Rusiya ilə Ukrayna arasında müharibədə gərginliyin artdığı bir vaxtda Rusiyanın yeni əməkdaşlığa imza atdığı bildirilir.
“İki sahil” xəbər verir ki, Böyük Britaniyanın “Financial Times” qəzetinin yazdığına görə, Rusiya Yəməndən yüzlərlə insanı Ukraynada döyüşmək üçün zorla cəlb edib.
Qəzet bu addımın Moskva ilə İranın dəstəklədiyi husilər arasında münasibətləri artırdığını bildirib. Xəbərə görə, Rusiya ordusuna qatılan yəmənlilərə əsaslanaraq, Husilərin dəstəklədiyi bir şirkətin himayəsi ilə yüzlərlə insan Rusiyaya gedib və onlara yüksək maaşlı iş və Rusiya vətəndaşlığı vəd edilib.
ABŞ-ın Yəmən üzrə xüsusi nümayəndəsi Tim Lenderkinq qəzetə verdiyi açıqlamada Rusiyanın Husilərlə əlaqələrini artırmaq üçün çalışdığını və silah transferi ilə bağlı danışıqların aparıldığını iddia edib: "Biz bilirik ki, Sənada bu dialoqun dərinləşməsinə kömək edən rusiyalı kadrlar var".
Onun sözlərinə görə, müzakirə olunan silah növləri çox narahatlıq doğurur və husilərə Qırmızı dənizdə və bəlkə də ondan kənarda gəmiləri daha yaxşı hədəf almağa imkan verəcək.
Məhərrəm Ağalaroğlu, “İki sahil”