EN

Qərb dövlətləri yenidən Ukraynaya qoşun göndərməyi müzakirə edir –“Le Monde” qəzeti

Bir sıra Qərb dövltləri öz qoşunlarını və ya özəl hərbi şirkətlərini (PMC) Ukraynaya göndərmək imkanlarını yenidən müzakirə etməyə başlayıblar.

Azpost.info bildirir ki, bu barədə Fransanın “Le Monde” qəzeti öz mənbələrinə istinadən yazır.

Bu müzakirələr Kiyevə yardımı dayandıra biləcək yeni ABŞ prezidenti Trampın tezliklə vəzifəyə başlaması fonunda yenidən başlayıb.

Le Monde xatırladır ki, fevral ayında Fransa prezidenti Emmanuel Makron Qərb qoşunlarının Ukraynaya mümkün göndərilməsini açıq şəkildə müzakirə edərkən, bu, bəzi ölkələrin, xüsusən də Almaniyanın güclü etirazına səbəb olmuşdu.

Bu cür müzakirələr son həftələrdə, xüsusən də Böyük Britaniyanın baş naziri Kir Starmerin Fransaya səfəri zamanı yenidən başlayıb.

“Böyük Britaniya və Fransa arasında müdafiə sahəsində əməkdaşlıq, o cümlədən Avropada Ukrayna və ümumilikdə Avropa təhlükəsizliyinə yönəlmiş birgə zərbə qüvvələrinin yaradılması məqsədi ilə danışıqlar aparılır”, – deyə Britaniya hərbi mənbəsi nəşrə bildirib.

Qəzet həmçinin Fransanın xarici işlər naziri Jan-Noel Barrotun BBC News-a müsahibəsində Ukraynaya dəstəklə bağlı “qırmızı xətlərin” olmadığını dediyi son bəyanatını da xatırladır. Bunun fransız qoşunlarının hərbi əməliyyatlarda iştirakı mənasına gələ biləcəyi ilə bağlı suala o, Fransanın “heç bir variantı istisna etmədiyini” söyləyib.

“Biz Ukraynanı lazım olduğu qədər dəstəkləyəcəyik. Niyə? Çünki təhlükəsizliyimiz təhlükə altındadır. Rusiya ordusu hər dəfə bir kvadrat kilometr irəlilədikdə təhlükə Avropaya bir kvadrat kilometr yaxınlaşır”, – deyə Barro bildirib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Le Monde” nəşrini şərh edərkən deyib ki, Kreml bu xəbərlərin nə dərəcədə doğru olduğunu bilmir.

“Ancaq əvvəllər təbii ki, Avropanın müxtəlif paytaxtlarından belə fikirlər səslənirdi. Amma müxtəlif əks-arqumentlər də bu fikrin lehinə deyildi. Ona görə də avropalıların bu məsələdə vahid rəyi yoxdur, amma bəzi “qızğın başlar” ortaya çıxır”, – deyə o vurğulayıb.

Azpost.info

Chosen
32
azpost.info

1Sources