EN

Millimizin kapitanı: "Kişi futboluna yaradılan şərait qızlara yaradılmır, əskiklərimiz çoxdur"

Qadınlardan ibarət Azərbaycan millisinin kapitanı, “Krasnodar”ın futbolçusu Sevinc Cəfərzadə Sportal.az saytına müsahibə verib.

- Mövsümə Səudiyyə Ərəbistanında başlayıb, Rusiyada başa vurdun. Klub karyeran özün üçün necə alındı?

- Pis keçdiyini deyə bilmərəm. Amma daha da yaxşı keçirə bilərdik. Qərarları özüm verirəm deyə, kimisə nədəsə günahlandırmaq fikrim yoxdur. Müəyyən hallar yaşansa da, indi hər şey qaydasındadır. Mənə doğma olan klubuma geri dönüb karyeramı davam etdirirəm. "Krasnodar"la daha bir illik müqaviləm var və bu klubda qalacam. Böyük dəyişiklik olacağını düşünmürəm. Amma futbolda bəzən hər şey dəyişə bilir. 

- "Krasnodar" Premyer Liqada iddialı klublardan olsa da, bu mövsüm üst pillələrdə ola bilmədiniz. Yəqin ki, nəticə sizi razı salmadı?

- Üst pillələrdə olmamağımızın öz səbəbləri var. Amma bu hər zaman belə olacağını düşünmürəm. Hər şey üçün zamana ehtiyac var. Futbol üçün nəyə ehtiyac varsa, hər şeyə sahib klubuq. Uğurlarımız zamanla gələcək. Buna heç şübhəm də yoxdur. 

- Rusiya çempionu isə Azərbaycan millisinin müdafiəçisi Nigar Mirzəliyevanın da formasını geyindiyi "Zenit" oldu. Yəqin ki, onu bu münasibətlə təbrik etmisən? Necə düşünürsən, Nigar Sankt-Peterburq klubunun aparıcı üzvünə çevrilə biləcək?

- Bəli, Nigarı təbrik etmişəm. Düşünürəm ki, aparıcı oyunçulardan birinə çevriləcək. Bunun üçün özündən çox şey asılıdır və təbii ki, məşqçisi də ona daha çox oynamaq şansı versə, Nigarın daha yüksək yerlərə tez gəlib çıxmasına böyük təkan olacaq.

- Azərbaycan millisi pley-off mərhələsində Portuqaliya yığmasına uduzdu. Səviyyə fərqi hissə edildi. Səncə, yenidən bu yerlərə gəlmək mümkün olacaq?

- Səudiyyə Ərəbistanına getdiyim üçün 1-2 oyunda performansımın yaxşı olmadığını hiss etdim. Bununla belə, komandama kömək etdim. Bilənlər bilir ki, istər meydanda, istərsə də meydandan kənarda milli komanda üçün ən yaxşısını edirəm. Milli ölkəmin adıdıdr. Vətənim mənim üçün hər şeydən və hər kəsdən öndə dayanır. Qaldı ki, yenidən belə uğurları əldə etməyimizə...İnanıram ki, bu da mümkün olacaq. Ancaq elə şeylər var ki, onlar bizim əlimizdə deyil. Bu yerlərə gəlib çatdıq, B liqasına qalxdıq, pley-off oynadıq. Rəqib də ən güclü olan Portuqaliya idi. Bu yerlərə gəlib çıxmağın özü elə böyük uğur idi. Gələcəkdə bunların olması üçün çox şeyə ehtiyac var. Ən vacibi oyunçudur ki, o da gəlmir və ya demək olar ki, yoxdur. Bir neçə gənc oyunçu var ki, istedadlı olduqlarını düşünürük. Onların da zamana ehtiyacı var. Digər ehtiyaclardan isə danışmaq istəmirəm. Çünki bunun üçün ayrı müsahibə verməliyəm. Yəni, bir neçə cümləyə sığmaz. Amalımız da ən yaxşı nəticələrə imza atmaq, özümüzü və ölkəmizi ən yaxşı tərəfdən təmsil etməkdir. Ümid edirəm ki, bu biz də yenə alınacaq.

- Kişi futbol millimiz bərbad durumdadır. Onlarla müqayisədə isə qadınlardan ibarət milli komandamız pley-off oynadı. Düşünmək olar ki, kişi millisinə olan diqqətin az hissəsi sizə göstərilsə, daha yüksək nəticələrə imza atarsınız?

- Bəli, belə düşünmək olar. Hər kəsə bəllidir ki, kişi futboluna yaradılan şərait qızlara yaradılmır. Demirəm ki, bizə diqqət yoxdur. Ancaq əskiklərimiz çoxdur. Müəyyən problemlərimiz var. Bu, həqiqətdir. Bunu gizlətmək istəmirəm. Lakin onu da qeyd edim ki, hər zaman Sərxan Hacıyev bizi dinləyir və çalışdığı qədər dəstək olur.

Mirbağırağa

saytlarin hazirlanmasi

Chosen
17
sportal.az

1Sources