EN

Sahibkarlar ixrac gəlirlərini niyəölkəyə qaytarmır - milyonların taleyi... 

Ekspertlər deyir ki, nəzarət mexanizmlərinin və qanunvericiliyin təkmilləşməsinə ciddi ehtiyac var; sahibkarları valyutanı ölkəyə qaytarmağa həvəsləndirmək üçün müəyyən güzəştlər də tətbiq edilə bilər

Bir müddətdir hüquq-mühafizə orqanları ixracdan əldə etdiyi gəlirləri ölkəyə qaytarmayan sahibkarlarla bağlı araşdırmalar aparır, həbslər həyata keçirir. 

Baş Prokurorluğun bununla bağlı yaydığı son açıqlamada bildirilir ki, kənd təsərrüfatı məhsullarının ixracından gələn 20 milyon manata yaxın pulu Azərbaycana qaytarmayan şəxslər müəyyən edilib. 

Qeyd edilib ki, Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama), 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə başlanmış cinayət işi üzrə “SOİL BOONS” MMC tərəfindən ümumilikdə 6.9 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 11.7 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Əliyev Cahangir Alim oğlu, Hacıyev Elyar Taryel oğlu, Mirzəmədov Mehman Əjdər oğlu, Qəbilov Saleh Rza oğlu və Əliyev Alı Cahangir oglu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddələrlə onlara ittiham elan edilib və barələrində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib. 

Bundan başqa, Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2, 308.2-ci maddələri ilə başlanmış cinayət işi üzrə fiziki şəxs Qurbanov Elxan Sabir oğlu tərəfindən ümumilikdə 3.8 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 6.5 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Qurbanov Elxan Sabir oğlu və Xalıqov Fuad Elşad oğlu iş üzrə təqsirləndirilən şəxslər qismində cəlb olunaraq qeyd olunan maddələrlə onlara ittiham elan edilib və barələrində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib. 

Əlavə olaraq Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə “Roksa” və “Betta Advertising Media” MMC-lərin direktorları Nəcəfov Samir Afət oğlu və Qasımov Rəfayıl Qasım oğlu tərəfindən ümumilikdə 69 min ABŞ dolları (müvafiq dövrün məzənnəsi ilə 118 min manatdan artıq) pul vəsaitinin Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən S.Nəcəfov və və R.Qasımov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində axtarış elan edilib. 

Həmçinin Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə xaricə müxtəlif kənd təsərrüfatı məhsulları ixrac edən fiziki şəxs Məmmədzadə Bayram Nüsrət oğlu tərəfindən ümumilikdə 2.2 milyon ABŞ dollarından artıq (həmin dövrün məzənnəsinə uyğun olaraq 3.8 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən B.Məmmədzadə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddə ilə ona ittiham elan edilib və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib. 

Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə Rusiya Federasiyasına meyvə və tərəvəz ixrac edən (fiziki şəxs) Məmmədzadə Qurban Nüsrət oğlu tərəfindən ümumilikdə 516 min ABŞ dollarından artıq (həmin dövrün məzənnəsinə uyğun olaraq 878 min manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Q.Məmmədzadə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddə ilə ona ittiham elan edilib və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib. 

Hazırda Dövlət Gömrük Komitəsindən daxil olmuş digər bu kateqoriya materiallar üzrə, yəni mal və məhsul ixrac etməklə əldə edilən pul vəsaitini Azərbaycan Respublikasının müvəkkil bank hesablarına qaytarmamış şəxslər barəsində prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır və zəruri tədbirlər icra olunur. 

Daha əvvəllər də 10-dan çox iş adamı oxşar ittihamla məsuliyyətə cəlb edilib. Bu həbsləri bəziləri sahibkarlara təzyiq kimi qiymətləndirir. Ancaq məsələnin hüquqi yanaşması tamamilə fərqlidir. Dövlət həmin şəxslərə ixrac üçün etimad göstərib, lakin sahibkarlar möhtəkirlik edərək o vəsaitləri ölkəyə qaytarmır. Niyə, hansı səbəbdən bunu edirlər? O pulları geri qaytarmaq mümkün olacaqmı? Qanuni tənzimləmə sərtləşdirilməlidirmi? 

Baş Prokurorluğun açıqladığı məlumatlar da göstərir ki, bəzi sahibkarlar ixrac gəlirlərini Azərbaycana qaytarmayaraq qanunvericiliyi pozurlar. 20 milyon manata yaxın vəsaitin ölkəyə qaytarılmaması təkcə iqtisadiyyata zərbə vurmur, həm də maliyyə intizamının pozulmasına səbəb olur. Sahibkarlar, xüsusilə də qeyri-neft sektorunda fəaliyyət göstərənlər, ixrac gəlirlərini xaricdə saxlayaraq vergilərdən yayınmağa çalışırlar. Xaricdə saxlanılan vəsaitlər ölkə daxilində gəlir kimi qeydiyyata alınmadığı üçün vergitutmadan kənarda qalır.

Bəzi sahibkarlar ixrac gəlirlərini xarici ölkələrdə daşınmaz əmlak və ya biznes layihələrinə sərmayə qoymaq üçün istifadə edirlər. Bəzi ekspertlərə görə, bu, Azərbaycanda sərmayə mühitinə olan inamın tam formalaşmaması ilə əlaqədar ola bilər. Bundan əlavə, ixracatçılar, xarici bazarlarda daha sərfəli şərtlər (yüksək faiz dərəcələri, valyutanın sabitliyi və s.) olduğu üçün vəsaitlərini xarici valyutada saxlamağı da üstün tuta bilərlər. Mövcud qanunvericilikdə ixrac gəlirlərinin məcburi qaytarılması tələb olunsa da, bəzi hallarda nəzarət mexanizmləri zəif qalır. Bu, sahibkarların vəsaitləri gizli şəkildə ölkədən kənarda saxlamasına şərait yaradır. Xaricdə bəzi banklar daha aşağı komissiya, yüksək faiz gəlirləri və daha çox maliyyə azadlığı təklif edir. Bu, sahibkarların həmin banklarda vəsaitlərini saxlamasını təşviq edir.

Neqativ halların qarşısının alınması üçün ixrac gəlirlərini ölkəyə qaytarmayanlara qarşı ciddi cəza mexanizmləri tətbiqi təklif edilir. Elektron sistemlər vasitəsilə ixrac əməliyyatlarının izlənməsi təmin edilməli, şəffaflıq artırılmalıdır. Sahibkarları valyutanı ölkəyə qaytarmağa həvəsləndirmək üçün müəyyən güzəştlər də tətbiq edilə bilər.

Eyni zamanda sahibkarların ölkə daxilində sərmayə imkanlarını artırması, onların ölkədə gəlir yatırmasına şərait yaradılmasa da bu kimi halların qarşısını ala bilər.

Eldeniz

Eldəniz Əmirov 

İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Bu, ölkəmiz, ölkə iqtisadiyyatı üçün diqqət mərkəzində daim saxlanılmalı olan vacib məsələdir. Çünki biz daim qeyri-neft ixracının, ümumiyyətlə, qeyri-neft sektorunun artırılmasından danışırıq. Əgər xaricə satılan məhsulların pulu ölkəmizə gəlməzsə, onda nə qeyri-neft ixracını artıra bilərik, nə də ölkədə yerli qeyri-neft sektorunu inkişaf etdirə bilərik. Düzdür, hazırda ölkədən çıxarılan məhsulların, yəni ixrac üçün göndərilən məhsullardan əldə edilmiş vəsaitlərin ölkəyə qayıtması ilə bağlı mexanizmlər mövcuddur. Qanunvericiliklə,  müəyyən qanunvericilik aktları ilə bu proses tənzimlənir, nəzarət aparılır. Lakin bir məsələni qeyd etmək istəyirəm, dünyanın bütün ölkələrində olduğu kimi, Azərbaycan da öz dövriyyəsini vergidən yayındırmaq üçün üsullar getdikcə təkmilləşdirilir. Ona görə də bu sahədə nəzarət mexanizmlərinin də, qanunvericiliyin də təkmilləşdirilməsinə, həmçinin boşluqların müəyyən edilərək aradan qaldırılmasına daim ehtiyac var.

Təsəvvür edin ki, ölkədə həyata keçirilən hər bir istehsal və emal prosesi üçün ölkəmizə kənardan xammal idxal olunur. Məsələn, A məhsulunu istehsal etmək üçün ölkəmizdə xammal idxal edirik və bu idxal üçün ölkədən pul çıxarılır. Yaxşı, bəs bu məhsulu istehsal edib yenidən xaricə satdığımız zaman bu vəsait geri qayıtmırsa, onda ölkədə iqtisadi aktivliyin təmin olunmasına, bu sektorun iqtisadi aktivliyinin təmin olunmasına, qeyri-neft ixracının inkişaf etdirilməsinə, ümumiyyətlə, ölkədə iqtisadi aktivliyin saxlanılmasına və makroiqtisadi tarazlığın qorunub saxlanılmasına necə nail olmaq olar? Mən düşünürəm ki, hazırda barəsində məlumat verilən hallar ümumi halların hamısı deyil. Bu istiqamətdə işləri daha da dərinləşdirmək və ixrac edilmiş bütün məhsullardan əldə edilmiş vəsaitlərin ölkəyə qaytarılması istiqamətində mexanizmləri gücləndirmək lazımdır. Manipulyativ davranışların qarşısı mütləq şəkildə alınmalıdır". 

Afaq MİRAYİQ,
“Yeni Müsavat” 

Chosen
14
3
musavat.com

10Sources