EN

Xanım hərbçimiz rütbəsinin verilmədiyini iddia edir

Müdafiə Nazirliyinin hərbi qulluqçusu çavuş Ş.R-in anası Elmira Rəsulova qızına düşən hərbi rütbənin 3 ildir verilmədiyini iddia edir.

Demokrat.az
xəbər verir ki, “Qafqazinfo”yamüraciət edən ana qızının nazirliyə məxsus hərbi hissələrdən birində operator vəzifəsində çalışdığını və zabit kursunu müvəffəqiyyətlə başa vurduğunu qeyd edib.

O, ixtisasca hüquqşünas olan qızının 3 ildir leytenant rütbəsi almalı olduğunu, lakin məlum olmayan səbəblərdən bunun yubadıldığını deyir: “Qızım ali təhsillidir və idmançıdır. Müdafiə nazirinin 2021-ci ildə verdiyi əmr və Kadrlar İdarəsinin rəisinin imzası ilə vurulmuş telefonoqramla 6 qadın hərbi qulluqçu 25.11.2021-ci il tarixdən 6 ay müddətinə Pakistanın Hərbi Akedemiyasına zabit kursuna göndərildilər. Telefonaqramda kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara leytenant hərbi rütbəsinin veriləcəyi qeyd edilməklə öhdəlik götürülüb. Həmin 6 qızdan 3 nəfəri geri qayıtdıqdan sonra onlara leytenant rütbəsi verilib. Qızım Ş.R. isə akademiyanı nəinki müvəffəqiyyətlə və yaxşı xasiyyətnamə ilə, hətta fərqlənmə medalı ilə bitirməsinə baxmayaraq ona rütbə verilməyib. Bu məsələ ilə bağlı 3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da, heç bir cavab verilmir”.

Elmira Rəsulova bildirib ki, məsələ ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət ediblər və oktyabrın 31-də məhkəmə prosesi başa çatıb: “31 oktyabrda hakim Emin Abdullayevin sədrliyi ilə qızımın Müdafiə Nazirliyinin götürdüyü öhdəliyə əsasən, Pakistanın Hərbi Akademiyasına göndərməsi və qayıtdıqdan sonra leytenant hərbi rütbəsinin verilməsinin qanunsuz olaraq uzadılması və verilməməsi barədə qaldırdığı iddiaya baxıldı. Məhkəmə prosesində hakim mənim nümayəndə kimi çıxışıma mane oldu. Proses zamanı iki dəfə hər biri 15-20 dəqiqə olmaqla fasilə elan etdi. İşə baxılan müddətdə Müdafiə Nazirliyi rəsmi olaraq iddiamıza etiraz vermədi. Qızımın rütbə alması üçün lazım olan bütün sənəd və sübutları məhkəməyə təqdim edərək ona rütbə verilməsinə şərait yaratdı. Həmçinin nazirliyin nümayəndəsi heç bir prosesə gəlmədi. Nazirliyin və bizim təqdim etdiyimiz bütün sənəd və sübutlar qızımın iddiasının təmin olunmasına şərait yaratsa da, bizim iddiamız təmin edilmədi”.

Şikayətçi əlavə edib ki, qızı və digər hərbçilər Pakistana 6 aylıq ezam olunarkən Müdafiə Nazirliyi onlara ezamiyyət haqqı da ödəməyib: “Biz xərcləri özümüz qarşılamalı olduq və nazirliyin ezamiyyət pullarını ödəməməsi ilə bağlı da mülki qaydada məhkəmədə iddia qaldırmışıq. Bununla yanaşı, 2-ci Qarabağ müharibəsinin iştirakçısı kimi qızıma veteranlıq verilmişdi, bir il ərzində aylıq 80 manat müavinət aldı. Sonra vəsiqə və medalların verilməsinə başlandı. Lakin qızıma heç bir medal və veteranlıq vəsiqəsi verilmədi, hətta heç bir əsas və əmr olmadan veteranlıq müavinəti də dayandırıldı. Hazırda veteranlıq statusu rəsmi olaraq qüvvədədir. Bununla bağlı da Bakı İnzibati Məhkəməsində ayrıca iddia qaldırmışıq”.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən saytımıza bildirildi ki, hazırda Ş.R-in məsələsi məhkəmədə müzakirə edilir.

Bakı İnzibati Məhkəməsindən isə sorğumuza cavab olaraq deyildi ki, tərəf qərardan narazıdırsa, yuxarı instansiya məhkəməsinə müraciət edə bilər.

Chosen
11
7
demokrat.az

10Sources