Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Neftçi” braziliyalı hücumçusu Andre Şinyaşiki ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Paytaxt təmsilçisi Şinyaşikiyə göstərdiyi xidmətlərə görə təşəkküb edib, gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Andre Şinyaşiki 2023-cü ilin avqust ayında Amerika Birləşmiş Ştatlarının “Şarlott” klubundan ayrılaraq “Neftçi”yə keçmişdi. Həmin vaxt Yaponiya əsilli braziliyalı futbolçu ilə 2 illik müqavilə imzalanmışdı. Bir sözlə, Andrenin bu mövsümün sonunadək müqaviləsi var idi. Amma “Neftçi” uzun müddət idi zədədən əziyyət çəkən futbolçunu mövsümün sonunadək saxlamağa ehtiyac duymayıb və müqaviləni ləğv edib.
Şinyaşiki “Neftçi”nin heyətində 38 rəsmi oyun keçirib, 5 qol vurub. O, bu görüşlərdə 7 məhsuldar ötürmə müəllifi də olub.
Qeyd edək ki, həm sol cinah vingeri, həm də mərkəz hücumçusu mövqeyində çıxış edə bilən Andre Şinyaşikinin “Neftçi”dən əvvəlki karyerası yalnız ABŞ ilə bağlıdır. O, peşəkar karyerasına bu ölkənin “Kolorado Rapids” klubunda başlayıb. Hücumçu bir müddət “Kolorado Sprinqs”də də forma geyinib. 2022-ci ildən isə o, “Şarlott” klubunun uğurları üçün çalışırdı.