EN

Hayastanın yeni müharibə avantürası Qərbin ssenarisidir

Vətən müharibəsindən artıq 4 ilə yaxın vaxt  keçməsinə baxmayaraq Fransanın diktəsi ilə Ermənistan və onun havadarları olan bir çox  ölkələr sanki çalışırlar ki, sülh müqaviləsinin imzalanması prosesini növbəti 30 ilədək uzatsınlar. Məhz bu səbəbdən də Vətən müharibəsi və ondan sonrakı dövrdə Fransa Azərbaycana qarşı BMT-nin Təhlükəsizlik Şurasında bir neçə dəfə qətnamə qəbul olunmasını müzakirələrə çıxarmaq üçün cəhdlər göstərib. Ancaq  bu cəhdlərin heç biri uğurla nəticələnməyib. Bu gün Avropa Şurası da, onun parlamenti də, bu addımları ilə öz maraqlarına xidmət edən Fransa, Almaniya kimi dövlətlərin alətinə çevrildiyini göstərməklə, əslində oyuncaq təsisat olduğunu bir daha sübut etdi.  Paris özünün əlində olan bütün Avropa təsisatlarına Azərbaycan əleyhinə qərarlar, qətnamələr qəbul etdirməklə, mətbuatda Azərbaycan əleyhinə yazılar dərc etdirməklə, eyni zamanda, hərbçilərini və bununla paralel silah-sursatını Ermənistana göndərməklə vəziyyəti gərginləşdirməyə çalışır. Yerli ekspertlər Ermənistanın yeni müharibə avantürası ilə bağlı fikirlərini “İki sahil” qəzeti ilə bölüşüblər.

Politoloq Şəbnəm Həsənova bildirib ki, Qərb Rusiyanı çökdürmək üçün sərt və yumşaq gücün hər üzünü sınaqdan keçirdi: “Manipulyasiya edilərək cəmiyyətlərə sırımağa çalışılan media ruporuna və canfəşanlığa rəğmən qarşımızda formalaşan yeganə və real mənzərə odur ki, Ukrayna ayaqlar altında qalıb. Qərb istəyinə nail ola bilmədiyindən nəinki başını, burnunu belə istənilən regiona salmağa hazırdır ki, Rusiyanı çökdürsün. Bu baxımdan Cənubi Qafqaz yenidən masa üzərinə gətirilir və buna gedən yolda Ermənistanın silahlandırılması sürətlə davam edir. Təbii ki, bu, rəsmi Bakı üçün ciddi çağırışdır. Bu, həm də fundamental baxımından sülhə və təhlükəsizliyə zərbə, reaktiv olaraq isə ikinci etapda güc balansının tənzimlənməsinə qarşı atılan addımdır. Çünki Fransa, Hindistanla bərabər Yunanıstanın da Ermənistanı silahlandırması Afinanın Ankaraya verdiyi reaksiyadır. İndi də Yunanıstan köhnə silahlarını Ermənistanın əli ilə utilizasiya edərək hərb sənayesini gücləndirməyə, Qərbdən daha artıq nə oldu “qoparmaq” üçün ona yaxınlaşmaq taktikasına əl atır. Yəni, tarixi düşmənçilik, konvensional rəqabət Ermənistanın əli ilə yenilənir. Azərbaycan istənilən ssenariyə hazırdır. Zənnimcə, bu dəfə fərqi biz yaradacayıq. Yəni, Ermənistan hər hansı bir yanlış addım atarsa illərlə dondurulmağa çalışan münaqişə topu uzun və tarixi müddətə bu dəfə Ermənistanın ərazisində donulu qalacaq. İstəyinə nail ola bilməyən Qərb Ermənistanın əli ilə yeni gərginliklərdən çəkinmir. Gərginlik yalnız hərbi, iqtisadi, sənaye sahələrində özünü göstərmir, kritik situasiya həm də onda yaranır ki, dəyərlərin aliliyini qorumağa çalışan şəxsiyyətlərlə, ənənəvi dəyərləri bilərəkdən deqradasiya edən “şəxslər” arasında mübarizə gedir. Qərbin baxışı da, vizyonu da, adı hər nədirsə, bəllidir. Bu sualı Nikol Paşinyana vermək lazımdır ki, Qərbin əli ilə oturmusan deyə Cənubi Qafqazı “Qərbli” edə bilməyəcəksən axı. Tutalım ki, Paşinyanın düşən reytinqi Qərbin maraqları ilə üst-üstə düşür və hesablayır ki, Azərbaycan üzərində ən kiçik qələbə belə ona reytinq gətirəcək, yenə də yanılır axı.  Paşinyan Qərblə bərabər yanılmasaydı Rusiyanı çökdürmək üçün ayrı meydançalar axtarmaz, bu qədər müddətdə istəyinizə nail olardı. Paşinyan Rusiyanın diqqətini başqa istiqamətə yönləndirmək missiyasına qulluq edərək münaqişə, müharibə riskini belə sərhədlərimizə yaxın buraxmamalıdır. Bir sözlə, Ermənistanın yeni müharibə avantürası Qərbin ssenarisidir.”

Politoloq Tural İsmayılov isə qeyd edib ki, Ermənistanın silahlandırılması çox təhlükəli tendensiyalardan xəbər verir: “Birinci tendensiya ondan ibarətdir ki, Qərb dövlətləri aktiv şəkildə Ermənistan vasitəsilə bizim coğrafiyamızda gərginlik ocaqları yaratmağa çalışırlar. Ermənistanın Fransa və Hindistan tərəfindən silahlandırılması, Yunanıstanın Rusiyadan əldə etdiyi S300-ləri Ermənistana ixrac etməsi ilə bağlı xəbərlər onu göstərir ki, işğalçı dövlət Azərbaycanla kiçik müharibə aparmaq iddiasındadır.

Ermənistanda bu gün çox ciddi iqtisadi problemlər mövcuddur. Həmçinin bilirik ki, Ermənistanda iqtidar komandası içərisində də çöküş başlayıb. Ayrı-ayrı məmurlara qarşı Paşinyan tərəfindən sərt sanksiyalar və hücumlar həyata keçirilir. Əlbəttə ki, ölkədəki idarəetmə xaosu, cəmiyyətlə siyasi qüvvələr arasındakı uçurum Ermənistanın yeni siyasi gündəm formalaşdırmasına səbəb yaradır. Daxildəki problemlərdən diqqəti yayındırmaq üçün qəsdən Ermənistan Azərbaycanla yeni bir müharibə aparmaq və fikirləri oraya yönəltmək istəyir.

Digər bir hədəf də ondan ibarətdir ki, Ermənistan onu daim dəstəkləyən qüvvələrdən maliyyə gəliri əldə etmək üçün Azərbaycanla süni gərginlik yaratmağa çalışır.

Qərbin isə Ermənistanı silahlandırmaqda bir neçə məqsədi var. Bu məqsədlərdən biri Ermənistanı silahlandırmaqla Rusiyanın bu ölkənin hərb sistemindəki üstünlüyünü aradan qaldırmaq, həmçinin onun ərazilərindən Rusiyaya qarşı istifadə etməyə çalışmaqdır.”

Şəmsiyyə Əliqızı, “İki sahil”

Chosen
6
1
ikisahil.az

2Sources