EN

Kəlbəcərin işğaldan azad edilməsi tarixi hadisədir



Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi zəfəri siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Kəlbəcər rayonu da qan tökülmədən, şəhid verilmədən geri qaytarıldı. Məlum olduğu kimi, Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladıqları birgə bəyanata uyğun olaraq, Ermənistan tərəfindən ərazilərin boşaldılması qrafik üzrə həyata keçirilir. Bəyanatda qeyd edilən şərtlərə əsasən, Kəlbəcər rayonu noyabrın 15-də Azərbaycana qaytarılmalı idi, lakin Ermənistan tərəfinin müraciəti əsasında Rusiya dövlətinin xahişi ilə sonradan Ermənistana 10 gün əlavə möhlət verildi. Noyabrın 25-də isə erməni silahlı birləşmələri və orada qeyri-qanuni məskunlaşdırılan əhali Kəlbəcəri rahat və təhlükəsiz şəkildə boşaldıb. Vurğulamaq yerinə düşər ki, Kəlbəcərin azad olunması, BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin Azərbaycan dövləti tərəfindən icrasının təmin edilməsi deməkdir. Bu isə onu deməyə əsas verir ki, Azərbaycanın atdığı addım bütün beynəlxalq konvensiyalara və hüquq normalarına uyğundur. Xatırladaq ki, 1993-cü ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub, dağ yolları ilə, ayaqyalın, piyada şəkildə erməni təcavüzkarlarından qaçıb xilas olublar. Onların bir çoxu qırğına məruz qalıb, atəşə tutulub, meyitləri belə təhqir edilib. Nəticədə Kəlbəcərdə 500-dən artıq dinc sakin həlak olub, yüzlərlə insan girov götürülüb və ya itkin düşüb. Azərbaycan əhalisi işğal zamanı özü ilə heç nə götürə bilməyib, sakinlərin bütün əmlakı Ermənistan ordusu tərəfindən qarət olunmuşdu. Ermənilər Kəlbəcərdə olan tarixi abidələri dağıdıb, meşə ərazilərini yandırıb, təbii sərvətləri talan ediblər. Kəlbəcər rayonu ərazisi faydalı qazıntılarla, o cümlədən qızıl, gümüş, mis, xrom, civə, tellur, selen və s. kimi yataqlarla zəngindir. Burada sənaye əhəmiyyətli Söyüdlü, Ağduzdağ və Qızılbulaq qızıl, Şorbulaq və Ağyataq civə və Mehmana polimetal yataqları xüsusilə əhəmiyyətlidir. Rayon ərazisində böyük ehtiyatlara malik əlvan və üzlük daşlar, inşaat materialları yataqları mövcuddur. Azərbaycanın bir neçə böyük çayının mənbəyi Kəlbəcər rayonundadır. Onların arasında ən böyüyü Tərtər çayıdır, uzunluğu 200 kilometr, Bazarçay və Xaçınçayın uzunluğu isə təqribən 200 kilometrə yaxındır. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi hərbi əməliyyat keçirmədən işğaldan azad edildi. Kəlbəcər işğaldan azad ediləndən sonra 2021-ci il avqustun 16-da və 2022-ci il iyunun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunda səfərdə oldular. Ölkə başçısının rəhbərliyi ilə işğaldan azad edilən bütün ərazilərdəki kimi Kəlbəcər rayonunda da böyük quruculuq işləri aparılır. Bu işlər nəticəsində Kəlbəcərin əvvəlki şöhrəti bu rayona qaytarılacaqdır. Bu gün işğaldan azad olunmuş ərazilərdə fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır.

Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini.



Chosen
11
aia.az

1Sources