyri-mümkün olacaq
 
 Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, öz tərəfindən Azərbaycanla sazişin ilin sonunadək imzalanması üçün hər şeyi edəcək. Onun sözlərinə görə, danışıqlar prosesində müəyyən müsbət irəliləyişlər var: “Əgər biz həqiqi sülhə nail olsaq, sülh müqaviləsi imzalasaq, Ermənistan qarşılıqlı prinsip əsasında Azərbaycana qarşı beynəlxalq iddialardan imtina etməyə hazırdır”. Baş nazir onu da əlavə edib ki, Ermənistan Azərbaycana Avropa İttifaqının mülki missiyasının delimitasiya olunacaq ərazidə fəaliyyət göstərməyəcəyini təklif edib.

 “Alyans” Strateji Araşdırmalar Mərkəzinin sədri Abutalıb Səmədov "Sherg.az”a açıqlamasında deyib ki, sülh sazişi üzərində fasiləsiz iş gedir. Siyasi şərhçiyə görə, Paşinyanın söylədiyi fikirlər bir daha göstərir ki, prosesin qarşısında əsasən məhz Ermənistan olub:

 "Ermənistanın konstruktiv mövqe tutması prosesin irəliləməsinə imkan verir. Çox təəssüf ki, Azərbaycanın haqlı tələblərini uzun müddət Ermənistan nəzərə almaq istəmədi. Əksər hallarda ictimai rəydən çəkinən İrəvan  hökuməti düzgün saydığı addımları belə atmağa cəsarət etmədi. Görünür, artıq Paşinyan hökuməti dərk edir ki, cəsarətli mövqe tutmadan, yeri gələndə ictimai rəyin ziddinə getmədən sülhə nail olmaq qeyri-mümkün olacaq. Bundan da ən çox itirən Ermənistan olacaq. Paşinyanın "ilin sonunadək sülh müqaviləsinin imzalanması üçün əlimdən gələni edəcəm" sözü o deməkdir ki, Ermənistan sülh sazişinin imzalanmasını ləngitmək istiqamətindəki fəaliyyətindən imtina etmək fikrindədir. Hesab edirəm ki, bu cür davranış sülh sazişinin ilin sonuna kimi imzalanmasına imkan verə bilər. 30 ildən artıq davam edən düşmənçiliyə son qoyula bilər".
 
Ekspertin qənaətincə, sülh sazişi imzalanarsa, dövlətlərimiz arasında diplomatik münasibətlər yaranarsa, normal qonşuluq münasibətləri üçün addımlar atıla bilər: 
"Azərbaycan Prezidenti bunu dəfələrlə Paşinyanın diqqətinə çatdırıb. Normal qonşu olmağı öyrənmək lazımdır. Düzdür, normal qonşuluq ermənilər üçün asan olmayacaq. Çünki daim qonşularla düşmənçilik siyasəti yeridiblər, düşmənçilik təbliğatı aparılıb. Nəhayət bunun zərərli olduğunu dərk edən lider ortaya çıxıb. Düşünürəm ki, sülh sazişi imzalanandan sonra bir-birinin əleyhinə məhkəmələrdə iddialar qaldırmağın hər iki tərəfə zərərli olduğu bir daha aydın olacaq. Ola bilsin, o zaman müəyyən iddialardan imtina etməyə zəmin formalaşacaq. Azərbaycan hansı iddialardan imtina edə bilər? 30 ildə bizə vurulan və məbləği 100 milyard dollarlarla olan ziyandan, təzminat tələbindən imtina mümkün olacaqmı? Bunu gələcəkdə baş verən hadisələr və Azərbaycan hakimiyyətinin sərgiləyəcəyi mövqe göstərəcək. Əsas odur ki, Ermənistan qeyri-konstruktiv mövqe tutmaqdan imtina etmək qərarına gəlib və ilin sonuna kimi sülh sazişinin imzalanmasına nail olmaq istəyini bəyan edib. Çox güman ki, bu istəyi reallaşdırmaq mümkün olacaq".
Chosen
20
sherg.az

1Sources