EN

Qərbin COP29 SİYASƏTİ: “Azərbaycanın artan beynəlxalq nüfuzu onları narahat edir”

“COP29 tədbirinin layiqincə başa çatması Azərbaycan dövlətinin beynəlxalq arenada nüfuzunun göstəricisi oldu. Azərbaycan öz təşkilatçılıq və idarəçilik bacarığını hamıya isbat etdi”.

Bu sözləri Yenicag.az-a açqılamasında politoloq Azər Qasımov deyib.

Siyasi təhlilçi Azərbaycanın COP29 kimi nüfuzlu tədbiri təşkil etməsindən və sözügedən tədbir ərəfəsində ölkəmizə qarşı başladılan qarayaxma kampaniyalarından söz açıb.

Analitik əlavə edib ki, bundan narahat olan dövlətlər təbii ki, belə bir tədbirin təşkilatçılığını həzm edə bilmirdilər:

“Azərbaycan hələ növbəti COP30 tədbirinə kimi, yəni bir il bu təşkilatın sədri vəzifəsini icra edəcək. Odur ki, bu bir il ərzində Azərbaycan belə təzyiqlərlə daha çox üzləşəcək. Azərbaycan dövləti müasir tarixində çox məşəqqətli yollardan keçib. Nəhayət, xalqın və dövlətin birliyi sayəsində torpaq bütövlüyünü, suverenliyini bərpa etdi. Bununla da Azərbaycan dövləti yeni mərhələyə qədəm qoydu. Bu mərhələdə isə hesab edirəm ki, Azərbaycan Qərb dövlətlərinin də əllərində bayraq etdikləri insan haqları və demokratik cəmiyyətin qurulması, islahatların aparılması kimi vacib addımların atılmasını bundan sonra da təmin edəcək”.

Onun sözlərinə görə, Qərb və onun sözcüləri olan Annalena Berbok kimilərinin ilk baxışda Azərbaycan vətəndaşlarının mənafeyini müdafiə kimi qələmə verilən çıxışları, əslində, Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzu qarşısında narahat olmalarından irəli gəlir:

“Avropa kimi köhnə qitənin artıq heç bir ciddi lider yetişdirə bilməməsi onları qarşılarında gördükləri əsl liderlər önündə əsəbləşdirir. İsrarla Azərbaycanın üzərinə gedilməsi isə özlərini daxilən kiçik hesab etmələrindən doğan kompleksləri qarşısında zahirən özlərini böyük göstərmək cəhdindən başqa bir şey deyildir. Onlar öz sözlərinin qiyməti ilə Azərbaycanın və Türkiyənin liderlərinin sözü qarşısında necə kiçik qaldıqlarını başa düşürlər. Hakimiyyətə gələrək adları dünya siyasi arenasında yenicə hallanmağa başlayarkən başqa birinin onları əvəz etməsi onlarda bir çox komplekslər yaradır. Onların yerinə gələnlərin də eyni aqibətlə qarşılaşacağı təcrübəsi bütün Qərb və Avropa siyasətçilərinin əksəriyyətini psixoloji olaraq qeyri-adekvat edir. Hesab edirəm ki, Azərbaycanın üzərinə öz acıqlarını tökmələri də bu xəstə təfəkkürün nəticəsidir”.

Rafi Müslümov

Chosen
11
yenicag.az

1Sources