EN

Müsavatçı və ailə üzvlərinin qətli: Zərərçəkən cinayətdə başqalarının da iştirakı olduğunu düşünür

Təqsirləndirilən şəxs isə vaxtilə törədilən nalayiq hərəkətə görə təkbaşına qisas aldığını deyir

Sumqayıtda – Corat bağlar massivində üç nəfərin – Müsavat Partiyasının üzvü, 73 yaşlı Dağbəyi Fərəcov, 38 yaşlı qızı Suzanna Karakaş və onun həyat yoldaşı, Türkiyə vətəndaşı Serkan Karakaşın qətlə yetirilməsilə bağlı Sumqayıt Ağır Cinayətlər Məhkəməsində araşdırmalar gedir.

Hadisəni törətməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Müşfiq Tağıyev adları çəkilən şəxslərin ölümü ilə yanaşı, həm də daha 3 nəfərə xəsarət yetirməkdə ittiham olunur. 

Bunlar mərhum Dağbəyi Fərəcovun həyat yoldaşı Tərlan Fərəcova, hadisənin baş verdiyi evin qonşuluğunda yaşayan və səs-küyə çıxaraq kömək etməyə çalışan Etibar Sarıyev və atası Mehman Sarıyevdir. Onlara da atəş açılıb, lakin həyatlarını xilas etmək mümkün olub.

Etibar Sarıyev polis əməkdaşıdır.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Əliyevin sədrliyilə keçirilən məhkəmə prosesində zərərçəkmiş qismində tanınan şəxslərdən bir neçəsi bildirib ki, bu iş üzrə aparılmış istintaqdan narazı qalıblar. Onlar vəsatət qaldıraraq, işin yenidən araşdırılması üçün prokurorluğa qaytarılmasını istəyiblər. 

Hesab edirlər ki, bu cinayətdə başqa şəxslərin də iştirakı olub, lakin onlar cinayət məsuliyyətindən kənarda saxlanılıb. Ona görə də işin istintaqa qaytarılmasını, Müşfiq Tağıyevlə yanaşı, həmin şəxslərin də müəyyənləşdirilib həbs olunmasını tələb edirlər.

"Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram. Ona görə də istintaqa qaytarılmalı, ən incə detalına qədər yenidən araşdırılmalıdır”, – zərərçəkmiş Nazim Orucov məhkəmədə bildirib.

Zərərçəkmiş Tərlan Fərəcova da hesab edir ki, bu cinayətin arxasında başqa şəxslər var. O deyib ki, təqsirləndirilən Müşfiq Tağıyev məhkəmə qarşısında tək dayanmamalıdır: "Bəs onu killer kimi tutanlar hardadır? Ona kömək edənlər niyə burada yoxdur? Onlar da bura gətirilməlidir”.

Hakimlər işin istintaqa qaytarılması barədə zərərçəkmişlərin qaldırdığı vəsatəti təmin etməyib.

Təqsirləndirilən Müşfiq Tağıyev məhkəmədə bildirib ki, hadisəni təkbaşına və qisas məqsədilə törədib. 

Məqsədi Fərəcovlar ailəsinin oğlu, uzun müddətdir ki, İsveçrədə mühacir kimi yaşayan Anar Fərəcovun vaxtilə etdiyi nalayiq hərəkətə görə qisas almaq olub. Bu üzdən onun bütün ailəsini yox etmək qərarına gəlib.

Onun sözlərinə görə, Fərəcovların evinin yerləşdiyi yeri ətraflı araşdırıb, hadisəni necə törədəcəyini əvvəldən planlaşdırıb.

Hadisə nəticəsində hər iki valideynini və babasını itirən Cansu Karataş məhkəmədə danışıb ki, güllə səsinə yuxudan oyanıb. 

Əvvəl anası qapıdan çıxıb və dərhal da vurulub. Ardınca babası çıxıb və o da vurulub: "Anam bizi çıxmağa qoymadı, özü çıxdı. Çıxan zaman dedi çölə çıxmayın. Atam da çölə çıxan kimi vuruldu”.

Məhkəmə araşdırmaları davam edir.

Təqsirləndirilən Müşfiq Tağıyev Fərəcovlar ailəsinin qonşusudur. Hadisə 2023-cü il oktyabrın 28-nə səhər saat 5 radələrində Corat bağları adlanan ərazidəki evlərdən birində baş verib. 

İttihama əsasən, Müşfiq Tağıyev cinayəti ov tüfəngi ilə törədib, həmçinin o, divarlara benzin tökərək, evin bir hissəsini yandırıb, kustar üsulla hazırladığı qurğunu partladıb.

Hadisə vaxtı evdə Suzanna və Serkan Karakaşların iki qızı da olub. Onlar xəsarət almayıb.
Chosen
22
arqument.az

1Sources