EN

Paşinyan sülh sazişini o vaxt imzalayacaq ki...

Ermənistan Baş naziri Nikol Paşinyan əvvəlcə erkən seçkilər, ardınca Konstitusiya dəyişikliyinə dair referenduma getməyə hazırlaşır.

Ermənistanın “Hraparak” qəzetinin məlumatında qeyd olunur ki, Bakı və İrəvan sülh müqaviləsinin bütün bəndələri üzrə şifahi razılığa gəlsə də, Azərbaycan Ermənistanda Konstitusiya dəyişikliyi olmadan sənədi imzalamaq istəmir. Bakının əsas tələbi Azərbaycana qarşı ərazi iddiasının yer aldığı Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadın Konstitusiyadan çıxarılmasıdır. 

Məsələ ilə bağlı politoloq Rəşad Bayramov “Cümhuriyət” qəzetinə açıqlamasında qeyd edib ki, sülh sazişinə yönələn bütün məsələlər hüquqi çərçivədə həll olunmalıdır:

““Hraparak” qəzetinin Paşinyan hakimiyyətinin növbədənkənar seçkilərə və ardınca konstitusiya dəyişikliklərinə dair referenduma gedəcəyi ilə bağlı məlumatın nə qədər həqiqəti əks etdirdiyini demək çətindir. Çünki rəsmi səviyyədə nə Paşinyan, nə də onun komandasının üzvləri tərəfindən bu barədə hər hansı mövqe bildirilib. Düzdür, bir müddət əvvəl Paşinyan konstitusiya dəyişikliklərinə dair referendumun 2027-ci ildə keçiriləcəyi ilə bağlı anons vermişdi.

Amma sonrakı müddətdə Paşinyan öz açıqlamalarında bu barədə heç bir tarix səsləndirməyib. “Hraparak” qəzeti bir məsələdə haqlıdır ki, rəsmi Bakı Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutan müddəalar ləğv olunmayınca, İrəvanla sülh sazişi imzalamayacaq. Yəni, müddəaların qalacağı təqdirdə bu saziş heç bir müsbət təsir imkanlarına malik olmayacaq. Nəticə etibarilə Azərbaycan sülh sazişini Paşinyan hakimiyyəti ilə deyil, Ermənistanla imzalayacaq.

Hakimiyyət isə əbədi deyil. Sabah Ermənistanda başqa siyasi qüvvələrin hakimiyyətə gələcəyi və ya Paşinyan hakimiyyətinin dövründə güc balansının dəyişəcəyi halda konstitusiyaya istinad edərək sülh sazişini bir kənara ata bilərlər. Necə ki, 10 noyabr üçtərəfli Bəyanata imza atan Nikol Paşinyan 2021-ci ildə Qarabağda qondarma rejimin ildönümü tədbirinə təbrik məktubu göndərmişdi. Halbuki Paşinyan bu hərəkətindən əvvəl öz açıqlamalarında Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edirdi”. 

Ekspert deyib ki, ümumiyyətlə, erməni toplumuna güvənmək olmaz:

“Bu baxımdan, sülh sazişi ilə bağlı bütün məsələlər hüquqi çərçivədə həll olunmalıdır”. 

R. Bayramov əlavə edib ki, Ermənistan gec-tez konstitusiya dəyişiklikləri üçün referenduma gedəcək:

“Paşinyan son dövrlərdə dəfələrlə bəyan edib ki, Ermənistanın konstitusiyası və Müstəqillik Bəyannaməsi ölkənin müstəqil dövlət olmasına ciddi əngəl yaradır. Təbii ki, Paşinyanın bu bəyanatları erməni ictimaiyyətini qonşuları ilə sülhə hazırlamaq məqsədi daşıyır. Paşinyan yaxşı başa düşür ki, Ermənistanın müstəqil dövlət olması və iqtisadi cəhətdən möhkəmlənməsi üçün Azərbaycan və Türkiyə ilə münasibətlər normallaşmalıdır.

Təəssüf ki, erməni toplumu buna hazır deyil. Ermənistanda keçirilən son sorğulara görə, Ermənistan ictimaiyyətində əksəriyyət konstitusiya dəyişikliklərinin əleyhinədir. Bu, Ermənistanın öz problemidir. Ermənistan hakimiyyəti indiki reallıqları erməni ictimaiyyətinin nəzərinə çatdırmalı və onu konstitusiya dəyişikliklərinə hazırlamalıdır. Bu istiqamətdə müsbət nəticələr olacağı halda iki ölkə arasında sülh sazişinin imzalanması mümkün olacaq”. 

Chosen
30
cebheinfo.az

1Sources