EN

"Latviya ilə Azərbaycan arasında əməkdaşlığı yüksək qiymətləndiririk” - Edqars Skuya (FOTO)

Yazını böyüt
Yazını kiçilt

Latviya Respublikasının elan olunmasının 106-cı ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib.

Hafta.az-ın yazdığına görə, dövlət və hökumət rəsmilərinin, diplomatic korpusun və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə öncə Azərbaycanın və Latviyanın Dövlət himnləri səsləndirilib.

Çıxış edən Latviyanın ölkəmizdəki səfiri Edqars Skuya COP29-un uğurla başa çatması münasibətilə Azərbaycanı təbrik edib, belə mühüm tədbirə peşəkarcasına ev sahibliyi etdiyi üçün təşəkkürünü bildirib.

"Latviya ilə Azərbaycan arasında fəal şəkildə artan əməkdaşlığı yüksək qiymətləndiririk. İl ərzində hər iki ölkəyə siyasi və işçi səviyyədə çox sayda qarşılıqlı səfərlər olub, o cümlədən Latviya Parlamenti sədrinin, deputatların və dövlət nümayəndələrinin səfərlərini qeyd etmək istərdim. Ölkələrimiz arasında əlaqələrin daha da gücləndirilməsində iştirak edən hər bir kəsə təşəkkür edirəm", - səfir bildirib.

Azərbaycanın Latviya üçün mühüm iqtisadi tərəfdaş olduğunu diqqətə çatdıran Edqars Skuya, həmçinin əlavə edib ki, ticarət dövriyyəsi keçən son iki il ərzində artıb. Hər iki ölkə ixrac, idxal və bir çox sahələrdə ticari və iqtisadi əməkdaşlığın artırılmasına maraqlıdırlar.

“Dövlətlərarası Komissiyanın gələn il iclasının keçirilməsi planlaşdırılır. Bundan əlavə, bizim 14 bələdiyyə ilə fəal əməkdaşlığımız mövcuddur. Biz gənclər arasında Latviyada təhsilə marağın artdığını görürük" deyən diplomat qeyd edib.

“106 il əvvəl qurucu atalarımız Latviyanın müstəqilliyini elan etmək üçün çox tarixi bir addım atdılar. Bu, qətiyyətli və cəsarətli qərar idi. O vaxtdan bəri biz tariximizin uzun və faciəli dövrlərindən keçsək də, dövlətimizi inkişaf etdirməyə nail olmuşuq. Ancaq hələ də çox dramatik və çətin vaxtlardır. Bu gün biz güclü şəkildə öz ölkəmizin və bütün regionda sülh və sabitliyin yanında dayanmışıq, hər bir ölkənin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik”, - səfir Skuya bildirib.

Azərbaycanın hökuməti adından təbrik çıxışı edən xarici işlər nazirinin müavini Fariz Rzayev ölkələrimiz arasında mövcud olan münasibətlərin xoş tarixi ənənələrə söykəndiyini vurğulayıb: “XX əsrin əvvəllərindən Latviyanın tanınmış yazıçıları, rəssam və musiqiçiləri Azərbaycanda yaşayıb, ölkəmizin tərəqqisinə öz töhfələrini veriblər. Bu ilin əvvəlində - yanvarın 11-də biz Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdik. Ötən müddət ərzində ölkələrimiz arasında qarşılıqlı etimada, anlaşma və hörmətə əsaslanan münasibətlər qurulub. Dövlət və hökumət başçıları, parlament sədrləri və hökumət üzvləri səviyyəsində çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib və əməkdaşlığımız bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi, humanitar sahələrdə uğurla inkişaf edib”.

Nazir müavini bildirib ki, Azərbaycan prezidentinin 2017-ci ildə Latviyaya rəsmi səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə” əlaqələrimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib.

“Bu il Latviya Seyminin sədri ölkəmizdə səfərdə olub. Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində xarici işlər nazirlərimiz görüş keçiriblər. Riqada Xarici İşlər nazirlikləri arasında 3-cü Strateji Dialoq görüşü baş tutub. Bütün bunlar davamlı siyasi dialoqun yaxşı göstəriciləridir. Azərbaycanla Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya müvafiq sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi imkanlarının müzakirəsi üçün faydalı platforma rolunu oynayır. Əminik ki, birgə səylərimiz nəticəsində Azərbaycanla Latviya arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri növbəti illərdə dövlətlərimizin və xalqlarımızın rifahı naminə daha da genişlənəcək", - deyə F.Rzayev əlavə edib.

Çıxışlardan sonra tədbir qeyri-rəsmi hissə ilə davam edib.

Chosen
28
hafta.az

1Sources