EN

Milli karyerasını bitirən basketbolçu: "Azərbaycan yığmasının formasını geyindiyim üçün fəxr edirəm" - MÜSAHİBƏ

Azərbaycan millisindəki karyerasını başa vuran Zaur Paşayev "Far.Az"un suallarını cavablandırıb.

Müxtəlif illərdə “NTD-Devon”, “Qala”, “Araz-NTD” və “Cəlilabad” kimi komandaların formasını geyinən 42 yaşlı basketbolçu Gürüstanın “NTD-Tbilisi” və “Kutaisi” klublarında legioner həyatı yaşayıb.

Milli forma ilə 76 dəfə meydana çıxan təcrübəli oyunçu iki dəfə Azərbaycan seçməsi ilə İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

Hazırda "Quba"da çıxış edən basketbolçu yığma karyerasından və qarşıdakı hədəflərindən söz açıb.

- İlk olaraq yığmadakı karyeranızı başa vurmağınızla bağlı danışmağınızı istərdik. Hansı hissləri keçirirsiniz?

- Azərbaycan millisinin formasını geyindiyim, bu komandada yer aldığım üçün fəxr edirəm. Millidə kifayət qədər çıxış etmişəm. Gələn il 42 yaşım olacaq. Sözün düzü, yenə oynaya bilərdim. Amma məndən sonra gələn gənc basketbolçulara da yer vermək lazımdır ki, komandamız inkişaf etsin. 17-18-19 yaşlı gənclərə yol açmalıyıq.

- Millidəki karyeranızın hansı illərini özünüz üçün daha yaxşı hesab edirsiniz?

- Mənim üçün hər dönəm önəmlidir. Bu komandada nailliyətlər də qazanmışam. Həmişə millidə olduğuma görə çox sevinmişəm. Bütün yarışlarda, turnirlərdə bacardığımı etmişəm.

- Ümumiyyətlə, bu il karyeranızda sonuncu mövsüm olacaq? Baş məşqçi olmaq fikriniz var?

- Çempionatın sonunda karyeramla bağlı qərar verəcəyəm. Hazırda "Quba"da həm də baş məşqçinin köməkçisiyəm. Karyeramı bitirdikdən sonra məşqçiliyə davam edəcəyəm. Yüksək səviyyədə bu işi görmək istəyirəm. Buna da nail olacağıma inanıram. Məqsədim tək Azərbaycanda məşqçi kimi çalışmaq deyil. Ölkədən kənarda da fəaliyyət göstərmək niyyətindəyəm.

- Dünya çempionatının seçmə mərhələsində İsveçrəyə (55:85) uduzduğunuz matç sizin üçün sonuncu oldu. Qələbə ilə vidalaşmaq istəməzdiniz?
- Zədəli oyunçularımız çox idi. Tam heyətlə oynamırdıq. Endər Poladxanlı və Amil Həmzəyev zədəlidir. Məncə, çox çətinliklər oldu. İrlandiyada məğlub olmağımızın səbəbi budur. Basketbolda iki aparıcı oyunçunun olmaması çox fərq edir.

- Bəziləri sizi müstəqillik dönəminin ən yaxşı basketbolçusu hesab edir. Siz bu ada kimi layiq görərdiniz?
- Bu fikirdə olanlara "çox sağ olun" demək istəyirəm (gülür). İndi istedadlı uşaqlar çoxdur. Şirzad Şirzadov, Elşad Şirzadov, Əkbər Məmmədov yaxşı oyunçulardır. Fiziki güc baxımından Ender Poladxanlını fərqləndirə bilərəm. O, həm boyuna, həm də fizikasına görə indiki dövrün oyunçuları kimidir. Bir az üzərində işləsə, çox güclü basketbolçu ola bilər. Legioner həyatı yaşamaq ehtimalı da var.

- Sizcə, hazırkı dövrdə Azərbaycan Basketbol Liqasının səviyyəsi necədir?
- İndi çox yüksək səviyyədədir. 2006-cı ildə belə deyildi. Bu da çox yaxşı haldır. Bildiyiniz kimi, 10-15 il ölkəmizdə basketbol yox idi. Yığma bu müddət heç bir yarışda oynamadı. Bunun da fəsadlarını görürük. Oyunçularımız azdır, gələcək üçün çox basketbolçu yetişməyib. Üç il ərzində yetişməyə başlayıb.

- Gürcüstanda legioner həyatı yaşamısınız. Müqayisə aparsaq, nələrdə onlardan geri qalırıq?
- Gürcülərdə basketbol ənənəsi var. İki oyunçuları SSRİ millisinin heyətində olimpiya çempionu olublar. Amma Azərbaycanda belə deyil. Qonşu ölkədə basketbola maraq çox yüksək səviyyədədir. 2010-2018-ci illər aralığında orada oynadım. Liqaları çox güclüdür.

- Futbolda heç nəyə nail ola bilmirik. Basketbolda nə vaxtsa böyük turnirlərin final mərhələsinə vəsiqə qazana bilərik?
- İdmanda udmaq və uduzmaq da var. Futbolda məğlubiyyətlərimizin səbəbini deyə bilmərəm. Yəqin ki, bunun da bir sonu olacaq. Ümid edirəm ki, hər şey yoluna düşər. Biz də qalib gəlirik, məğlub da oluruq. Rəşad Sadıqov dostumuzdur. Dünənki matça da gəlmişdi, tribunadan bizi izləyirdi. Onun oynadığı dövrdə də qələbələr olub. Bir az vaxt lazımdır. "Qarabağ" dərhal qələbələr qazanmağa başlamayıb. "Qarabağ" neçə cəhdən sonra avrokuboklarda qrup mərhələsinə vəsiqə qazandı. İnanıram ki, sistemi düz qoyandan sonra biz də, futbol millimiz də nailiyyətlər əldə edəcəyik.

- Rimas Kurtinaytisin dövründə "qızıl nəsil" var idi. Sizcə, Azərbaycan basketbolunda həmin səviyyədə oyunçular yetişə bilərmi?
- Həmin vaxt "Qala" komandası güclü idi. Tahir Baxşıyev, mən, Anar Sarıyev, Fuad Niftəliyev və başqaları heyətdə yer alırdı. Rimas bizə ilboyu məşq keçirdi. Litvada təlim-məşq toplanışına gedirdik. Beş il ərzində bütün günü məşqlər bizə çox kömək olurdu. Məncə, indi də gəncləri yığıb bir komanda tərkibində onların üzərində gecə-gündüz işləmək lazımdır. Sonra bəhrəsini mütləq görəcəyik. Çempionatımızın da səviyyəsi çox güclüdür. Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayevə təşəkkür edirəm. Basketbolçulara diqqət göstərir. Hər komandada cavan oyunçular var.

- 3x3 basketbol üzrə Azərbaycan millisində də çıxış edirsiniz. Buradakı karyeranızı da başa vurdunuz?
- Hələlik bilmirəm. Oynamasam da, orada baş məşqçi kimi fəaliyyət göstərmək istərdim.

Chosen
26
far.az

1Sources