EN

XTQ-nin SEPAH-la təlimlərində məqsəd: İki hədəf sadalandı

İranda Azərbaycanın strateji müttəfiqi Türkiyə ilə il ərzində keçirdiyi hərbi təlimlərdən narahat olanlar var.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycanın Türkiyə ilə müttəfiqliyi, eləcə də İsrail və NATO ilə əməkdaşlığı üçüncü ölkələrə qarşı yönəlməyib:

“Azərbaycanın İranla qısa müddət ərzində həm dənizdə, həm də quruda birgə hərbi təlimlərinin iki hədəfi var. Birinci məqsədimiz bu təlimlər vasitəsilə iki ölkə arasındakı sərhəddə narkotik qaçaqmalçılığının qarşısının alınmasıdır. Bundan ən çox əziyyət çəkən Azərbaycandır. Ölkəmizdən İran ərazisinə narkotik keçirilməsi faktı yoxdur. Gizli yollarla İrandan Azərbaycan ərazisinə onlarla kiloqram narkotik vasitələr keçirilməyə çalışılır. Narkotik daşıyanlarla Azərbaycan sərhədçiləri arasında atışmalar nəticəsində sərhədçilərimiz həlak olub, yaralananlar var. Buna görə də birgə hərbi təlimlər Azərbaycan sərhədçilərinin İran sərhədçiləri ilə əməkdaşlığı artırılmasına xidmət etməlidir.

Azərbaycanın İranla birgə hərbi təlimlərinin siyasi əhəmiyyəti də var. İrandakı siyasi-dini və hərbi dairələr Azərbaycanı İsraillə hərbi əməkdaşlığı genişləndirməkdə ittiham edirlər. Halbuki Azərbaycanın İsraillə əməkdaşlığı İrana qarşı yönəlməyib.

Azərbaycanın strateji müttəfiqi Türkiyə ilə il ərzində keçirdiyi hərbi təlimlərdən narahat olanlar da var. Azərbaycan İranla birgə hərbi təlimlər keçirməklə buradan qonşu ölkəyə təhdid olmayacağını Tehrana anlatmağa çalışır. Tehranda başa düşməlidirlər ki, Azərbaycan Türkiyə, İsrail və NATO ilə hərbi əməkdaşlıqdan imtina etməyəcək. Məsələn, Azərbaycan İranla birgə təlimlər keçirərkən, NATO nümayəndə heyəti Bakıda idi. Bakıda Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulmasının 30 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Görüşlərdə NATO ilə əməkdaşlığın əsas hüquqi bazası hesab olunan “Fərdi uyğunlaşdırılmış tərəfdaşlıq proqramı” (ITPP) layihəsində göstərilən öhdəliklərin icrası ilə bağlı cari vəziyyət və beynəlxalq təhlükəsizlik missiyalarında hərbi qulluqçularımızın iştirakı barədə danışılıb. Azərbaycan NATO-ya üzv olmaq istəmir, ancaq ordumuzun daha da modernləşdirilməsi baxımdan Şimali Atlantika Blokunun müxtəlif proqramlarında iştirak ölkəmiz üçün əvvəlkitək faydalıdır”.

Dünən Ərdəbil vilayətinin Aslandüz yaşayış məntəqəsi yaxınlığında Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) İran İslam İnqilabı Keşikçiləri Kopusunun (SEPAH) xüsusi təyinatlıları ilə “Araz – 2024” birgə taktiki təlimləri başlayıb. Təlimlər 4 gün davam edəcək.


Müəllif: Mənsur Rəğbətoğlu
Chosen
20
6
teleqraf.com

8Sources