EN

Azad Kəlbəcər abadlıq-quruculuq yolunda ŞƏRH

Müstəqil Azərbaycan şərəfli və qürur gətirən tarixi günlərini yaşayır. 30 ilə yaxın Ermənistan tərəfindən işğal altında olan ərazilərimizin azad olunması ilə tariximizə Zəfər səhifəsi yazıldı. Tarixi Qələbə günlərinin əbədiləşdirilməsinə xidmət edən təşəbbüs kimi Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Həmin Sərəncama əsasən, 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi müəyyən olunub. Bu əlamətdar günün təsis olunması Kəlbəcərin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Kəlbəcərin işğaldan azad olunması 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsində baş tutdu. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən Azərbaycana qaytarıldı. Bəyanata əsasən, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunun, 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonunun, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunun qaytarılması bəyanatda əksini tapmışdı. 15 noyabr tarixində Kəlbəcərin təhvil verilməsi qərarlaşdırılsa da Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadıldı. Ərazi relyefinin mürəkkəb olması, ərazinin böyüklüyü və humanizm əsas səbəb kimi göstərilmişdir.

1993-cü ildə erməni silahlı dəstələri tərəfindən işğal edilmiş Kəlbəcər 27 illik işğal altında qalsa da tarixi ədalət bərpa olundu. Dövlət başçısının vurğuladığı kimi, "Yolumuz Kəlbəcərədir, işğaldan azad edilmiş Kəlbəcərə". Ermənilər Azərbaycanın işğal altında olan bütün əraziləri kimi, Kəlbəcəri də dağıtmış, onun tarixi abdidələrini darmadağın etmişdilər. Əlverişli relyefi, saf dağ iqlimi, mineral suları ilə böyük turizm potensialına malik olan Kəlbəcərdə 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərin yadigarlarıdır. Faydalı qazıntılarla, o cümlədən qızıl, xrom yataqları ilə zəngin olan Kəlbəcərdə sənaye əhəmiyyəti olan civə ehtiyatları yerləşir. Söyüdlü - Zod qızıl mədəni tarixə uzun əsrlərdir məlumdur.

Bu gün işğaldan azad olunan digər ərazilərimiz kimi, Böyük Qayıdış konsepsiyasına uyğun olaraq, Kəlbəcər də yeni quruculuq dövrünə qədəm qoyub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kəlbəcər rayonuna səfərləri çərçivəsində həyata keçirilən layihələr əraziyə öz töhfəsini verir. Belə ki, Toğanalı-Kəlbəcər avtomobil yolunun inşası xüsusi əhəmiyyət kəsb edir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən bu yolun layihə uzunluğu 80,7 kilometrdir. "Kəlbəcər-1" Kiçik Su Elektrik Stansiyası və Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin, hərbi hospitalın açılışları görülən işlər sırasındadır. İşğaldan azad edilən ərazilərin yaşıl enerji zonasına çevrilməsi istiqamətində strategiyasına uyğun olaraq Kəlbəcərdə yeni tikilən "Yuxarı Vəng" Su Elektrik Stansiyası Vətən müharibəsində Qələbəmizdən sonra regionda yaradılan ən böyük yaşıl enerji mənbəyidir. Ümumi gücü 40 meqavat olan "Kəlbəcər" SES silsiləsi azad edilən ərazilərdə 42 meqavatlıq "Zəngilan" SES silsiləsindən sonra tikilən ikinci böyük silsilədir. Prezident İlham Əliyev tərəfindən Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin də təməli qoyulub. Bu yaşayış kompleksində əhalinin məşğulluğunun və istirahətinin təmin edilməsi üçün hər cür şərait yaradılacaq, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək. Kəlbəcər rayonunun Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşa olunan 4-cü tuneldə və bu yolun 15,2 kilometrlik hissəsində görülən işlər də qeyd olunmalıdır. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.

Qeyd edək ki, Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi davam edir. Bu yaşayış kompleksinin ümumi sahəsi 19,5 hektardır. Birinci mərhələdə buraya 201 ailə köçürüləcək. Bunun üçün kompleksdə dördmərtəbəli 6 bina tikilib. Binaların hər birində 27 mənzil mövcuddur. Mənzillərin 54-ü ikiotaqlı, 72-si üçotaqlı və 36-sı dördotaqlıdır. Kompleksdə, həmçinin "townhouse" tipli ikimərtəbəli 39 ev də inşa olunub. İkinci mərhələdə bu kompleksə 323 ailənin köçürülməsi planlaşdırılır. Bunun üçün isə müxtəlif tipli dördmərtəbəli 16 çoxmənzilli yaşayış binası, "townhouse" tipli ikimərtəbəli 57 ev inşa olunacaq. Ərazidə park, istirahət guşələri, sosial-məişət obyektləri, avtodayanacaqlar, velosiped yolları, uşaq oyun və idman meydançaları istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.

Bildiyimiz kimi, "Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı" təsdiq edilib. Otuzillik erməni işğalı nəticəsində dağıdılan Kəlbəcər şəhərinin Baş Plan konsepsiyası işğal dövründən əvvəlki vəziyyəti və ərazinin relyefi, tarix-memarlıq ənənələri nəzərə alınmaqla tərtib edilib. Baş Plana əsasən, Kəlbəcər şəhəri mövcud məskunlaşma ərazisini və yaxınlığındakı Boyaqlı kəndini əhatə edəcək. Şəhərdə həmçinin 4 məktəb, 4 uşaq bağçası, 2 xəstəxana, 1 reabilitasiya mərkəzi, İşğal və Zəfər muzeyləri, mehmanxanalar, müxtəlif ictimai-iaşə obyektləri və idman meydançalarının tikintisi planlaşdırılır.

Dörd il əvvəl Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşməndən təmizlənərək, əzəli sahibinə qaytarılan Kəlbəcər yeni abadlıq-quruculuq yolundadır. Kəlbəcərlilər doğma torpağa qayıdacağı günü səbirsizliklə gözləyirlər.

Güləddin DADAŞOV,

YAP Nəsimi rayonu Üzeyir Hacıbəyli küçəsi 62 ərazi partiya təşkilatının sədri, "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyətinin sədr müavini

Chosen
11
sesqazeti.az

1Sources