Rusiyanın Ermənistandak səfiri deyib ki, 2024-cü ilin birinci yarısında Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 8,3 milyard dollar həddini keçib..
Politoloq: “Bu günə qədər də Sororçular Ermənistanda, Ermənistan hakimiyyətində at oynatsalar da, reallıq ondan ibarətdir ki, Ermənistanı iqtisadi baxımdan Rusiya idarə edir”.
“Biz açıq şəkildə Nikol Paşinyanın Qərbdəki havadarlarının yanında Rusiya əleyhinə açıqlamalar verdiyinə şahid olsaq da, reallıqda Rusiyadan çəkindiyini və Ermənistanın Rusiyadan nə qədər asılı olduğunu ciddi formada nümayiş etdirdiyini görürük”.
Bu sözləri politoloq Tural İsmayılov Rusiyanın Ermənistandakı səfirinin son açıqlamasını Poliqon-a şərh edərkən qeyd edib
Rusiyanın Ermənistandakı səfirinin son açıqlaması diqqətləri yenidən Moskva-İrəvan əlaqələrinə yönəldib. Səfir Sergey Kopirkin deyib ki, 2024-cü ilin birinci yarısında Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 8,3 milyard dollar həddini keçib. Ötən il bu göstərici 7,4 milyard dollar təşkil edib. Səfir həmçinin vurğulayıb ki, hədəfləri 14-16 milyard dollarlıq ticarət dövriyyəsinə çatmaqdır. Xatırladaq ki, bundan əvvəl oxşar açıqlamanı Rusiyanın baş naziri və digər rəsmilər də verib.
Bəs, Qərbə yaxınlığı ilə tanınan və Moskva ilə çəkişən Paşinyanın Ermənistanın bütün iqtisadiyyatının Rusiya üzərindən formalaşdırması əslində nədən xəbər verir?
Rusiya-Erməbistan münasibətlərini Poliqon-un əməkdaşı politoloq Tural İsmayılov ilə müzakirə edib .
Tural İsmayılov: “Bu gün Rusiyada yaşayan ermənilərin sayı, Ermənistanda yaşayan ermənilərdən çoxdur. Yəni böyük miqrant işçi qüvvəsi Rusiya bazarlarında, sənayel sahələrində çalışır”.
Ermənistanın ikiüzlü, qeyri-səmimi siyasət həyata keçirdiyini xatırladan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, bir tərəfdən Paşinyan Qərbdə anti-Rusiya ritorikasında addımlar atır, digər tərəfdən isə könüllü şəkildə Rusiyadan asılılıq vəziyyətdə qalmaqda davam edir:
“Əlbəttə ki, Ermənistanla Rusiya arasında iqtisadi sahədə dərin bağlar var. Bu günə qədər də Sororçular Ermənistanda, Ermənistan hakimiyyətində at oynatsalar da, reallıq ondan ibarətdir ki, Ermənistanı iqtisadi baxımdan Rusiya idarə edir. Ermənistanın dövlət büdcəsinə daxil olmaların mütləq əksəriyyəti Rusiya iqtisadiyyatından asılı vəziyyətdədir.
Buna görə də, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin reallıqları deyib və Ermənistan iqtisadiyyatında Rusiyanın güclü rolunun olduğunu vurğulayıb. Onu da nəzərə almaq lazımdır ki, bu gün Rusiyada yaşayan ermənilərin sayı, Ermənistanda yaşayan ermənilərdən çoxdur. Yəni böyük miqrant işçi qüvvəsi Rusiya bazarlarında, sənaye sahələrində çalışır.
Tural İsmayılov: “Qərbdən gələn yardımlar fonunda Ermənistanın Rusiyadan asılılığını azaltması çətin görünür və əslində Ermənistan heç buna cəhd də eləmir”.
Buna görə də, biz açıq şəkildə Nikol Paşinyan Qərbdəki havadarlarının yanında Rusiya əleyhinə açıqlamalar versə də, reallıqda Rusiyadan çəkindiyini və Ermənistanın Rusiyadan nə qədər asılı olduğunu ciddi formada nümayiş etdirdiyini görürük. Bu baxımdan, Qərbdən gələn yardımlar fonunda Ermənistanın Rusiyadan asılılığını azaltması çətin görünür və əslində Ermənistan heç buna cəhd də eləmir.
Fransa da daxil olmaqla bir çox Qərb dövlətləri xaricdəki erməni lobbiləri və fondları vasitəsilə Ermənistana maliyyə axınını hər an gücləndirirlər. Amma hər bir halda, bu gün Ermənistan dövlət olaraq iqtisadi baxımdan Rusiyadan asılı vəziyyətdədir. Həmçinin, Ermənistan ikiüzlü, qeyri-səmimi siyasət həyata keçirir. Bir tərəfdən Qərbdə Psşinyan anti-Rusiya ritorikasında addımlar atır, digər tərəfdən isə könüllü şəkildə Rusiyadan asılı vəziyyətdə, qalmaqda davam edir”.
Nərminə UMUDLU
Poliqon.info