EN

Dövlət qulluğuna qəbulun test mərhələsinin nəticəsi açıqlandı

Dövlət qulluğuna qəbul olmaq üçün dekabrın 1-də keçirilən test imtahanının nəticəsi elan olunub.

Bu barədə "Unikal"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Bakı və Naxçıvan şəhərlərində kağız daşıyıcılar vasitəsilə keçirilən imtahanın nəticələri DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Məlumatda bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 3338 namizəddən 67 nəfər imtahana gəlməyib.

İmtahan nəticələrinə əsasən, BA1 altqrupu üzrə 8 nəfər, BA2 altqrupu üzrə 21 nəfər, BA3 altqrupu üzrə 52 nəfər, BA4 altqrupu üzrə 93 nəfər, BB1 altqrupu üzrə 125 nəfər, BB2 altqrupu üzrə 152 nəfər, BB3 altqrupu üzrə 229 nəfər, BB4 altqrupu üzrə 346 nəfər olmaqla, ümumilikdə 1026 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün 2024-cü il dekabrın 4-dən 17-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin “skan” edilmiş surətləri formaya əlavə edilir:

· ali təhsil haqqında sənədin surəti;

· əmək kitabçasının surəti (olduğu halda).

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 4 dekabr saat 10:00-dan 6 dekabr saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Namizədlərlə telefon vasitəsilə əlaqə saxlanılacaq. Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi 2024-cü il dekabrın 1-də inzibati icraçı vəzifələrə (B növü) aid vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul imtahanı keçirib.

Chosen
103
38
unikal.az

8Sources