EN

Vinisius Junior zədələnməsinin səbəbini təqvimin sıxılığında görür

“Real”ın braziliyalı ulduzu, cinah hücumçusu Vinisius Junior zədələnməsi ilə bağlı fəsadı oyun təqviminin sıxılığında görür.

Arena.az məlumat verir ki, “Vini” bu barədə özünün sosial şəbəkə hesabı üzərindən fikrini paylaşıb:

“Sərsəm təqvim… bərpamla məşğulam”, – Vinisius qısaca dərc edib.

Daha əvvəl məlum olub ki, “Vini” İspaniya La Liqasının “Leqanes” ilə 14-cü tur səfər oyununda ombasından zədə alıb və üç-dörd həftəliyə sıradan çıxıb.

Vinisius Junior “Flamenqo”nun yetirməsidir. Braziliyalı cinah hücumçusu “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində elə, “Flamenqo”dan keçib.

Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə “Vini” madridlilərin heyətində 18 oyuna çıxıb, 12 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.

Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi isə belədir: 282 oyun, 95 qol, 82 məhsuldar ötürmə.

“Vini” “qaymaqlılar”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025), FIFA Klub Dünya Kubokunun (2019, 2023) qalibi olub.

Vinisius Junior 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya milli komandasının heyətində 37 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə verib. “Vini” Braziliyanın U-15, U-17 komandaları ilə Cənubiamerikan Çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 24 yaşlı braziliyalı sol vingerin transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ “Vini”nin dünyanın ən bahalı iki futbolçusundan biri olması deməkdir.

Chosen
9
7
arena.az

10Sources