“Cəmi 5 illik bir dövrdə Azərbaycanda 4 böyük sosial islahat paketi həyata keçirilib”.
Bakupost.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı deyib.
“Növbətinin anonsunu ölkə başçımız verdi. Yanvardan etibarən növbəti sosial islahat paketi olacaq. 4 sosial islahat paketi 5 illik dövrdə 4 milyon insanımızı əhatə edib, 7 milyard manat vəsait ayrılıb.
Hər biriniz dövlət büdcəsini qiymətləndirirsiniz. Hər ilin büdcəsində əlavə 7 milyard manat əhaliyə ödənişlərin artırılmasının nə demək olduğunu millət vəkillərimiz hər kəsdən gözəl başa düşür. Qısa bir dövrdə ölkədə minimum əməkhaqqı 2,7, minimum pensiya isə 2,5, orta aylıq pensiya 2,4 dəfə artıb.
Ən həssas təbəqədən olan, müavinət və təqaüd alan insanların ödənişləri 5 dəfə artıb. Bu dövrdə əmək müqavilərinin sayında 600 minə yaxın artım oldu. Ölkənin əməkhaqqı fondu 3 dəfə artdı”, - deyə nazir bildirib.