EN

Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir

Bakı şəhərinin bütün rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun olaraq, qış mövsümündə qarlı havalara hazırlıq tədbirləri davam edir. İlk növbədə, şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, bir sıra yaşayış və qeyri yaşayış binalarında təmir işləri aparılıb, əlavə tədbirlər görülüb.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.

Qeyd edilib ki, görülən işlərə nəzarət məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib, həmin şəxslər yerli icra hakimiyyətlərinin nümayəndələri ilə birgə mütəmadi olaraq rayonlarda qarlı havalara hazırlıq tədbirlərin keçirilməsini təmin edir, verilən tapşırıqların və görülən işlərin icra vəziyyətini yoxlayıblar.

Bu işlər çərçivəsində paytaxtın Nizami, Binəqədi və Nəsimi rayonlarında qışın qarlı havalarına hazırlıq tədbirlərinin müzakirəsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin məsul şəxslərinin, rayon rəhbərliyi, kommunal-təsərrüfat, idarə və təşkilatlarının, təhsil müəssisələrinin və digər aidiyyəti qurumların rəhbərlərinin, həmçinin özəl sektorun nümayəndələrinin iştirakı ilə operativ müşavirələr keçirilib. Müşavirələrdə hər bir sahənin rəhbərinin hesabatı dinlənilib.

Diqqətə çatdırılıb ki, rayonlardakı hər bir qurum qış aylarında üzərilərinə düşən vəzifələri dəqiq bilməli, yarana biləcək problemləri operativ şəkildə aradan qaldırmağı bacarmalıdır və yerlərdə kifayət qədər duz və lazımi inventar ehtiyatı yaradılmalıdır. Bildirilib ki, hər bir təşkilat mövsümə hazırlıq tədbirlərinin həyata keçirilməsində fəal iştirak etməli və yağıntılar zamanı bitişik ərazinin qardan və buzdan təmizlənməsi üçün müvafiq tədbirlər görməlidirlər. Qarın təmizlənməsi işlərinə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb.

Müşavirələrdə rayonlardakı qurumlar arasında konkret vəzifə bölgüsü müəyyənləşdirilib, cavabdeh şəxslərə tapşırıqlar verilib. Eyni zamanda, həm də ictimai iaşə müəssisələrinin, özəl qurumların rəhbərlərinə, ictimaiyyət nümayəndələrinə qarlı günlərdə Avropa ölkələrində də qəbul edilən qaydalara uyğun özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə çağırış edilib.

Chosen
5
30
yeniazerbaycan.com

10Sources